Britaniya mətbuatı: "Erdoğan amerikalıları "osmanlı şapalağı" ilə hədədləyir"

Şəklin mənbəyi, Reuters
Recep Tayyip Erdoğan deyib ki, hərbi əməliyyatlarının yolunu kəsən ABŞ əsgərlərinə "osmanlı şapalağı" dəyə bilər
"The Independent" yazır ki, Türkiyə hökuməti ABŞ dövlət katibi Rex Tillersonun Ankaraya səfəri ərəfəsində Washington-dan Suriya kürdlərinin YPG hərbi birləşmələrini dəstəkləməkdən əl çəkməsini tələb edib.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriyanın şimalında yerləşən Afrin anklavındakı kürd YPG qüvvələri üzərinə "Zeytun budağı" adlı hücum əməliyyatına ötən ay başlayıb.
Bu hücum əməliyyatının gedişində indiyədək çox sayda əsgərin və dinc sakinin həlak olduğu bildirilir.
Məqalədə deyilir ki, Suriyanın şimalındakı kürdlər bu ölkədə 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri özlərinin yarımmuxtar dövlətləri üçün torpaq əraziləri qopara biliblər.
Lakin Türkiyə Suriya kürdlərinin Xalq Müdafiə Qüvvələri - YPG-yə Kürdüstan İşçi Partiyasının (PKK) bir qolu kimi baxır. PKK Türkiyədə, habelə ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi təsniflənib.
Bundan başqa YPG və ərəb-kürd alyansından ibarət Suriya Demokratik Qüvvələri (SDQ) son bir neçə ildə İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizədə Qərbin ən səmərəli müttəfiqinə çevrilə bilib.
Birləşmiş Ştatlar yanvar ayında Suriyada yenidən hər hansı qiyamçı hərəkatın qol-qanad aça bilməməsi üçün YPG və SDQ-yə geniş dəstək vəd edib və bununla da Ankaranı qəzəbləndirib.
O vaxtdan bəri iki NATO üzvü arasında onsuz da gərgin olan münasibətlər bir qədər də pisləşib.
"Biz tələb etmişik ki, bu münasibətlər dayandırılsın. Mən demək istəyirəm ki, onlar PKK-nın Suriya qolu olan YPG-yə dəstəklərinə son qoymalıdırlar, - Türkiyənin müdafiıə naziri Nurettin Canıklı çümə axşamı günü Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşündə deyib.
Bundan bir gün əvvəl Canıklı NATO görüşünün öncəsində amerikalı həmkarı Jim Mattis-lə danışıqlar aparmışdı.
"Biz tələb etmişik ki, bu struktur SDQ-dən çıxarılsın" -Türkiyə müdafiə naziri deyib.
Bu barədə prezident Recep Tayyip Erdoğanın ritorikası daha sərt olub. O deyib ki, Afrində Türkiyə tərəfindən dəstəklənən qüvvələr ABŞ qoşunlarının bazalandığı Mənbic şəhəri üzərinə yeridilə bilər.
Bundan bir gün əvvəl Erdoğan demişdi ki, onun hökumətinin hərbi əməliyyatlarının yolunu kəsən ABŞ əsgərlərinə "osmanlı şapalağı" dəyə bilər.
Türkiyədə xalq arasında belə bir tarixi inam yaranıb ki, açıq ovucla vurulan bu şillə bir zərbəyə adamı öldürə bilir.
Lakin Erdoğanın şapalağ hədəsi dərhal ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert tərəfindən cavablandırılıb.
"Biz istər türk hökumətindən, istərsə də başqa hökumətlərdən belə ritorikaları çox eşitmişik və onları vecimizə almırıq" - xanım Nauert deyib.
Buna baxmayaraq Türkiyənin Afrin əməliyyatı ABŞ-ı narahat edir. Birləşmiş Ştatlar bildirir ki, bu əməliyyat İŞİD-in marığa yatmış döyüşçülərini cilovlamaq səylərini heçə endirə bilər.
Türkiyə və ABŞ arasında Fethullah Gülenin taleyi və Türkiyədə həbs edilmiş Amerika konsulluq işçilərinin yaratdığı problemlərdən başqa, Washington 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədə demokratik norma və dəyərlərin pozulmasından narahatdır.
Bütün bunlara görə Tillersonun cümə günü Türkiyə rəsmiləri ilə müzakirələrində Afrin hücumunun əsas mövzu olacağı gözlənilir.
