Britaniya mətbuatı: Erdoğan Afrini yarım saata ala bilər…Bəs niyə almır?

Fotonun müəllifi Getty Images

Erdoğan Afrini yarım saata ala bilər…Bəs niyə almır?

"The Independent" qəzetinin Suriyanın şimalındakı Afrin bölgəsində olan müxbiri, tanınmış jurnalist Robert Fisk bu münaqişəni "köhnə kirli müharibə" adlandırır.

O yazır ki, əslində Türkiyənin zəlzələ gücündə hücumundan qorxmalı olan Afrində restoranlar və mağazalar açıqdır, taksilər küçələrdə müştəri gözləyir, kürd döyüşçülər isə ara-sıra gözə dəyən buraxılış məntəqələrində keşik çəkirlər.

Fisk yazır ki, bir çox xəbər agentliklərinin və başqalarının bu barədə yazmasına baxmayaraq ruslar hələ də, ən azı gündüzlər Afrinin küçərlərindədirlər.

Jurnalist qeyd edir ki, Rusiyaya məxsus zirehli maşını Afrinin küçələrində öz gözləri ilə görüb. Bu maşının üzərində ərəbcə və rusca "hərbi polis" sözlərini oxuyub və ikibaşlı qartal emblem onun nəzərindən qaçmayıb. Bir sözlə ruslar Afrindədirlər.

"Onlar gah gözə dəyir, gah da qeyb olurlar" - yazır Fisk.

"Kürdlərin xalqı qorumaq üçün elə də silah-sursatı olmayan Xalq Müdafiə Qüvvələri - YPG birləşməsinin verdiyi məlumata görə, "Rusiya əsgərləri böyük bazanı tərk etsələr də, şəhərə baş çəkməkdə davam edirlər".

Məqalədə deyilir ki, ruslar havada olduğu kimi, quruda da Türkiyə ordusunun əslində hara qədər getmək niyyətində olduğunu monitorinq edirlər.

"Türkiyə ordusu hələlik "qoyun dərisi geyinmiş canavardan çox, qoyun dərisi geyinmiş qoyunu" xatırladır" - yazır Fisk.

Kürdlər deyirlər ki, onların Afrindən şimalda yalnız bir neçə tankı gözə dəyib. Türkiyənin dəstəklədiyi "fantastik" Azad Suriya Ordusunun döyüşçüləri isə ümumiyyətlə gözə dəymirlər.

Məqalədə deyilir ki, Afrin şəhərinin özünə bir mərmi də düşməyib, burada heç bir dağıntı yoxdur. Müharənin qurbanları Afrinlə Türkiyə sərhədindəki kəndlərdə verilib.

Kürdlər "şəhidləri" Afrinin cənubundakı fəxri qəbristanlıqda dəfn edirlər.

Fisk-in yazdığına görə, hətta YPG də yaxşı bilir ki, Türkiyə prezidenti ixtiyarındakı qüvvələri doğrudan da Afrinin üstünə göndərsə, şəhəri yarımca saata ala bilər… Yəqin ki, Erdoğana qarşı çevriliş cəhdinə görə həbs olunmayıb azadlıqda qalan zabitlər kifayət qədərdir.

Fisk yazır ki, Afrinə Suriya tərəfdən gələndə Suriya hökumət qoşunlarının son postunda qırmızı-ağ-qara bayraqlar, habelə prezident Bəşər Əsədin, onun qardaşı Mahir Əsədin, Hizbullah lideri Həsən ən-Nəsrullahın, "pələng" ləqəbi ilə tanınan polkovnik Süheylin portretlərini görmək olar.

Keçid məntəqəsinin kürdlərə aid hissəsində isə mövcud olmayan Kürdüstanın bayrağı dalğalanır. Buradaca Abdullah Öcalanın böyük portreti asılıb.

Suriya kürdləri PKK ilə əlaqələrini inkar etsələr də, bildirirlər ki, Öcalanın bir çox baxışlarını qəbul edirlər.

Fisk yazır ki, Afrindəki xəstəxananın qəbul salonunda da Öcalanın portreti aslılıb.

