Britaniya mətbuatı: "Türkiyə Afrin hücumunda İŞİD döyüşçülərindən istifadə edir?"

Afrin, Azad Suriya ordusu, Türkiyə Fotonun müəllifi AFP
Image caption Afrin hücumunda 10 min Azad Suriya Ordusu döyüşçüsünün iştirak etdiyi bildirilir

"The Independent" keçmiş İŞİD mənbələrinə istinadən yazır ki, Türkiyə Suriyanın şimalındakı Afrin anklavına hücumun aparılması üçün özünü İslam Dövləti adlandıran təşkilatın keçmiş döyüşçülərini səfərbər edir və onlara təlim keçirir.

"Afrində YPG-yə qarşı döyüşənlərin əksəriyyəti İŞİD üzvləridir. Türkiyə onların döyüş taktikalarını dəyişmək məqsədilə cihadçılara təlim keçir" - Fərəcadlı keçmiş İŞİD döyüşçüsü deyib.

"The Independent" qəzetinə telefonla verdiyi müsahibədə Fərəc daha sonra deyib: "Əməliyyatın əvvəlində Türkiyə camaatı çaşdırmaq üçün İŞİD-ə qarşı döyüşdüyünü deyib, amma əslində onlar İŞİD üzvlərinə təlim keçib Afrinə göndərirlər".

Afrin regionundakı əməliyyatda 6 minlik Türkiyə əsgəri qüvvəsinin və 10 min Azad Suriya Ordusu döyüşçüsünün iştirak etdiyi bildirilir.

Hücumun ön xəttində irəliləyən Azad Suriya Ordusu (ASO) əvvəllər Qərb tərəfindən dəstəklənmiş qeyri-cihadçı qruplaşmalardan təşkil olunub. İndi isə məlum olur ki, bunların əksəriyyəti son vaxtlarədək İŞİD-in sıralarında döyüşənlərdir.

"The Independent" yazır ki, Afrin hücumunda iştirak edən bəzi ASO döyüşçüləri əl-Qaedaya bağlı olduqlarını gizlətmirlər. İnternetdə yayılmış videolardan birində əyinlərində hərbi geyim olan üç cihadçının keçmiş döyüşləri barədə mahnı oxuduqları görünür. Onlar "biz Qroznıda belə döyüşdük, Dağıstanda elə vuruşduq" deyə oxuyurlar.

Mahnıda daha sonra deyilir: "Biz Tora Boranı tutduq, indi də Afrin bizi səsləyir".

İŞİD ötən il İraqdakı Mosulu və Suriyadakı Raqqanı itirərək böyük qurbanlar verib və Əbubəkr əl-Bağdadinin 2014-cü ildə elan etdiyi xilafət dağılıb. Təşkilatın bir çox təcrübəli komandir və döyüşçüləri həlak olub.

Lakin son iki ayda İŞİD-in Suirya və İraqda dirçəlməyə çalışdığı görünür.

"The Independent" yazır ki, keçmiş İŞİD döyüşçüləri ASO-ya Türkiyə hökumətinin təzyiqi ilə qoşulurlar. Bu da qeyd olunur ki, İŞİD döyüşçülərindən istifadənin Ankara üçün iki müsbət tərəfi var. Birincisi, belə sərbəst döyüşçülərin çoxluğu, ikincisi isə onların qeyri-türk olmalardır. Beləki, onların döyüş meydanında verdikləri itkilər Erdoğan hökumətinə ziyan vurmur.

32 yaşlı Fərəc deyib ki, İŞİD və Türkiyə bir-birlərindən hərə öz marağı üçün istifadə etmək istəyir.

Suriyanın şimal-qərbindəki qarışıq ərəb-kürd əhalili Hasaka əyalətindən olan Fərəc bunu da deyir ki, o YPG-ni xoşlamır, amma Türkiyəyə də inanmır.

"Türkiyə İŞİD-dən tualet kağızı kimi istifadə edir. İşlədəndən sonra atacaq" - Fərəc deyib.

Məqalədə deyilir ki, Türkiyə heç şübhəsiz İŞİD döyüşçülərindən Afrin üzərinə hücumda istifadə etməsinin beynəlxalq tənqidə səbəb olacağının fərqindədir.

Fərəc deyib ki, məhz buna görə türk komandirlər İŞİD döyüşçülərini onların intihar partlayışları kimi bir sıra ənənəvi taktikalarından çəkindirməyə çalışırlar.

"Biz bu intihar hücumlarını bir tərəfə qoymalıyıq, qoy belə şeylərdən YPG və PKK istifadə etsin ki, dünya da onların terrorçu olduğuna inansın" - bir türk təlimatçı deyib.

"The Independent" yazır ki, Türkiyənin cihadçı qruplaşmalarla münasibətləri 2011-ci ildən bəri müxtəlif olub. Türkiyə münaqişənin əvvəllərində öz sərhədləri üzərindən İŞİD-ə gedən silah-sursat və səfərbərlərə mane olmurdu.

Kürd şəhəri Kobani uğrunda gedən döyüşlər zamanı Ankara açıq bildirmişdi ki, o, qələbənin YPG-dən daha çox İŞİD-ə çatmasını istəyir.

YPG Kobanidən sonra ABŞ-ın dəstəyi ilə ərazilər ələ keçirməyə başladı. Həmin vaxtdan bəri Türkiyə qarşısına kürd dövlətinin yaranmasını əngəlləmək vəzifəsini qoydu.

