Dünya Şahmat Federasiyasının bank hesabları Suriya sanksiyalarına görə bağlanıb

Kirsan Ilyumjinov Fotonun müəllifi AFP
Image caption Kirsan İlyumjinovun adı sanksiyalar siyahısına 2015-ci ildə salınıb.

Dünya Şahmat Federasiyası (FIDE) bildirir ki, Suriya hökumətilə əlaqələrlə bağlı FİDE prezidentinə qarşı irəli sürülmüş ittihamlardan sonra federasiyanın İsveçrədəki bank hesabları bağlanılıb.

2015-ci ildə Suriya prezidenti Bəşər Əsədlə iddia edilən sövdələşmələrə görə Rusiyalı milyonçu Kirsan İlyumjinovun adı ABŞ-ın sanksiyalar siyahısına salınıb.

O, qanun pozuntusuna yol vermədiyini bildirir.

"Ciddi problem"

FIDE UBS bankındakı hesab bağlanmasını öz prezidentinin sanksiyalar siyahısında olması ilə əlaqələndirir.

Lozannada mənzillənən federasiyanın xəzinədarı Adrian Siegel "ciddi problemin" biznes işlərinə "xələl yetirdiyini" etiraf edib.

"Kirsan İlyumjinovun adının iki ildən artıqdır ki, siyahıda qalmasının ardınca... UBS, hesablarımızın dərhal bağlandığını bildirib", - Adrian Siegel-in açıqlamasında bildirilir.

"Bu ciddi problemin ortaya çıxması yalnız zaman məsələsi idi".

"Biz yeni bank axtarmalıyıq. Bu proses gedişatında müəyyən problemlərin yaranacağını gözləyirik", o əlavə edib.

Cənab İlyumjinov FİDE-nin məktubunu şərh etməyib.

"Amerikanın əli"

2017-ci ilin mart ayında İlyumjinov demişdi ki, FİDE saytında onun istefaya getdiyi barədə xəbər çap olunduqdan sonra təşkilat onu "kənarlaşdırmağa" cəhd edib.

"Zənnimcə, burada Amerikanın əli var və bunun qurama oyun olduğunu hesab edirəm".

Siyasətçi və sahibkar olmuş cənab İlyumjinov, uzun müddətdir ki, eksentrik şəxs kimi tanınır.

O, 17 il ərzində Rusiyanın cənubundakı Kalmıkiya Respublikasının prezidenti olub.

Televiziya verilişlərinin birində Kirsan İlyumjinov fəza gəmisində yadplanetlilərlə görüşdüyünü deyib.

O, 1995-ci ildə Dünya Şahmat Federasiyasının rəhbəri olub.

2015-ci ildə ABŞ "Suriya hökumətinə maddi dəstək"də ittiham etdiyi İlyumjinovun adını sanksiya sıyahısına əlavə edib.

Dünya Şahmat Federasiyası bildirir ki, cənab İlyumjinovun adını siyahıdan çıxarmaq cəhdi heç bir nəticə verməyib.

UBS bankı "fərdlərin və ya təşkilatların bank müştərisi olub-olmamasına dair" açıqlama vermədiyini və "bütün qanun və hüquqi qaydalara əməl" etdiyini vurğulayıb.

Bu barədə daha geniş