Britaniya mətbuatı: Bir rus Amerika kəşfiyyatçılarına necə kələk gəlib?

Fotonun müəllifi Getty Images
Image caption Kimliyi açıqlanmayan casus Amerikanın Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlanmış sənədlərin onda olduğunu iddia edirdi.

Bir rus Amerika kəşfiyyatçılarına necə atıb?

"The Times" qəzetinin yazdığına görə ABŞ kəşfiyyat rəsmiləri onlardan oğurlanmış kibersilahları geri almaq məqsədilə bir Rusiya əməliyyatçısına 100 min dollar ödəyiblər.

Bu Rusiya kəşfiyyatçısı sözü gedən kiberalətlərin onda olduğunu iddia etmiş və hətta bildirmişdi ki, onda prezident Donald Trump-a aid kompromat da var.

"The New York Times" ötən cümə yazıb ki, həmin rus pulu aldıqdan sonra amerikalılara nə oğurlanmış materialları, nə də Trump barədə vəd etdiyi kompromatları verib.

Qəzet xəbər verir ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi kimliyi açıqlanmayan casusla ötən ilin əvvəllərində gizli təmaslarda olub. Bu casus Amerikanın Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlanmış sənədlərin onda olduğunu iddia edirdi.

Bu adam bunu da demişdi ki, onda Trump-ın 2013-cü ildə Moskvada "ucuz fahişələrlə" əlaqələrini göstərən fotolar da var.

Qəzetə danışan bir neçə ABŞ kəşfiyyat rəsmisi deyib ki, onları Trump barəsində çirkab yox, oğurlanmış MTA hakerlik kiberalətlərinin geri alınması maraqlandırırdı.

Bu alətlər Rusiya, Çin və ABŞ-ın başqa düşmənlərinin kompüter şəbəkələrinə giriş verirdi.

Materiallar MTA-dan 2017-ci ildə özünü Shadow Brokers (Kölgəsındıranlar) adlandıran haker qrupu tərəfindən oğurlanmışdı.

"The Times" qəzeti yazır ki, amerikalılar əslində Rusiya kəşfiyyatı və kiberkriminalları ilə bağlı olan bu rusa o qədər də etibar etmirdilər, amma hər halda onunla sövdələşməyə girməyi qərara almışdılar.

Bu adam əvvəlcə amerikalılardan informasiya müqavbilində 10 milyon dollar istəmişdi, lakin sonra qiyməti 1 milyon dollara salmışdı.

Bir neçə ay davam edən danışıqlardan sonra ötən sentyabrda ABŞ kəşfiyyatçıları sözü gedən şəxslə Berlində görüşərək ona 100 min dollar beh vermişdilər.

Bunun müqabilində rusiyalı onlara vəd etdiyi materialları qaytarmaq əvəzinə sadəcə 15 saniyə çəkən bir videoklip verib. Bu videoda bir amerikalı bizmesmen otel otağında iki qadınla söhbət edir. Bu videonun səsi yox idi və görünən şəxsin Trump olub-olmadığı bəlli deyildi.

Sövdələşmənin pozulmamasına çalışan rus demişdi ki, onda Trump-ın yoldaşlarına aid kompromatlar da var. Bundan sonra oktyabr və dekabr aylarında həmin şəxs amerikalılara müəyyən sənədlər çatdırmışdı. Lakin "The Times" yazır ki, bunlar əsasən indiyədək açıq olan məlumatlardan başqa bir şey deyildi.

Rus kəşfiyyatçı bunu da bildirmişdi ki, o MTA-dan oğurlanmış materialları "Rusiya kəşfiyyatının vəzifəli şəxslərinin" göstərişi ilə özündə saxlayır.

"The Times" yazır ki, bundan sonra sözü gedən şəxsin Rusiya hökumətinin agenti olmasından və Amerika hökuməti arasına ixtilaf salmaq üçün bilərəkdən saxta materaillar verməsindən şübhələnən Amerika rəsmiləri onunla olan bütün əlaqələri kəsiblər.

"The Times" yazır ki, bu ilin əvvəllərində ona oğurlanmış kiberalətlərin qaytarılması üçün daha bir şans verilib. O bu dəfə də vədinə xilaf çıxıb.

Bundan sonra həmin rusa ya Qərbi Avropadan itmək, ya da cinayət məsuliyyəti ilə qarşılaşmaq təklifi edilib. Rus çıxıb getməyi qərara alıb, "The Times" yazır.

