Britaniya mətbuatı: Putinin qızı boşanıbmı və Trump-ın arvadı küsübmü?

Fotonun müəllifi Reuters
Image caption Rusiya mediasıKaterina Tixonovanın Putinin qızı olduğunu iddia edir.

Putinin qızı boşanıbmı?

"The Telegraph" yazır ki, 32 yaşlı biznesmen Kirill Şamalov 2013-cü ildə Vladimir Putinin qızı ilə evlənəndə onun səhmlərlə sərvəti birdən-birə 2 milyard dollar artmış və o neft-kimya nəhəngində çox sərfəli bir vəzifəyə sahiblənmişdi.

Lakin indi yayılan bəzi şayiələrə görə o, Katerina Tixonovadan ayrılıb, Sibur şirkətindəki müavin vəzifəsindən və sərvətinin yarısından məhrum olub.

Şamalovla Tixonovanın ayrılması barədə ilk dəfə xəbəri Bloomberg saytı verib.

Rusiyada çıxan "Vedomosti" qəzeti isə cənab Şamalovun yeni sevgilisi, Moskva doğumlu London kübar qadını Janna Volkova ilə birlikdə çəkdirdiyi foto olan Facebook postunu dərc edib.

2017-ci ilin dekabrında dərc olunmuş bu postdakı həmin fotonun üstündə yazı da var: "Mən səni sevirəm…"

Məsələ də burasındadır ki, Şamalovla Tixonovanın evlənməsi barədə xəbər verilmədiyi kimi, onların boşanması haqqında da heç bir məlumat verilməyib.

Putinin iki qızı - Katerina və Marina haqqında informasiya Rusiyada cidd-cəhdlə qorunan ən böyük dövlət sirlərindəndir.

Media indiyədək bir neçə dəfə peşəkar rok-n-roll rəqqasəsi Tixonovanın Putinin qızı olduğunu yazsa da, Kreml bu kimi xəbərləri heç vaxt təsdiqləməyib.

Ötən ilin aprelində Şamalov özünün Siburdakı 21, 3 faizlik payını satıb. Bu alqı-satqı barədə mətbuatda heç vaxt doğru-dürüst məlumat verilməyib. Amma Bloomberg-in adını çəkmədiyi mənbə Şamalovun bu satışdan bir qəpik də qazanmadığını bildirib.

Fotonun müəllifi SERGEI FADEICHEV/TASS
Image caption Mətbuatın yazdığına görə, Kirill Şamalov 2013-cü ildə Vladimir Putinin qızı ilə evlənəndə onun sərvəti birdən-birə 2 milyard dollar artıbmış.

Cənab Şamalov Siburda direktorun müavini vəzifəsinə 2012-ci ildə irəli çəkilmiş və şirkətin əsas sahibləri ona öz səhmlərindən 4, 3 faizlik pay vermişdilər.

2014-cü ildə artıq 32 yaşı olan Şamalov Gazprombankın verdiyi kreditlə Siburda əlavə olaraq səhmlərin 17 faizini də alıb.

Lakin Bloomberg-in mənbələri bildiriblər ki, Şamalovun bu 17 faizi ona Putin ailəsinin üzvü olduğuna görə verilmişdi.

Aydındır ki, bu ailədə üzvlük başa çatanda, ona verilən pul da geri alınıb.

Amma Şamalova yaxın olan mənbə Bloomberg-ə deyib ki, onun pul itkilərinin evliliyinə və ya Putin ailəsinə heç bir dəxli yoxdur.

Həmin mənbə izah edib ki, həmin 17 faizin alınması Kirillin yox, onun atasının təşəbbüsü olub.

Mənbə bunu da deyib ki, bu investisiya planlaşdırıldığı kimi getməyəndə, elə bir itkisi də olmayıb.

Bloomberg-in Tixonovaya və Kremlə göndərdiyi sorğular cavabısz qalıb.

"The Telegraph" yazır ki, Şamalov hətta sərvətinin yarısını itirəndən sonra da Rusiyanın ən zəngin insanlarından biri olaraq qalır.

Bloomberg-in təxminlərinə görə onun sərvəti 800 milyon dollardır. Bu, əsasən Siburdakı 3, 9 faizlik səhm payının puludur.

Amma bu rəqəm onun Gazprombankdan aldığı kreditdən götürdüyü faizləri əks etdirmir.

ABŞ: Birinci ledi prezidentdən küsüb?

"The Guardian" yazır ki, Melania Trump öz nikahı və ərinin sədaqətsizliyi barədə dolaşan söz-söhbətlə bağlı nəhayət dilə gəlib.

Birinci ledinin sözçüsü xanım Stephanie Grisham həftəsonu, onun sözləri ilə deyilsə, "Trump haqqında bir camaşırxanalıq murdar söhbətləri və saxta xəbərləri" tənqid edib.

Bundan bir qədər əvvəl ABŞ-ın BMT-dəki səfiri Nikki Haley özü ilə prezident arasında olduğu deyilən sevgi macərası barədə iddiaları rədd edib.

"TƏCİLİ, - yazıb Grisham Twitter-də, - Bu "bir camaşırxanalıq ədəbsiz çirkab bulvar mətbuatına və ciddi xəbər mediasına da süzülüb".