Məqalədə deyilir ki, bu şəhərin necə maliyyələşdirildiyini bilmək olmur. Hərçənd yerli adamlar bunun vergilərin hesabına edildiyini deyirlər.

Fisk-in fikrincə, şəhərin "nəzarət" altında olduğu görünür. Buradakı kürdlər ruslarla yaxşı münasibətlərini qoruyub saxlayılar. Qollarında ağ-qırmızı-mavı nişanlar olan rus hərbçiləri şəhərə hər gün baş çəkirlər.

Onlar Türkiyəyə hücum icazəsi versələr də, Türkiyə silahlı qüvvələrinin hərəkətinə nəzarət etmək üçün burada qalıblar.

Fotonun müəllifi Getty Images

Elektron siqaretlər də xərçəng yarada bilir

"The Guardian" Britaniyada aparılmış yeni araşdırmaya əsasən yazır ki, elektron siqaretlər də xərçəngin müəyyən növlərinin və ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Bu təcrübələr zamanı e-siqaretlərin siçan və insanların toxumalarına təsiri öyrənilib.

Alimlər aşkar ediblər ki, elektron siqaretlərin çəkilməsi zamanı içəri udulan nikotin ürəyin, ağ ciyərlərin və sidik kisəsinin DNT-sini zədələyən kimyəvi maddələrə çevrilir. Bundan başqa elektron siqaretlər, habelə orqanizmin genetik təmir mexanizmlərini poza bilir.

New York Universitetinin professoru Moon-shong Tang, deyir ki, elektron siqaretlərin çəkilməsi zamanı DNT-yə dəyən zədə, passiv siqaret çəkilməsi (siqaret çəkilən mühitdə və ya siqaret çəkən adamların yanında olduqda) zamanı alınmış orqan zədələrinə bənzəyir.

Bununla belə alimlər bildirilər ki, e-siqaretlərin orqanizmə ziyanının öyrənilməsi üçün daha geniş tədqiqatlara ehtiyac var.

Tədqiqatçılar hazırda elektron siqaretlərin siçanlara təsirini araşdırırlar.

Lakin bu tədqiqatı tənqid edənlər deyirlər ki, elektron siqaretlərin insanlara ziyanı şişirdilib, üstəlik təcrübə zamanı siçanlara e-siqaretin yüksək dozası verilib.

Londondakı Queen Mary Universitetinin Tütün Asılılığı Departamentinin direktoru Peter Hajek deyir ki, elektron siqaretlərin sözü gedən ziyanı dəqiq araşdırlmayıb.

Onun fikrincə, ən azı bu təcrübələr elektron siqaretlərin xərçəngə səbəb olduğunu göstərmir.

Alim bildirir ki, elektron siqaretlər siqaretin tərgidilməsində mühüm rol oynamaqdan başqa, həm də insanların əsl siqaretə alışmasının riskini 5 faizə endirir.

"The Guardian" yazır ki, tütünlü siqaretin çəkilməsi zamanı minlərlə kimyəvi maddə yaranır və bunlardan ən azı 70-nin xərçəng xəstəlikləri ilə bağlılığı isbat edilib.

Təcrübələrə gəlincə isə onları apararkən professor Tang siçanları gündə üç saat elektron siqaretin tüstüsünə məruz qoyub.

Bu zaman elektron siqaretin buxarlığındakı nikotinin miqdarı hər millilitrə 10 milliqram idi. Bu miqdarda nikotin insanın elektron siqaret çəkdiyi zaman aldığı nikotinə bərabər idi.

Bu təcrübələrin üçüncü ayında doktor Tang siçanların ürəyində, ağ ciyərlərində və sidik kisələrində DNT-nin zədələndiyini müşahidə edib. Bu hal nəzarət qrupuna daxil sağlam siçanlarda qeydə alınmamışdı.

Sonradan təcrübələri insan toxumasında davam etdirən Tang bu qənaətə gəlib ki, belə miqdarda nikotinlə insanın toxumaları daha asanlıqla şiş toxumasına çevrilir.

Buna baxmayaraq həkimlərin böyük əksəriyyəti bu qənaətdədir ki, elektron siqaretlər adamların adi tütünlü siqareti çəkməsinin qarşısını alır və bu isə son dərəcə faydalı nəticə sayıla bilər.