Bu arada Brüsseldə türkiyəli həmkarı ilə danışıqlar aparan ABŞ müdafiə naziri Jim Mattis deyib ki, söhbət açıq, lakin çətin olub.
"Mən inanıram ki, biz ortaq zəmin tapa bilirik və ortaq məxrəcə gələ bilmədiyimiz sahələr də var, - Mattis deyib, - Bunlar bəzən müharibənin bizə verdiyi pis alternativlərdən irəli gəlir".
Mattis əlavə edib ki, iki ölkə bir-birlərinin legitim narahatlıqlarını başa düşür.
Şəklin mənbəyi, Getty Images
Rusiyalı milyarder Oleg Deripaska
Instagram Moskvanın qabağından qaçdı
Britaniya mətbuatından "The Telegraph" yazır ki, Rusiya müxalifətinin lideri Moskvanın qabağından geri çəkildiyinə görə Instagram platformasını kəskin tənqid edib.
Bundan əvvəl Rusiya hökumətinin interneti senzura edən qolu - Roskomnadzor Instagram-dan müxalifət lideri Aleksey Navalnının iddiaları ifadə edilən postlara girişə məhdudiyyət qoyulmasını tələb etmişdi.
Rusiya prezidenti seçkisində iştiraka buraxılmamış Akleksey Navalnı YouTube saytına milyarder Oleq Deripaska və Rusiya baş nazirinin müavini Sergey Prixodkonu yaxta gəzintisində göstərən videolar yerləşdirmişdi. Yaxtada eskort kimi tanınan gənc qız da vardı.
Videoda bu da iddia olunur ki, Deripaska və Prixodko yaxtada ABŞ-la münasibətləri müzakirıə ediblər. Bundan bir ay qabaq Trump-ın seçki kampaniyasının başçısı olan Paul Manafortun oliqarxa Donald Trump-ın kampaniyası haqqında məruzə etdiyi bildirilirdi.
Rusiyanın metallurgiya maqnatı Deripaska Manafortdan belə məruzələr aldığını təkzib edib. Bununla belə o etiraf edib ki, Manafortu müşavir kimi kirayələyib.
Cənab Deripaska onun şəxsi həyatına müdaxilə edildiyini və bu videonun onun şəxsiyyət haqlarını pozduğunu Rusiya məhkəməsində isbat edə bilib.
Bu məhkəmə qərarından sonra Roskomnadzor Instagrama müraciət edərək sözü gedən postların silinməsini istəyib.
Şəklin mənbəyi, Reuters
İnstagramdan fərqli olaraq YouTube hələ də Oleq Deripaska haqqında olan videoları silməyib
Bu arada Rusiyada kommunikasiyaları tənzimləyən Roskomnadzor həm də Navalnının öz internet saytına girişi bloklayıb.
"The Telegraph" yazır ki, Facebook-un bir qolu olan Instagram Deripaskaya aid postların silinməsi tələbini qəbul edib.
Rusiya müxalifətinin ən görkəmli nümayəndəsi sayılan Aleksey Navalnı Rusiyanın "qanunsuz senzura göstərişinə" əməl etdiyinə görə Instagramı ittiham edib.
"Sənə ayıb olsun, @instagram!" - Navalnı Tvitterdə yazıb.
Roskomnadzor isə bildirir ki, indi YouTube-un onun tələb etdiyi videoları saytdan götürməsini gözləyir.
25 dəqiqəlik video YouTube saytına ötən həftə yerləşdirilib və ona artıq 5 milyon baxış olub.
"The Telegraph" yazır ki, bu məqsədlə YouTube-a çərşənbəyədək vaxt verilməsinə baxmayaraq video hələ də saytdadır.
Facebook şirkətinin sözçüsü təfərrüatlara varmasa da etiraf edib ki, Roskomnadzor-un tələbini yerinə yetirməli olub.
"Əgər hökumət internetdə nəyinsə onun qanunlarını pozduğunu düşünürsə, şirkətlərə müraciət edib, həmin materiallara girişi məhdudlaşdıra bilər".
Sözçü bildirib ki, Facebook-un yerli qanunlarla bağlı məsələlərə həssas yanaşdığını əlavə edib.
Lakin şirkət bildirib ki, Rusiya hökuməti şikayətçi olduqda materiala yalnız Rusiya ərazisində giriş məhdudiyyəti qoyulur.
Facebook-un sözçüsü deyib ki, şirkət qoyduğu məhdudiyyət məsələsində kifayət qədər şəffafdır.