Bu arada porno aktrisası Stormy Daniels-in gələn həftənin çərşənbə axşamı Jimmy Kimmeil-in gecə şousunda görünəcəyi barədə anons verilib. Daniels bundan əvvəl Donald Trump-la seks münasibətlərində olduğunu bildirmişdi. Bu gecə proqramı prezidentin Amerika xalqına illik müraciəti ilə eyni vaxtda efirə veriləcək.

Həmin tvitdə Grisham əlavə edib ki, Melania Trump-ın başı ailə işlərinə və birinci ledi kimi vəzifəsinə qarışıqdır və onu "saxta xəbərlərin körüklədiyi qeyri-realist ssenarilər" maraqlandırmır.

Fotonun müəllifi Getty Images
Image caption Əri ilə bir yerdə Davos şəhərinə, Dünya İqtisadi Forumuna getməsi planlaşdırılan Melania Trump son anda planlarını dəyişib.

"The Daily Mail" ötən cümə günü xəbər vermişdi ki, Melania Trump pornoulduz Daniels barədə xəbərlər yayılandan sonra bir neçə gecəni Vaşinqton mehmanxanalarından birində keçirib.

"The Wall Street Journal" qəzeti xəbər vermişdi ki, Daniels-in Trump-la münasibətləri barədə susması üçün ona vəkil vasitəsilə 130 min dollar pul verilib. Bu pulun Daniels-ə 2016-cı ilin oktyabrında, seçkiyə lap az qalanda verildiyi bildirilir.

Bu da maraqlıdır ki, əri ilə bir yerdə İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna getməsi planlaşdırılan Melania Trump son anda planlarını dəyişib.

Onun ərini müşaiyət etməməsinin səbəbi barədə aydın izahat verilməyib. Melania bundan əvvəlki bütün səfərlərdə ərini müşayiət edib.

Trump-ın təyyarəsində soyuducunu dəyişirlər - 24 milyon dollara

Bu arada "The Independent" xəbər verir ki, prezident Donald Trump-ın rəsmi təyyarəsi Air Force One təyyarəsinə yeni soyuducu yerləşdiriləcək. Soyuducunun təzələnməsi üçün büdcədən 24 milyon dollar vəsait ayrılıb.

Boeing şirkəti aldığı sifarişə əsasən təyyarədə iki nəhəng soyuducu yerləşdirəcək. Bu soyuducular prezidentin və onun müşavirlərinin əlavə ərzaq götürmədən həftələrlə səfər etməsi üçün imkan yaradacaq.

İndiyədək bu təyyarədə olan soyuducu vahidləri artıq yarım əsr idi ki, istifadədə idi.

Air Force One Amerikanın iki VC-25 təyyarəsinə verilmiş şərti addır. Lakin bu təyyarələrin tipləri Boeing 747-dir.

Soyuducuların dəyişdirilməsi 2019-cu ilin sonunda başa çatacaq.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump-ın rəsmi təyyarəsi olan Air Force One təyyarəsinə yeni soyuducu yerləşdiriləcək.

Ağ Evin rəsmiləri CNN-ə bildiriblər ki, indiki soyuducular köhnə texnologiyalara əsaslanırdı və o qədər də etibarlı deyildi.

Prezident Barack Obamanın keçmiş baş müşavirlərindən Eric Schultz Twitter-də zarafat edib ki, "bizi təzə soyuducuya etdiyimiz belə israfçılığa görə impiçment edərdilər".

Air Force One əslində adi nəqliyyat təyyarəsi yox, 371 kvadrat metr sahəsi olan üçgöyərtəli komanda mərkəzidir. Onun gövdəsi elektromaqnit hücumlara qarşı sərtləşdirilib və içərisində etibarlı rabitə mərkəzi və tibb məntəqəsi var.

İki prezident təyyarəsi uçuşda yanacaq götürə və eyni vaxtda 100-dək sərnişini yedirib-içirdə bilir.

Belə təyyarənin bir saatlıq uçuşu büdcəyə 200 min dollara başa gəlir.

Hazırda ABŞ hərbi-hava donanması iki yeni prezident təyyarəsi sifariş edib. Bunlar Boeing 747-8 modfikasiyalı olacaq.

Pentaqon bildirir kİ, yeni daha böyük təyyarələr indiki 747-200 tipindən daha uzaq məsafəyə, daha sürətlə uça biləcək və havaya bir uçuş ərzində 16 ton daha az karbon qazı buraxacaq.

2016-ci ilin dekabrında, prezident olan kimi, Trump təyyarələrin həddən-ziyadı baha olmasından narazılığını bildirmişdi. Lakin buna baxmayaraq təyyarələrin tikintisi davam edir və onlar 2024-cü ilıədək istifadəyə verilməlidir.

Amerikanın təyyarə ilə uçan ilk prezidenti Franklin D Roosevelt olub. O 1943-cü ildə Winston Churchill-ə görüşmək üçün Boeing Model 314 Clipper tipli təyyarə ilə Kasablankaya uçmuşdu.

Bu barədə daha geniş