"Afrində mülkilər ölür" açıqlamalarının sayı artır, Türkiyə bunu "təbliğat" adlandırır

Afrin Fotonun müəllifi Getty Images

Türkiyə hərbiyyəsinin "Zeytun Budağı" adı altında Afrin əməliyyatının 10-cu günündə, əməliyyat nəticəsində ölən mülkilərin sayının artdığı iddia edilir.

Bunu BMT və UNICEF kimi qurumlar və Afrindəki xəbər qaynaqları bildirirlər.

Bu arada türk hərbiyyəsinin baş qərargahının əməkdaşı BBC Türkcəyə bildirib ki, mülki əhali arasında ölənlər barədə məlumatlar həqiqətə uyğun deyil, Türkiyə ordusu mülkilər arasında itkilərə yol verməməyə çalışır.

Həmin mənbə Afrində mülkilərin öldüyü barədə iddiaların kürd qruplarının təbliğatı olduğunu qeyd edib.

BMT və UNICEF-ın açıqlamaları

BMT Baş katibi Antonio Guterres-in sözçüsü Stephane Dujarric keçən həftə keçirdiyi mətbuat konfransında, Afrin əməliyyatı nəticəsində "bəzi mülkilərin" öldüyünü qeyd edib.

Fotonun müəllifi Getty Images

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) isə cümə günü yaydığı açıqlamasında Afrində "azı 11 uşağın öldüyünü" və bundan daha çox sayda uşağın yaralandığı barədə narahatedici xəbərlərin aldığını bildirib.

AFP agentliyinin Afrindəki bir xəstəxanadan çəkdiyi fotolarda da ölü və yaralı uşaqlar görünür.

SİHM: 51mülki ölüb

İngiltərədə mənzillənən Suriya İnsan Haqları Müşahidəsi qrupu (SİHM) bazar günü yaydığı açıqlamasında Afrin əməliyyatı başlayandan bazar günü səhərədək 51 mülkinin öldüyünü, onlardan 17-nin uşaq olduğunu qeyd edib.

Ağır yaralıların olduğuna və hərbi əməliyyatın davam etdiyinə diqqəti çəkən SİHM bu rəqəmin artacağını da proqnozlaşdırıb.

Fotonun müəllifi Getty Images

BBC-ə danışan yerli mənbələr: say artır

Afrindəki yerli mənbələrin bildirdiyinə görə, mülkilər arasında ölənlərin sayı onlarladır.

BBC-nin cümə axşamı Afrində görüşdüyü xəstəxananın müdiri cümə axşamınadək 40 mülkinin öldüyünü, 128 adamın isə yaralandığını bildirib.

BBC Türkcənin Afrində görüşdüyü yerli qəzetçilər də mülkilər arasında ölənlərin sayının çox olduğunu və onların sayının artmaqda olduğunu qeyd ediblər.

Suriyanın rəsmi xəbəragentliyi: 86 mülki ölüb

Suriyanın SANA rəsmi xəbər agentliyi bazar günü yaydığı xəbərdə, ümumilikdə 86 mülkinin öldüyünü, 198 mülkinin isə yaralandığını bildirib.

SANA, bundan başqa döyüşlərin gedişində mülkilərin yaşayış evlərinə böyük zərərin dəydiyini də qeyd edib.

Fotonun müəllifi AFP
Image caption Baş nazir müavini və hökumət sözçüsü Bekir Bozdağ da vurğulayıb ki, mülkilərə türk ordusu tərəfindən zərər vurulmasından söz gedə bilməz.

Türkiyə nə deyir?

Türkiyə rəsmiləri qeyd edir ki, Afrin əməliyyatı gedişində mülki obyektlər hədəfə alınmır və mülkilər arasında itkilərin baş verməməsi üçün səylər göstərilir.

Türkiyə hərbiyyəsinin Baş qərargahındakı bir əməkdaş BBC-ə bildirib ki, əməliyyat zamanı mülkilər arasında itkilərə yol verildiyinə dair iddialar həqiqətə uyğun deyil.

Həmin əməkdaş bu qəbildən olan iddiaları Afrindəki kürd qruplarınından qaynaqlanan "təbliğat" adlandırıb.

Baş qərargahın əməkdaşı sosial mediada dolaşan görüntü və fotoların bir çoxunun saxta olduğunu, başqa yerlərdə və başqa zamanlarda çəkildiyini qeyd edib.

Türk silahlı qüvvələri (TSK) Afrin əməliyyatı ilə bağlı bildirib ki, əməliyyatın hədəfi "yalnız terroristlər və onların sığınacaqları, mövqeləri, silahları və qurğularıdır".

TSK mülkilərə və günahsız insanlara qarşı diqqət və həssaslıqla yanaşıldığını vurğulayıb.

Baş nazirin müavini və hökumət sözçüsü Bekir Bozdağ da vurğulayıb ki, mülkilərə Türk ordusu tərəfindən zərər vurulmasından söz gedə bilməz.

"Bizim dinimiz, əxlaqımız, ordumuzun ənənəsi, qadın, uşaq, yaşlı, vətəndaş, alim və günahsızlara zərər vurmağa imkan verməz", - Bekir Bozdağ deyib.

Bu barədə daha geniş