Britaniya mətbuatı: Gürcüstan Rusiyaya yaxınlaşmır, amma bir az tonunu aşağı salıb

Fotonun müəllifi Getty Images

Gürcüstan Rusiyaya yaxınlaşmır, amma bir az tonunu aşağı salıb

"Economist" yazır ki, Tbilisinin cazibədar taxta balkonlarının altında şərab təklif edən meyxanələrin yazıları gürcücə və ingiliscə olduğu kimi, həm də ruscadır. Divarlarda hətta kiril əlifbası ilə yazılmış qraffitiləri də görmək olur.

2008-ci il müharibəsindən sonra Rusiya turistləri Gürcüstandan aralı durmağa çalışırdılar. Amma indi qayıdıblar və dilləri də qayıdıb.

Məqalədə deyilir ki, Gürcüstan siyasətçilərinin yeni nəsli Rusiya ilə münasibətlərdə çox praqmatikdirlər.

İki ölkə arasında diplomatik münasibətlər olmasa da, onların rəsmiləri müntəzəm görüşərək ikitərəfli danışıqlarda olurlar. Bu danışıqların mövzusu praktikdir: ticarətin, səyahətin və nəqliyyatın asanlaşdırılması barədə.

"Economist" yazır ki, bu, keçmiş prezident Mixail Saakaşvilinin vaxtındakı yanaşmadan tamamilə fərqlidir.

Deyilənlərə görə, o Putini "Liliputin" adlandırdığına görə qəzəbə gəlib. Lakin söhbət təkcə bundan getmir. Saakaşvili Amerikadan heyranlığını gizlətmir, bu avtokratlar regionunda ABŞ-dan ilhamlanırdı.

Amma bununla yanaşı, Rusiya ilə münasibətlərdə gərginlik artırdı və nəhayət qarşıdurma 2008-ci ildə 5-günlük müharibə ilə kulminasiya nöqtəsinə çatmışdı.

Gürcüstan bu müharibəni uduzub. Bu məğlubiyyətdən sonra prezident postunda qaldığı bir neçə il ərzində Saakaşvilinin özü də getdikcə daha çox avtoritar olurdu.

Elə buna görə də onun partiyası 2012-ci ilin parlament seçkisində ölkənin ən varlı adamı, özünəməxsus xasiyyəti olan Bidzina İvanişvilinin Gürcüstan Arzusu partiyasına uduzdu.

"Economist" birbaşa belə bir sual verir: İndi Gürcüstan Qərbdən kənara, Rusiyanın orbitinəmi qayıdır? Lap elə də deyil.

"Saakaşvilinin vaxtında hakim olan qarşıdurma tonu, indi daha yumşaq tonla əvəzlənib, amma məzmunun özü bir o qədər də dəyişməyib" - Saakaşvilinin hökumətində xarici işlər naziri olmuş Salome Zurabişvili deyir .

Hazırda müstəqil deputat olan Zurabişvilinin fikrincə, Gürcüstan yenə də Avropaya meyllənir və Avropa İttifaqına üzv olmağı məqsəd qoyub. Öz sərhədləri ilə bağlı məsələdə mövqeyini dəyişməyib.

Avropa İttifaqı və NATO tərəfindən dəstəklənən Tbilisi separatçı Abxaziya və Cənubi Osetiyanı özünün işğal olunmuş ərazisi saymaqda davam edir.

Avropa İttifaqının rəsmiləri də Gürcüstan hökumətinin Rusiyaya praqmatik, lakin prinsipial yanaşmasını dəstəkləyirlər.

Gürcülər ümid edirlər ki, daha yumşaq ritorika, habelə daha yaxşı nəqliyyyat və ticarət bağları sərhəd mübahisələrinin həlli üçün münasib ab-havanı yaradacaq.

Lakin Gürcüstanın barışdırıcı yanaşması Rusiya tərəfindən eyni şəkildə qarşılanmır.

Fotonun müəllifi EPA

Əksinə Abxaziya və Cənubi Osetiya daha çox Rusiya infrastrukturlarına inteqrasiya edilir. Sərhəd bağlıdır və ötən il Rusiya bu sərhədləri özbaşına olaraq bir az da Gürcüstan ərazisinə itələyib.

Bu arada Gürcüstan Avropa İttifaqına yaxınlaşmaqda davam edir. Bəzi Avropa rəsmiləri siyasi islahatları həyata keçirdiyinə və etnik azlıqlarla yaxşı münasibətlərə görə Gürcüstanı Avropa İttifaqına real namizəd hesab edirlər.

2016-cı ildə Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişi qüvvəyə minib.

Amma bəziləri narahatdırlar ki, hakim Gürcüstan Arzusu partiyası müxalifəti sıxışdırmağa başlayıb.

2012-ci ildə, Gürcüstan hakimiyyətin dinc siyasi keçidinə görə alqışlanmışdı. Amma buna baxmayaraq keçmiş hökumətin onlarca rəsmisi həbs olunub.

