Britaniya mətbuatı: "Rus oliqarxlar həbs olunmadan vətənə qayıtmaq üçün Putinə yalvarırlar"

Fotonun müəllifi Getty Images
Image caption Ötən həftə Britaniya rəsmiləri elan edib ki, korrupsiyada şübhəli bilinən şəxslərdən bu ölkədə keçirdikləri dəbdəbəli həyat üçün gəlir mənbələri soruşulacaq

Rus oliqarxlar həbs olunmadan vətənə qayıtmaq üçün Putinə yalvarırlar

"The Times", "The Mail" və bir sıra başqa Britaniya qəzetlərinin yazdığına görə, bu ölkədəki Rusiya milyarderləri öz vətənlərinə həbs olunmaq qorxusu olmadan qayıtmaq üçün prezident Vladimir Putinə yalvarırlar.

İnanıldığına görə, indiyədək 10-dan çox oliqarx Kremllə əlaqə saxlayaraq, vaxtilə qaçaq düşdükləri vətənə qayıtmaq imkanı barədə danışıqlar aparıb.

Bu hadisələr Britaniyada korrupsiyada şübhəli bilinən şəxslərin sərvəti üçün təhlükə yaradan qanunun qüvvəyə minməsindən sonra baş verir.

Rusiyanın biznes çarlarından Boris Titov deyib ki, qayıtmaq istəyənlərin siyahısı prezidentə verilib və bu siyahıdakıların əksəriyyəti Rusiyadan həbs olunmaları ərəfəsində qaçmağa müvəffəq olanlardır.

Üstəlik bu siyahının hələlik tam olmadığı xəbər verilir. TASS dövlət xəbər agentliyinin yazdığına görə, vətənə qayıtmaq istəyənlərin sayı artmaqdadır.

Bu da qeyd olunur ki, bəzi adamlar vətənə qaytımaq imkanı olmadan onilliklərlə xaricdə qalırlar.

Bəzi hallarda onların adları Interpolun siyahısından çıxarılsa da, onların barəsində Rusiyada açılmış cinayət işləri qüvvədə qalır.

Ötən həftə elan edilmişdi ki, korrupsiyada şübhəli bilinən Rusiya oliqarxlarından Britaniyada keçirdikləri dəbdəbəli həyat üçün gəlir mənbələri soruşulacaq.

Britaniyanın təhlükəsizlik naziri Ben Wallace "Birləşmiş Krallıqdan sərvətlərini gizlətmək üçün istifadə edən xarici kriminallara və korrupsiyalı siyasətçilərə" qarşı qanunun gücündən tam istifadə ediləcəyini bildirib.

Britaniya qanununa edilmiş əlavə "izaholunmaz sərvət" qaydası adlanır. Bu qanun dəyişikliyi şübhəli mülklərin müsadirə olunmasına imkan verir.

"The Times" qəzetinə müsahibəsində cənab Wallace əcnəbi korrupsiyaçılara müracətlə deyib: "Biz sizi müəyyən edən kimi sizdən sərvətinizin hardan gəldiyini xəbər alacağıq və ətraf mühiti sizin yaşamağınız üçün çətinləşdirəcəyik".

Bu qanun dəyişikliyi qəbul edilməzdən az əvvəl BBC-nin McMafia adlı teleserialı efirə verilmişdi. Bu filmdə söhbət Rusiya qanqsterlərinin və supervarlıların həyatından gedirdi.

Rusiyada yayılan bəzi xəbərlərə görə, Titov ötən şənbə günü Londonda 40-dək biznes adamı ilə görüş keçirib. Bu görüşdə iştirak edənlərin sözü gedən siyahıda olub-olmadıqları məlum deyil.

Lakin bunların arasında mobil rabitə maqnatı Yevgeni Çiçvarkinin olduğu məlumdur. O, Rusiyada adam oğurluğu və reketdə ittiham olunarkən ölkədən qaça bilib.

100 ən zəngin rusiyalının siyahısında yer alan Georgi Trefilov fırıldaqçılıqda ittiham olunur, lakin hazırda İngiltərənin paytaxtında yaşayır.

