Facebook əhalisi qocalır, gözəl olmayan qadınlar daha sədaqətsiz olur…

Facebook Fotonun müəllifi Getty Images
Image caption The Guardian" yazır ki, Facebook qocalar üçündür.

"The Guardian" yazır ki, bu tam rəsmi xəbərdir: Facebook qocalar üçündür. Bu barədə hazırlanmış hesabatda deyilir ki, yeniyetmələr və gənclər Mark Zuckerberg-in sosial şəbəkəsini tərk edirlər, amma platformanın populyarlığı yaşı 55-dən çox olanlar arasında durmadan artır.

2018-ci ilin məlumatına görə, bu il Britaniyada Facebook-un 12-17 yaşları arasında olan istifadəçilərinin yalnız 2,2 milyonu platformadan müntəzəm istifadə edəcək. 18-24 yaşlılar üçün bu rəqəm 4, 5 milyondur. Bu, 2017-ci illə müqayisədə 700 min nəfər azdır. eMarketer saytının hesabatına görə, daha gənc istifadəçilər Facebook-u tərk edərək Snapchat-a keçirlər.

Məqalədə deyilir ki, yaşı 55-dən çox olan istifadəçilərin sıçrayışla artması bu il Facebook-un ikinci ən böyük "demoqrafik hadisəsi" olacaq.

Hesabatda qeyd olunur ki, Facebook bu vaxtadək gənc istifadəçiləri özünün Instagram kimi xidmətlərinin vasitəsilə saxlamağa çalışırdı. Şirkət Instagram-ı 2012-ci ildə 1 milyard dollara almışdı. Amma buna baxmayaraq, Facebook-un gənc istifadəçiləri getdikcə daha çox Snapchat-a qaçaq düşürlər.

"Facebook-un yeniyetmə problemi var, - eMarketer-in britaniyalı təhlilçisi Bill Fisher deyir, - Bu son proqnoz göstərir ki, burada məsələ, sadəcə nəzəriyyədən daha böyükdür. İndi gənc sosial media istifadəçilərinin Snapchat-a axışmasının ilk əlamətləri görünür".

Fisher deyir ki, son üç ildə Snapchat Britaniyanın sosial şəbəkə və aplikasiya istifadəçilərinin "ələ keçirilməsi reytinqini" iki dəfə artıraraq 43 faizə çatdırıb.

Hesabat bunu da vurğulayır ki, Facebook ömrünün 14-cü ilində xeyli "qocalıb". Daha dəqiq deyilərsə, Facebook-un əhalisi yaşlaşıb.

Bu il yaşı 55-i keçənlərin 500 min nəfərinin Facebook-a qoşulacağı gözlənir. 2018-ci ildə Britaniyada 55-65 yaş arasında olan Facebook istifadəçilərinin sayı 6,4 milyona çatacaq.

Ampere firmasının təhlilçisi Richard Broughton deyir ki, bu proseslərə bir neçə faktor səbəb olub. Onlardan biri də yaşlı adamların bu platforma vasitəsilə övlad və nəvələrinin sosial həyatına bağlı qalmaq istəyidir.

Zuckerberg bəyan edib ki, o özünün bu ilini "Facebook-da keçən vaxtın yaxşı keçməsinin təmin olunmasına" həsr edəcək.

Yanvar ayında Facebook ötən ilin son rübü üçün 4,3 milyard dollar gəlir götürdyünü bəyan edib. Bu inişillə müqayisədə 61 faiz artım deməkdir.

Zuckerberg deyib ki, 2017-ci il şirkətin həyatında ən ağır il olub. 2017-ci ildə Facebook-u saxta xəbərlərin yayılmasında və Rusiyanın ABŞ seçkisinə müdaxiləsi üçün platformaya çevrilməkdə ittiham ediblər.

Amma ümumilikdə, Facebook Britaniyda ən böyük sosial şəbəkə olaraq qalır. Bu il Birləşmiş Krallıqda Facebook istifadəçilərinin sayı 32, 6 milyona çatıb. Instagram istifadəçilərinin sayı 15, 7 milyon nəfərdən 18, 4 milyona yüksəlib. Proqnozlara görə Snapchat-in istifadəçilərinin sayı 14, 8 milyon nəfərdən 16, 2 milyona qalxacaq. Tvitter istifadəçilərinin sayı isə 12, 4 milyondan 12, 6 milyona yüksələcək.

"The Guardian" Böyük Britaniyada 2017 və 2018-ci illər arasında Facebook istifadəçilərinin yaş dinamikasını da ayrıca verib.

