ABŞ-ın "Putin siyahısı" və sanksiyalar barədə nə bilməli - 5 suala cavabda

Trump və Putin G20 zirvəsində Fotonun müəllifi Reuters
Image caption Konqres Caatsa qanununu avqust ayında təsdiqləyib. Prezident Trump onu tənqid edib.

Amerika höküməti, ABŞ-ın prezident seçkilərinə Moskvanın müdaxiləsilə bağlı Rusiyanın cəzalandırılmasını nəzərdə tutan sanksiyalar qanununa uyğun olaraq 114 rusiyalı siyasətçi və 96 oliqarxın adını əks etdirən siyahını açıqlayıb.

ABŞ bildirir ki, adları çəkilənlərə qarşı yeni sanksiyalar nəzərdə tutulmur. Hərçənd ki, siyahda olanlardan bəzilərinə qarşı sanksiyalar artıq tətbiq olunmaqdadır.

Konqres sanksiyalar barədə qanunu avqust ayında təsdiqləyib.

Kreml bildirir ki, ABŞ siyahısında adları çəkilən rusiyalıların reputasiyasına xələl gətirə bilər.

ABŞ siyahını niyə dərc edib?

ABŞ Konqresi "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" (Countering America's Adversaries Through Sanctions Act - Caatsa) haqqında qanun layihəsini avqust ayında təsdiq edib. Bu, qanun hökumətdən müvafiq siyahının hazırlanmasını tələb edir.

Caatsa Moskvanın Ukraynanın şərqindəki rolu ilə bağlı və 2016-cı ildəki prezident seçkilərinə iddia edilən müdaxiləyə görə Rusiyanın cəzalandırılmasını nəzərdə tutur.

Konqres Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrin bəhrəsini görənlərin adlarının siyahıda olmasını istəyib. Siyahıdakı fərdlər gələcəkdə sanksiyalarla hədəflənə bilər.

Siyahıda kimlərin adı var?

Fotonun müəllifi PA/EPA
Image caption Rusiyalı milyarder Roman Abramoviç (solda) və Baş nazir Dmitr Medvedev-in adları siyahıdadır

Siyahıda 210 ad var. Onlardan 114 nəfər ya hökumət rəsmisi, ya onlara yaxın şəxslər və yaxud da aparıcı sahibkarlardır.

Daha 96 nəfər biznesmendir.

Belə görünür ki, onların siyahıya düşməsinə səbəb, Kremllə yaxınlıqdan daha çox, 1 milyard dollardan artıq fərdi sərvətə sahib olmasıdır.

Onların arasında etnik azərbaycanlı milyarderlər - Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov da var.

Onlara qarşı yeni sanksiyalar tətbiq olunacaqmı?

Hazırda sanksiyalar gözlənilmir.

ABŞ rəsmiləri bildirirlər ki, bu sanksiya siyahısı deyil və sənəddə adı çəkilən şəxs və təşkilatların hər hansı zərərli fəaliyyətlə məşğul olduğu kimi dəyərləndirilməməlidir.

Bu arada güman edilir ki, yeni siyahının məxfi bölməsində korrupsiya ilə bağlı iddialar əks olunur.

Bu, Rusiya elitası üçün nə deməkdir?

Təhlil: Steve Rosenberg, BBC-nin Moskva müxbiri

Bu sanksiyalar siyahısı deyil! Kreml üçün xoş xəbər elə bununla da bitir.

Adları ABŞ Maliyyə Nazirliyi tərəfindən açıqlanan rusiyalı oliqarx və məmurlar ehtiyat edirlər ki, siyahıda olmaları onlara qarşı sanksiyaların tətbiqinə siqnal verə bilər.

Hətta siyahının açıqlamasından əvvəl Kreml bildirmişdi ki, ABŞ Maliyyə Nazirliyinin hesabatı Rusiya prezident seçkilərinə qarışmaq cəhdidir.

Siyahı "Rusiya siyasi elitası və biznes aləmində kim kimdir?" sualına bir növ cavab kimi oxunur.

Moskva istəmir ki, bu, "Sanksiyaya məruz qalanlar kimdir?" siyahısına çevrilsin.

Caatsa qanunu nədir?

Caatsa amerikalıların Rusiyadakı energetika layihələrinə yatırımlarının həcmini məhdudlaşdırır.

O, həmçinin ABŞ şirkətlərinin Rusiyada biznes fəaliyyətini çətinləşdirir.

Eynilə, qanun İran və Şimali Koreyaya qarşı sanksiyaları nəzərdə tutur.

ABŞ hökumətinə əsasən, Caatsa qanununa görə Rusiya ilə bır sıra xarici şirkətlər arasında nəzərdə tutulan çox milyardlıq sövdələşmələr artıq ləğv olunub.

Bu barədə daha geniş