Bayıl torpaq sürüşməsi: "Mən gedim kimin evinə sığınım"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bayıl torpaq sürüşməsi: "Balalarım çıxsın, mən çıxmıram. Gedim kimin evinə sığınım!"

Bakının Bayıl yamacında, ötən noyabrdan bəri başlayan sürüşmə davam etdiyindən ərazidə yaşayan sakinlərin bəziləri müvəqqəti sığınacaqlara köçürülüb.

BBC Azərbaycancaya danışan sakinlər deyir ki, onlar bu köçürmələrdən narahatdırlar, bilmirlər ki, nə vaxt evlə təmin ediləcəklər, ümumiyyətlə, onlara ev veriləcəkmi.

Köçürülmə ilə bağlı planlar müxtəlif reaksiyalar doğurur. Sakinlərin bir qismi artıq ərazini tərk edib.

Digərləri isə evlərindən çıxmaq istəmədiyini deyir. Onlar başqa yerə köçmək üçün mülklərinə bazar qiymətlərilə ödəniş tələb edirlər.

Səbail rayon İcra Hakimiyyətindən BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirilib ki, rayon icra başçısı Eldar Əzizov sığınacaqda olan sakinlərlə görüşüb. Onlara Nazirlər Kabinetinin qərarıyla köçürdükləri müddətdə kirayə haqqının ödəniləcəyi deyilib.

Qurumdan onu da bildiriblər ki, köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, 42 nəfər isə yaradılmış müvəqqəti sığınacaqda yerləşdirilib.

Əlaqəli mövzular