12-17 yaş arasında olanlar - 2, 2 milyon nəfər (300 min azalma)

18-24 yaş arasında olanlar - 4.5 milyon nəfər (400 min azalma)

25-34 yaş - 7.2 milyon nəfər (Dəyişiklik yoxdur)

35-44 yaş - 5.9 milyon nəfər (Dəyişiklik yoxdur)

45-54 yaş - 5.6 milyon nəfər (100 min artım)

55-64 3.5 milyon nəfər (200 min artım)

65 və daha yaşlı olanlar - 2.9 milyon, (300 min artım)

Fotonun müəllifi Getty Images
Image caption Araşdırmalara görə, daha az seksual təcrübəli və daha az cazibədar qadınlar ərə getdikdən sonra nikahdankənar əlaqələrə daha çox meyl göstərirlər.

Sədaqətsizliyi daha çox gözəl olmayan qadınlar edirlər?

"The Telegraph" yazır ki, kişilər arasında geniş yayılmış inama görə, adətən gözəl qadınları əldə saxlamaq çətin olur. Lakin yeni elmi araşdırma gözəl olmayan qadınların ər və sevgililərinə daha çox başağrısı və gözyaşı gətirdiklərini göstərib.

Amerika alimləri 200 evli cütü 3 il yarım müşahidə etdikdən sonra bu qərara gəliblər ki, özlərini cazibədar bilən qadınlar sədaqətsizliyə daha az meylli olurlar.

Araşdırma bunu da göstərib ki, evliliyə qədər gəzəyən və ayağısürüşkən qadınlar evlilik həyatında daha az "gözütox" davranırlar.

Bunun tamamilə əksi olaraq, daha az seksual təcrübəli və daha az cazibədar qadınlar ərə getdikdən sonra nikahdankənar əlaqələrə daha çox meyl göstərirlər.

Florida Dövlət Universitetinin alimləri bu nətcilərə gələ bilmək üçün 233 yenicə evlənmiş ər-arvadın həyatını - münasibətlərini, evlilikdən məmnunluğunu, uzunmüddətli bağlılığını, həyat yoldaşlarına xəyanət edib-etmədiklərini xırda detallarına qədər sənədləşdiriblər.

Araşdırmanın əsas müəllifi Jim McNulty Journal of Personality and Social Psychology elmi jurnalında yazır: "Sədaqətsizliyin proqnozu üçün ən nəzərəçarpacaq faktor cütlüyə daxil olan şəxsin özünün və partnyorunun cazibədarlığına verdiyi qiymətdir".

Alim deyir ki, cazibədarlığın sədaqətsizliklə əlaqəsi xüsusilə də qadınlarda özünü büruzə verir.

"Kişilər, adətən, həyat yoldaşları daha az cazibədar olanda xəyanətə varırlar. Bu onu göstərir ki, zahiri gözəllik kişilər üçün daha böyük əhəmiyyət kəsb edir" -alim deyib.

Ən maraqlı tapıntı isə bundan ibarət olub ki, özlərinin seks həyatından məmnun insanlar sədaqətsizliyə daha çox meyl göstəriblər.

Alimlərin fikrincə, bu onunla əlaqədar ola bilər ki, belə adamlarda ümumən seksə münasibətdə pozitiv yanaşma üstünlük təşkil edir. Daha doğrusu "seksin yaxşı bir şey" olduğunu dərk edənlər onu hər yerdə axtarmağa başlayırlar.

Araşdırmadan bu da məlum olub ki, diqqətini cazibədar, amma yad adamdan tez çəkə bilən insanlar daha sədaqətli ola bilirlər.

Bu da dəqiq hesablanıb ki, gözlərini çox cazibədar insanların fotosundan bir neçə yüz millisaniyə tez çəkən insanlarda ailə xəyanəti ehtimalı 50 faiz az olur.

Doktor McNulty deyir ki, insanlar çox vaxt bunları özləri də başa düşmədən edirlər…

"Bu proseslərin çoxu qeyri-ixtiyari və qaydasızdır. Ola bilsin ki, bütün bunlar insanların biologiyası və ya uşaqlıq təcrübələri ilə bağlıdır" -professor deyir.

Alim qeyd edir ki, daha çox altenativ partnyorlara çıxış verən, nəfsə meydan açan sosial medianın inkişafı sözü gedən prosesləri daha da mürəkkəbləşdirib.

Bu barədə daha geniş