Türkiyənin müxalifət düşərgəsində yeni nə var?

Türkiyə Fotonun müəllifi Getty Images

Türkiyə 2019-cu ildə yerli, parlament və prezident seçkilərinə hazırlaşır. Amma seçkilərin erkən keçiriləcəyi ehtimalının yüksək olmasından xəbər verən bir çox əlamət də mövcuddur.

Prezident Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenilənmə prosesindən keçir. Belə ki, Milli Hərəkat Partiyası ilə (MHP) güclü əməkdaşlıq qurur və kiçik və mühafizəkar partiyaların dəstəyini istəyir.

Müxalif siyasətçilər və müstəqil mediaya qarşı təzyiq günbəgün artdığı kimi hökumətyönlü media da AKP-ni tənqid edənlərə qarşı daha aqressiv münasibət göstərir.

Suriyadakı hərbi kampaniya güclü şəkildə, siyasi məsələ kimi istifadə olunur. Seçki ilindən qabaq iqtisadiyyatın sürətlə aşağı düşməsi isə erkən seçkilər üçün qərarverici amil ola bilər.

Firdevs Robinsondan digər yazılar:

Hakim AKP-nin sözçüsü Mahir Ünal iddia edir ki, seçkilərin önə çəkilməsi kimi bir niyyət yoxdur. Bununla belə, hər üç müxalif partiya seçkilərin 2018-ci ildə keçiriləcəyini deyir.

Fotonun müəllifi Getty Images
Image caption İYİ partiyasının lideri Meral Akşener

Ən yeni müxalif partiya olan İYİ partiyasının lideri Meral Akşener daha da irəli gedərək seçkilərin mümkün tarixini təxmin edir. Xanım Akşener inanır ki, seçkilər 2015-ci ildə baş tutan uğursuz çevriliş cəhdinin ildönümü günü, yəni 2018-ci il iyulun 15-də keçiriləcək.

Sual yaranır: müxalifət hökumətin seçkiləri irəli çəkəcəyinə bu qədər arxayındırsa, buna hazırlaşmaq üçün nə edir?

Fevralın 3-ü ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) 36-cı qurultayı baş tutub və Kemal Kılıçdaroğlu yenidən lider seçilib.

Əsası ölkənin qurucusu Atatürk tərəfindən qoyulan bu ən böyük müxalif partiya, uzun onilliklər ərzində Türkiyənin əsas siyasi gücü olub. Lakin 1977-ci ildən bəri seçkilərdə tam qələbə qazana bilməyib.

2015-ci ilin noyabrında keçirilən ümumi seçkilərdə CHP səslərin 25 faizini toplayaraq cənab Erdoğanın AKP-sindən sonra, ikinci yeri tutub.

Mərkəz solçu sosial demokratik partiya CHP, adətən sekulyar, əsasən şəhər və sahil regionların seçicilərindən səs alır.

Partiya, daxili parçalanma və fraksiyaçılığa meyllidir. Onun lideri cənab Kılıçdaroğlu isə tez-tez kifayət qədər xarizmatik olmadığına görə tənqidlərə məruz qalır. Onlar Türkiyənin fundamental problemlərinin həllində güclü və populyar alternativ siyasətlər inkişaf etdirə bilməyiblər.

Fotonun müəllifi Getty Images
Image caption CHP lideri Kemal Kılıçdaroğlu

Sonuncu qurultayın ardınca Kemal Kılıçdaroğlu partiyanın əsas icraedici orqanında dəyişiklər edərək yeni adları önə çəkib.

O, rəqib partiya fraksiyasından keçmiş jurnalist Tuncay Özkanı media və kommunikasiya işləri üzrə müavin elan edib. Keçmiş diplomat Öztürk Yılmazı isə yenidən CHP-nin xarici münasibətlər başçısı təyin edib.

Cənab Yılmazın adı bir az mübahisəlidir. O, Mosulda Türkiyə səfirinin katibi olarkən 2014-cü ilin iyununda İŞİD tərəfindən girov götürülüb və 101 gün saxlanılıb. O, hakimiyyəti tənqid etsə də, İraqda baş verənlərin üstünü açmaqdan imtina edir.

Başqa bir diplomat Ünal Çeviköz, ictimai diplomatiya üzrə katib təyin olunub. Cənab Çeviköz Bakı və Londonda Türkiyə səfiri kimi çalışıb və digər yüksək rütbəli postlarda da fəaliyyət göstərib. O, CHP üçün mühüm yenilik hesab olunur.

Yeni komandası ilə cənab Kılıçdaroğlu hakimiyyətə alternativ sayıla bilərmi? Bunu demək hələ çox tezdir.

CHP-dən bir həftə sonra, Türkiyənin ikinci ən böyük müxalif partiyası olan Xalq Demokratik Partiyası (HDP) növbədənkənar konqresində bir ildən çoxdur ki, həbsdə olan lideri Selahattin Demirtaşı əvəzləyib.

Kürdyönümlü partiya, Pervin Buldan və Sezai Temellini iki həmsədr kimi seçib.

Siyasətçi əri 1994-cü ildə qətlə yetirilən Pervin Buldan, partiyanın məşhur üzvüdür. HDP liderinin katibi kimi xidmət göstərmiş cənab Temelli isə daha az tanınır. Onların heç birində həbsdə olan keçmiş lider Selahattin Demirtaşın xarizması yoxdur.

Fotonun müəllifi BUGUN.COM.TR
Image caption HDP-nin yeni seçilmiş liderlərində hazırda həbsdə olan keçmiş lider Selahattin Demirtaşın xarizması yoxdur.

HDP-nin konqresindən əvvəl və konqres əsnasında polis 500 nəfəri saxlayıb. Yığıncaqdan az əvvəl isə 17 nəfər barəsində həbs qərarı verilib. Onlardan biri də partiyanın həmliderlərindən biridir. O, Suriyadakı hərbi hücumlara qarşı etirazlarına görə həbs olunub.

Müxalifət üzvlərinin həbsi ilə bağlı Türkiyə, müttəfiqləri və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qınanılıb.

Keçən həftə Avropa Parlamenti Türkiyəni ölkədəki fövqəladə vəziyyət statusunu qaldırmağa səsləyib və siyasi fəallar, insan haqları müdafiəçiləri, jurnalistlər və elm adamlarının həbslərini pisləyib.

Fevralın 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert, Türkiyə hökumətini müxalif siyasətçilərə qarşı davam edən təqiblərə son qoymağa səsləyib.

Türkiyə xaricdən kəskin tənqidlə üzləşsə də, görünür ki, evdə hakimiyyətin siyasəti son dərəcə dəstəklənir.

İstanbulun Kadir Has Univeristeti tərəfindən bu ayın əvvəli dərc olunan sosial və siyasi trendlərlə bağlı bir araşdırmaya əsasən, terrorizm Türkiyənin ən böyük problemi kimi görülür. Hakimiyyətin Suriya siyasəti və qarşılıqlı hərbi əməliyyatları dəstəklənir.

Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyənlərin sayında kəskin eniş müşahidə olunub. Birləşmiş Ştatları Türkiyəyə ən böyük hədə kimi görənlərin sayı isə artıb.

Digər yandan insan haqları və vətəndaş azadlıqları Türkiyə ictimaiyyətinin prioritetləri sırasında yer almayıb.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir.

Bu barədə daha geniş