Erkən doğulan uşaqlar: Valideynlərin müalicədə iştirakı önəmlidir

Ana vaxtından əvvəl doğulan körpəsinə süd verir Fotonun müəllifi Getty Images

İntensiv müalicə bölməsində vaxtından əvvəl doğulmuş körpələrə valideynlərin qayğı göstərməsi həm uşaq, həm də valideynlərə faydalı ola bilər, yeni araşdırma bu nəticəyə gəlib.

Avstraliya, Yeni Zelandiya və Kanada alimlərinin iştirakı ilə keçirilən tədqiqat göstərir ki, ana südü və valideyn qayğısı alan körpələr, yalnız həkimlərin nəzarətində olan uşaqlardan daha tez çəki yığır.

Beynəlxalq tədqiqat erkən doğulan uşaqların yerləşdirildiyi 26 intensiv terapiya bölməsində aparılıb.


Həmçinin oxuyun:


Onun nəticələrinə əsasən uşaqlarına baxan valideynlərdə stress və narahatçılıq səviyyəsi daha aşağı olub.

Valideynlər klinikadakı körpələrə dair müalicə prosesində yaxından iştirak ediblər.

Onlar həftənin iki günü istisna olmaqla 5 gün ərzində, hər gün altı saatadək uşaqlarının yanında qalıblar.


Valideynləri iştirak etdiyi klinika proseduraları:

  • Çimizdirmə
  • Yedizdirmə
  • Bezlərin dəyişdirilməsi
  • Geyindirmə
  • Dərman vermə
  • Temperaturu ölçmə

21 gün ərzində davam edən klinik sınaqlar vaxtı erkən doğulan körpələr iki qrupa ayrılmışdı.

Birinci qrupda olan uşaqlara valideynlər qayğı göstərib. İkinci qrup isə yalnız tibbi personalın qayğısını görən körpələrdən ibarət olub.

İlkin nəticələrə görə, birinci qrupdakı uşaqlar daha sürətlə çəki yığmağa başlayıb. Onların valideynlərində də digər qrupa nisbətdə stress səviyyəsi daha aşağı olub.

Tədqiqat müəlliflərindən biri, kanadalı doktor Karel O'Brien deyir ki, araşdırma valideynlərin müalicə prosesində daha yaxından iştirak etməsinin müsbət təsirini təsdiq edib və bu təcrübənin nəticələri daha geniş tətbiq olunmalıdır.

Hərçənd ki, Londonda mənzillənən Westminster Hospitalından doktor Chris Gale araşdırmanın böyük əhəmiyyətə malik olduğunu vurğulasa da, nəticələrin təhlilində qərəzçiliyi istisna etmək üçün daha ehtiyatlı yanaşmaya ehtiyac olduğunu deyir.

Bu arada valideynlərin çoxu araşdırmaya müsbət rəylər verir.

Onlardan biri Kanadadakı Mount Sinai Hospitalında erkən doğulmuş uşağına qayğı göstərən 23 yaşlı Amy-dir.

Onun sözlərinə görə tibbi komanda valideynlərin rəylərinə diqqət yetirib və bu xəstəliyin müalicəsinə öz təsirini göstərib.

Britaniyalı uşaq həkimi doktor Liz McKechnie ölkə boyu getdikcə daha çox tətbiq edilən təcrübənin iqtisadi tərəfinə də toxunur.

"Uşaq xəstəxanadan çıxandan sonra, onu həkimlərə daha az aparırlar. Ehtimal olunur ki, xəstəxanada olarkən körpələrilə daha çox vaxt keçirən valideynlər onların problemlərini daha yaxşı başa düşürlər."

Bu barədə daha geniş