İndi isə elə bir vəziyyət yaranıb ki, Türkiyə və ABŞ-ın dəstəklədiyi qüvvələr arasında birbaşa toqquşma baş verə bilər. Erdoğan ötən həftə sonu kürdlərin nəzarətində olan Mənbici ələ keçirəcəyi ilə hədələyib. O deyib ki, Mənbici alıb əsi sahiblərinə verəcək.

"The Independent" yazır ki, türklər və kürdlər arasındakı döyüşlər, habelə Türkiyə və ABŞ arasındakı gərginlik İŞİD-ə əl verir.

Elə bir vəziyyət yaranıb ki, kürdlər Suriyanın şərqində İŞİD, qərbində isə türklərlə döyüşməli olurlar.

Məqalədə qeyd edilir ki, Türkiyə Afrin hücumunda elə də güclü görünmür. Bu döyüşdə qalib gəlmək üçün Türkiyə Afrini gecə-gündüz aramsız bombalamalıdır, buna isə Rusiyanın icazəsi olmalıdır.

Qəzet yazır ki, böyük bir ehtimalla ruslar türklərə belə bir icazəni verməyəcklər.

Fotonun müəllifi AFP
Image caption Sorosun fondu Brexit əlehinə kampaniyaya 400 min funt sterlinq ianə verib

Soros Britaniyanın Avropa İttifaqından çıxmaması üçün 400 min funt sterlinq qoyub

Britaniya mətbuatından "The Guardian" yazır ki, Britaniyanın Avropa İttifaqından ayrılmasının - yəni Brexit-in qarşısının alınmasına çalışan kampaniyaya Soros Fondundan 400 min funt sterlinq vəsait verilib.

Açıq Cəmiyyət Fondunun yaradıcısı Sorosun adı Britaniyada bir qayda olaraq həyəcanla çəkilir. O, bir vaxtlar 1 milyard funt sterlinqlik mərcə girərək Britaniya milli valyutasının Avropanın birja mexanizmindən çıxarılmasına səbəb olmuşdu. Həmin gün Britaniyanın ən yeni tarixinə "Qara çərşənbə" kimi daxil olub.

Birləşmiş Krallığın Avropa İttifaqında qalmasına çalışan "Best for Britain" adlı kampaniya 2017-ci ilin iyun seçkisindən bəri ACF-dən milyonlarla dollar dəstək alıb.

Bu kampaniyaya Britaniya hökumətinin keçmiş nazirlərindən lord Malloch-Brown başçılıq edir. O, hazırda BMT baş katibinin müavinlərindəndir.

Kampaniyanın həmtəsisçisi rolunda Gina Miller adlı qadın çıxış edir. O, Britaniya hökumətini Avropa İttifaqından çıxışa start verən 50-ci maddəni parlamentin icazəsi olmadan işə saldığına görə məhkəməyə vermişdi.

Malloch-Brown deyib ki, qrup maliyyə ianəsinin qəbulu üçün bütün mövcud qayda və direktivlərə riayət edib.

"Biz də milyonlarla insan kimi inanırıq ki, Britaniya Avropa İttifaqından çıxmaq əvəzinə ona liderlik etməlidir, - lord deyib, - Biz bu məqsədlə kampaniyaçılar, siyasətçilər və icmalarla əməkdaşlıq edirik".

Lord Malloch-Brown təsdiqləyib ki, George Soros fondu da bir sıra başqa böyük donorlar kimi bu kampaniyaya maliyyə dəstəyi verib. O bildirib ki, ACF kampaniyaya 400 min funt sterlinq ianə verib.

"Amma bizim daha kiçik donorlarımız birlikdə bundan daha çox töhfə veriblər. Odur ki, Sorosun bu kampaniyaya töhfəsi əhəmiyyətlidir, lakin o, bizi dəstəkləyən donorlardan yalnız biridir" - millət vəkili bildirib.

Lord Malloch-Brown deyib ki, ölkənin Avropa ailəsində qalmağını istəyən rəğbətli ictimaiyyət nümayəndələri bu hərəkata üst-üstə 413 min funt sterlinq qoyublar.

Malloch-Brown bunu da qeyd edib ki, bir çox insanlar Britaniyanın, Avropa İttifaqından çıxmaq qərarı ilə çox təhlükəli yol tutduğuna inanırlar.

"Bu, bizim demokratik və vətənpərvər gələcəyimizin xilası naminə aparılan mübarizədir. Biz inanaırıq ki, ölkəmizin demokratik çoxluğunun sözünü deyirik" - lord söyləyib.

O, habelə təəssüflə qeyd edib ki, Brexit danışıqları bir ovuc sərt xətt-hərəkət tərəfdarlarına həvalə edilib.

Best for Britain kampaniyasının icraçı direktoru Britaniya dövlət statistika idarəsinin direktorlarından Eloise Todd-dur. Bundan başqa bu kampaniyaya keçmiş nazir Andrew Adonis və liberal-demokrat partiyasının lideri Tim Farron da dəstək verirlər.

"The Guardian" yazır ki, bu kampaniya gündəlik iş saatları ərzində çalışır və 10-dək işçisi var.

Buradakı təlim proqramını vaxtilə prezident Barack Obamanın təşkilatçısı olmuş Mike Moffo aparır.

Bu barədə daha geniş