Trefilov iddia edir ki, ona qarşı siyasi motivli ittihamlara 2011-ci ildə xitam verilib. Bundan əvvəl onun ekstradisya edilməsi barədə Rusiyanın ricası Britaniya məhkəməsi tərəfindən rədd edilib.

O, 2013-cü ildə sərhədi saxta pasport və vətəndaşlıq vəsiqəsi ilə keçməyə cəhd göstərərkən Londonun Gatwick hava limanında həbs edilib. Bununla əlaqədar ona 18 ay şərti cəza kəsilib.

Fotonun müəllifi Getty Images
Image caption Darçın diabet xəstəliyini tam sağalda bilərmi?

Darçın diabet xəstəliyini tam sağalda bilərmi?

"Express" qəzeti yazır ki, ikinci qrup diabet insanı ömürlük tutan xəstəlikdir və qandakı şəkərin yüksəkliyi nəticəsində yaranır.

Bu xəstəliyin yaranmasına əsas səbəbi mədəaltı vəzin kifayət qədər insulin hormonu istehsal edə bilməməsi və bədənin insulinə kafi reaksiyasının olmamasıdır.

Orqanizmdə kifayət qədər insulin olmadıqca şəkər qanda qalmaqda davam edir və enerjiyə çevrilmir.

Lakin indi dietoloq, professor Josh Axe iddia edir ki, 2-ci tip diabetin öhdəsindən, sadəcə daha çox darçın yeməklə gəlmək olar.

O, diabeti xüsusi pəhrizlə sağaltdığını iddia edib.

"The Lighter Life Total Very Low-Calorie Diet" adlanan "ifrat aşağı kalorili pəhriz" professora kiloqramlarla artıq çəki itirməkdə kömək edib.

Axe günə yalnız 600 kilokalorilik qida qəbul edir.

Özünün müalicə etdiyini iddia edən Axe deyib ki, "darçın qandakı şəkərin miqdarını aşağı salmaq və bədənin insulinə həssalığını artırmaq qüdrətinə malikdir".

O bildirir ki, bunun üçün sadəcə olaraq, yeməyə və hətta çaya bir qaşıq darçın əlavə etmək kifayətdir.

Bu da qeyd edilir ki, alternativ olaraq iki damçı darçın yağını yeməyə və çaya qatmaq da eyni nəticəni verir.

Məsləhət görülür ki, üç damcı darçın yağını yarım çay qaşığı kokos yağı ilə qatıb biləklərinizə və qarnınıza sürtəsiniz.

Axe-in bu iddialarından əvvəl ABŞ-da aparılmış bir araşdırmanın nəticələrində deyilirdi ki, darçın qan plazmasındakı qlükozanı və "pis" xolesterolu azaldır.

Alim deyir ki, 2-ci tip diabeti olan hər bir kəs daha çox təmiz zülallar və qlikemik yükü (şəkəri) az olan qidalarla bu xəstəliyi geri döndərə bilər.

Axe bunu da əlavə edir ki, liflərlə, maqnezium və xromla zəngin qidalar da qandakı şəkərin miqdarını sala bilir.

Bu maddələr brokkolinin, xam pendirin, yaşıl lobyanın, avakadonun, gənəgərçək toxumlarının və qatığın tərkibində zəngindir.

Alim diabet xəstələrinə məsləhət görür ki, onlar emal edilmiş şəkərdən, alkoqollu içkilərdən və hidrogenli yağlardan imtina etsinlər.

Diabetin simptomlarına gəlincə isə, bunlar səbəbi bəlli olamayn arıqlama və əzələ kütləsinin azalmasıdır.

Diabet xəstəliyi uzun müddətdə korluq, böyrək çatışmazlığı və aşağı ətrafların amputasiyası ilə nəticələnə bilir.

Alimlər deyirlər ki, sağlam qidalanma, balanslı pəhriz və artıq çəkini atmaqla diabetin qarşısını almaq mümkündür.

Təkcə İngiltərədə 16 yaşından yuxarı 3, 8 milyon diabetli insan var.

Bu barədə daha geniş