Bunların arasında keçmiş baş nazir Vano Merabişvili də var. O hələ də həbsxanadadır.

"Gürcüstan Arzusu hakimiyyətdə möhkəmlənib, amma hesabat verməyə elə də həvəsli deyil" - Gürcüstan Açıq Cəmiyyət Fondunun direktoru Vano Çxikvadze deyir.

Image caption Bidzina İvanişvili

"Economist" yazır ki, narahatlıq doğuran həm də cənab İvanişvilini əhatələyən qeyri-şəffaflıqdır. O 2013-cü ildə istefa versə də, hələ də ölkənin ən qüdrətli insanı sayılır.

O siyasətə qədəm qoymazdan əvvəl o qədər də tanınan fiqur deyildi. Deyilənlərə görə, öz malikanəsində kenquru, zebr və pinqvin saxlayır.

O öz doğma kəndinin sakinlərinin evlərini alaraq onlara bağışlayıb. Tbilisidə dəbdəbəli məbəd tikdirib.

Ara-sıra yoxsul yaşayan ziyalıların ciblərinə pul da basır. Bir sözlə o hələ də Tbilisinin başı üstündəki futuristik malikanəsindən görünməz tellərlə idarə edir.

Onun səxavətliyi populyarlıq və qüdrətini artırıb. Deyilənlərə görə, nazirləri hələ də o işə qoyub, işdən çıxarır.

Bəziləri deyirlər ki, cənab İvanişvili seçkili Gürcüstan Arzusu siyasilərinə geniş hərəkət imkanı verir. Əgər belədirsə, deməli ölkə yeni bir fazaya daxil ola bilər.

Bu gün Gürcüstan hökumətinin əhalini birləşdirən ideologiyası yoxdur.

Gürcüstan Rusiya ilə çətin münasibətlər şəraitində adamları Avropa İttifaqına lazım olan islahatların gərəkliyinə inandırmağa çalışır və bunu gələcəyə müəyyən baxışla edir. Bu cəhət Saakaşvilidə daha güclü idi.

"O dəli və yaradıcı bir adam idi" - deyir Zurabişvili.

"Economist" isə yazır ki, Gürcüstanın indi dəliyə ehtiyacı yoxdur, amma bir az yaradıcılığa ehtiyacı var.

Fotonun müəllifi EYEWIRE INC

Soyuqdəymə ilə qripin fərqini bilirsinizmi?

"The Independent" yazır ki, çox adam soyuqdəymə ilə qrip arasındakı fərqi bilmir. Əslində bu iki xəstəliyin simptomları arasında elə də böyük fərq yoxdur.

Əslində fərq sırf elmidir. Qripi qrip virusları, amma soyuqdəyməni 200-dək ştammı olan başqa viruslar törədir.

Bunlardan ən geniş yayılanı "rhinovirus" - yəni burun virusudur. Soyuqdəymənin əsas simptomunun burun axması olması buradan qaynaqlanır.

Amma bu xəstəliklərin qarşısının alınması və müalicəsi üçün həmin o kiçik fərqləri bilməyə ehtiyac var.

Soyuqdəymə də virus kimi tənəffüs yolları ilə yoluxur. Buna görə də ictimai nəqliyyatda, kino və teatrlarda asqıran adamlardan ehtiyatlı olmaq lazımdır.

Soyuqdəymənin virusları hər hansı səthin üzərində 24 saat sağ qala bilir.

Soyuqdəymə zamanı ən başlıca profilaktika əllərin və üzün tez-tez yuyulmasıdır. Unutmayın ki, viruslar təkcə hava ilə yox, dəsmal və başqa əşyalardan da keçir.

Soyuqdəymənin ilk vaxtlarında asqırıb-öskürərkən ağzınızı salfetlə örtməyə çalışın. İşlənmiş salfeti dərhal zibilə atın.

Amma qripdən qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.

Soyuqdəymə və qripin bir böyük fərqi də qrip simptomlarının daha sərt olmasıdır.

Soyuqdəymə adətən bir-iki günə sovuşub gedir, amma qrip bir həftə və daha çox davam edə bilər.

Soyuqdəymədən sonra burun qızartısı və azacıq öskürmə qalır. Qrip isə qızdırma da verir və bundan başqa əzələ ağrıları yaradır.

Donuz qripi kimi pis qriplərdə isə əlavə olaraq qusma və ishal kimi hallar da olur.

Amma unutmayın ki, soyuqdəymə də qrip kimi viruslarla yayılır. Odur ki, soyuqdəymə zamanı da həm özünüzü, həm də başqalarını qorumalısınız.

Bunu da yaddan çıxarmayın ki, soyuqdəymədən fərqli olaraq qripin çox dəhşətli fəsadları ola bilir.

Məsələn soyqudəymə sətəlcəmə çox nadir hallarda keçə bilər, amma qrip vaxtı bu real riskdir.