Trump-ın hərəkətləri prezidentlikdən istefa vermiş Nixon-un hərəkətlərinə çox bənzəyir

Fotonun müəllifi EPA
Image caption Trump may ayında FTB-nin direktoru James Comey-ni vəzifəsindən uzaqlaşdırmışdı.

"The Independent" yazır ki, 45 il əvvəl ovaxtkı prezident Richard Nixon-un ovaxtkı xüsusi prokurorla qarşıdurması indiki prezident Donald Trump-ın xüsusi prokuror Robert Mueller-lə qarşıdurmasına "dəhşətli şəkildə oxşayır".

Bunu 45 il əvvəl öz yazıları ilə Watergate qalmaqalına başlanğıc vermiş veteran Amerika jurnalistləri deyiblər.

Bob Woodward və Carl Bernstein-in az qala 50 il bundan əvvəl "Washington Post" qəzetində dərc etdikləri yazılar prezident Nixon-un istefa verməsi ilə nəticələnib.

Onlar bildiriblər ki, Nixon-un ovaxtkı xüsusi prokuroru işdən qovmaq qərarı onun özünə çox baha oturub. 1973-cü ildə xüsusi prokuror Archibald Cox-un vəzifəsindən kənarlaşdırılması Amerikanın ən yeni tarixində "Şənbə Gecəsi Qətliamnı" kimi tanınır.

Jurnalistlər deyiblər ki, indi Trump-ın xüsusi prokuror Robert Mueller-i işdən qovacağı ilıə hədələməsinə dair xəbərlər, eynilə yarım əsr əvvəl baş vermiş hadisələri yada salıb.

Sözü gedən iki jurnalist bu barədə belə yazıblar: "Yenə də həmin vəziyyətdir. Qüdrətli və qətiyyətli prezident Ədliyyə Nazirliyində işləyən müstəqil prokurora qarşı hücuma başlayıb".

Jurnalistlər deyiblər ki, onlar Nixon-un xüsusi prokuroru işdən qovması barədə reportajın müəllifləri olublar və indi sanki həmin vəziyyət təkrarlanır.

"Nixon o vaxt bilmirdi ki, Şənbə Günü Qətliyamı onun prezidentliyində həyati rol oynayacaq. Ona qarşı ədalətin qarşısını alma ittihamı məhz buna görə irəli sürülmüşdü. Nixon üçün onun atdığı addım buna görə də ölümcül olmuşdu" - yazır jurnalistlər "Son günlər" adlı kitabda.

Ötən yayda cənab Trump-ın, onun yaxın çevrəsinin Rusiya ilə əlaqələrini, habelə Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşsdıran xüsusi prokuror Muelleri-i vəzifəsindən qovmağı planlaşdırdığı barədə geniş xəbərlər yayılırdı.

Trump bundan əvvəl, may ayında FTB-nin direktoru James Comey-ni vəzifəsindən uzaqlaşdırmışdı.

Ağ Ev bu xəbərləri dönə-dönə inkar edib. Lakin ötən ay "New York Times" qəzeti Trump-ın belə bir qərar vermək niyyətinin olduğunu təsdiq edib. Xəbər verilir ki, Trump öz fikrini yalnız Ağ Evin müşaviri Donald McGahn-nın ciddi təkidi ilə dəyişdirib. McGahn əks halda istefa verəcəyi ilə hədələmişdi.

O vaxt Nixon-nun cənab Cox-dan yaxa qurtarmaqda israr etməsi baş prokuror Elliot Richardson-un və onun müavini William Ruckelshaus-un istefasına səbəb olmuşdu. Onlar Nixon-un xüsusi prokuroru qovmaq əmrinin icrasından boyun qaçıraraq istefa vermişdilər.

Sonunda Ədliyyə Nazirliyində üçüncü vəzifəli şəxs olan baş müstəntiq Robert Bork Nixon-un əmrini icra etmişdi.

Oktyabrın 20-də saat 20.22-də Ağ Evin mətbuat katibi Ron Ziegler Watergate üzrə xüsusi prokuror qüvvəsinin buraxılmasını elan etmişdi.

Lakin bunun ardınca Nixon daha bir dəhşətli səhv buraxmışdı. O xüsusi prokuror Cox-un yerinə başqa bir adamı təyin etmiş və ixtiyarındakı audiomaterialların ilk dəstini ona təqdim etmişdi.

Bu materialların içərisində bir fayl Nixon-a qarşı ittiham irəli sürülməsi üçün kafi olmuşdu.

"Amma Trump-Mueller əhvalatının tarixçəsi hələ yazılacaq" - bildirirlər Bob Woodward və Carl Bernstein.

Bu barədə daha geniş