İran qadınları hicaba qarşı etiraz edir - son 40 ildə ilk dəfə

Vida Movahid dekabrın 27-də başıaçıq halda Tehranın İnqilab prospektində köşkə dırmaşaraq baş örtüyünü bayraq kimi dalğalandırıb. Fotonun müəllifi Twitter
Image caption Vida Movahid dekabrın 27-də başıaçıq halda Tehranın İnqilab prospektində köşkə dırmaşaraq baş örtüyünü bayraq kimi dalğalandırıb.

İranda hicablara qarşı fərdi etiraz hərəkatı genişlənir.

Bazar ertəsi yanvarın 29-da bir neçə başıaçıq qadın Tehran küçələrində transformator köşklərinə dırmaşaraq çubuğa bağlanmış baş yaylıqlarını bayraq kimi dalğalandırıblar.

1979-cu il inqilabından bəri bu, İranda qadınların hicab əleyhinə ilk kütləvi çıxışdır.

İlk belə aksiya dekabr ayında qeydə alınıb - belə addımı 1,5 yaşlı körpə qızın 31 yaşlı anası Vida Movahid atıb.

Dekabrın 27-də qadın başıaçıq halda Tehranın İnqilab prospektində köşkə dırmaşaraq baş örtüyünü bayraq kimi dalğalandırıb.

Onun şəkilləri və bu hərəkəti əks etdirmiş video sosial şəbəkələrdə geniş yayılıb.

Hüquq müdafiəçilərinin məlumatlarına əsasən, qadın polis tərəfindən təkrar olaraq saxlanılıb və sonra buraxılıb.

Fars dilində "O haradadır" sualı olan həştəq Twitter-də 28 min dəfədən də çox istifadə olunub.

Tanınmış hüquq müdafiəçisi Nəsrin Sotudehin sözlərinə görə, qadın bazar günü yanvarın 28-də azadlığa çıxıb.

Bundan sonra, yanvarın 29-da Vida Movahidin aksiyasını daha 3 qadın təkrar edib.

"İnqilab prospektindəki qadınlar" cümləsi olan həştəq və həmin qadınların çəkilləri Twitter-in trendlərindən birinə çevrilib.

Nəsrin Sotudeh bildirib ki, Movahidin hərəkətini təkrar edən digər bir qadın polis tərəfindən saxlanılıb. Bundan sonra şəhər sakinləri Vida Movahidin dırmaşdığı köşkün üzərinə gül dəstələri düzməyə başlayıb.

İranda ictimai yerlərdə başın yaylıqla örtülməsi mütləqdir - bu qanunu pozanlara həbs cəzası kəsilir.

Bununla belə qadınlar, misal üçün, avtomobildə başıaçıq hərəkət etmək hüququ uğrunda mübarizə aparır və buna avtomobil salonunun ictimai yer olmadığını əsas gətirirlər.

Hazırda Qərbdə yaşayan iranlı jurnalist və fəal Məsih Əlinicad Facebook-da "Mənim gizli azadlığım" adlı səhifə yaradıb. Həmin səhifədə İran və digər ölkələrin qadınları başıaçıq halda çəkdirmiş şəkillərini yerləşdiriblər. Hazırda bu səhifənin bir milyondan artıq abunəçisi var.

Bu barədə daha geniş