Kim Yo-jong və Şimali Koreyanın gizli silahı

Kim Yo-jong Fotonun müəllifi Getty Images
Image caption Kim Yo-jong-un Pxençxana səfəri insanları heyran qoyub

Belə görünür ki, Şimali Koreya lideri Kim Jong-un dünyanın diqqətini cəlb etməyi silah atmadan da bacarırmış. Onun arsenalında bir sıra daha güclü silahlar varmış: qadın elçilər.

Və son cazibədar hücumu üçün o, ən yaxşısını sona saxlayıbmış. Bacısını.

Kim Yo-jong, Cənubi Koreya tamaşaçılarını heyran qoyub. Əlində qardaşının əllə yazdığı məktubla prezident sarayına girməsi anbaan televiziyada canlı nümayiş etdirilib. Parlaq köynəyi, saç forması, hər bir xırda jest nəzərə alınıb.

Xəbər verilişlərində nədənsə onun adı ABŞ-ın insan haqları pozuntusu siyahısında olması ilə yox, üzündəki çillərin müzakirəsi ilə hallanıb.

Onun Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimindəki yerişi belə həyəcan dalğası gətirib. Uzanan boyunlar və anı yaxalamağa çalışan mobil telefonlu əllər.

Mən özüm belə, hamı ilə birgə onu görmək üçün aşağıdakı VİP lojaya tərəf boylanırdım. Stadiondakı bütün üzlər eyni şeyi diktə edirdi. O buradadır, Cənubi Koreya torpağında.

O, gizli rejimin insan siması idi.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Kim Yo-jong içində Şimali Koreya lideri qardaşının əli ilə yazdığı məktub olan qovluğu prezident Moon Jae-in-ə təqdim edib

"Bu qəribə və maraqlıdır. Heç vaxt bir Şimali Koreyalı görməmişdim," bir cavan oğlan mənə deyir.

"Ürəyim şam kimi əriyir," bir başqası deyir.

Pxenyanın piar kraliçası

Lakin unutmaq olmaz ki, Kim Yo-jong Pxenyanın piar kraliçasıdır. O, qardaşının imicinin məharətli inikasıdır və bu səfəri ilə medianın ölkəsi haqqında yaradacağı təsviri məharətlə əks etdirib.

"Kim ailəsinin üzvünü Cənubi Koreyada görmək o qədər qəribədir ki, insanların həyəcanı heç də təəccüb doğurmur," Associated Press xəbər agentliyinin Pxenyan bürosu üzrə keçmiş rəhbəri Jean Lee izah edir.

"Amma bu həm də Şimali koreyalıların nə qədər fərasətli olduğunu göstərir," o deyir.

"Onlar ən gözəl qadınlarını göndəriblər. Həqiqətən də Şimali Koreyaya getsəniz, son dərəcə gözəgəlimli insanlar görəcəksiniz. Onlar bəzən mənə deyirdilər ki, bizi heyran etmək işlərinin bir hissəsidir ki, ölkə və insanları haqqında yaxşı fikirləşək."

Bu cəzbetmə prosesi bir neçə həftədir ki, başlayıb. Belə ki, Şimali Koreya qadınlardan ibarət olan Moranbong qrupu və qrupun keçmiş müğənnisini Seula yollayıb. Hyun Song-wol isə incəsənət truppasının ifası üçün Seulda yer axtarmağa başlayıb.

Bununla da Şimali Koreyanın beş ay əvvəl baş tutan sonuncu nüvə sınağı unudulub və diqqətlər xanımların üzərinə cəmlənib.

Sonra isə populyar "gözəllər ordusu" gəlib. Bu qrup görünüşü, istedadı və rejimə sadiqliyi əsasında seçilən qadınlardan ibarətdir. Qara xəz papaqlı, qırmızı paltolu və alçaq çəkməli bu xanımlar avtobusdan bir sıra şəkilində düşüblər.

Fotonun müəllifi AFP/Getty
Image caption Pxenyanın gözoxşayan xanımları

Onlara yaxınlaşmağa çalışan müxbirlərə qarşı ağır silahları sadə gülüşləri idi.

Gözəlliyə önəm verilən və dəri qulluğunun mühüm hesab olunduğu Cənubi Koreyada bu gənc Şimali koreyalı qadınlar təbii gözəllik və ya məsumluq nümunəsi kimi görülürlər. Eləcə də yaşlı nəsildə nostalji hissləri oyadıblar. Qrupun ən məşhur üzvlərindən biri olan Ri Sol-ju qrupa 16 yaşı olarkən qoşulub və sonda Kim Jong-un-un həyat yoldaşı olub.

'Ön cəbhə döyüşçüləri'

Şimali Koreyadan qaçan qadınlardan biri, işinin çölə çıxıb gülüşü ilə ürəkləri fəth etmək olduğunu deyir. Han Seo-hee Şimali Koreya havadarları heyəti və incəsənət truppasının keçmiş üzvüdür.

"Biz Juche ideologiyasını (Şimali Koreyanın sosialist özünəinam ideologiyası) yaymaq ilə mükəlləf idik. Ön cəbhə döyüşçüləri idik. Elə bilirdik ki, qürurumuzla düşmənimizin ürəyinə girməyi bacarırıq. Başqalarından yaxşı olduğumuzu nümayiş etdirməli idik. Mən çox fəxr edirdim və əmin idim və düşünürdüm ki, elə işimiz də budur."

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Şimali Koreya 'havadarlar komandasının' inanılmaz dəstəyi

Qardaşı ölkədən qaçdıqdan sonra, Han Seo-hee də Şimali Koreyanı tərk etməli olub. Əgər qalsaydı, özü və ailəsi həbs olunardı. O, digər ifaçılarla birgə üç aylıq ideoloji təlimini yada saldıqca, Cənubi Koreyadakı azadlıqdan həzz alır.

"Bizə tanımadığımız dünyadan təəccüblənməmək və heyrətlənməmək öyrədilirdi və bir an belə olsun vətənimizi unutmamaq deyilirdi. General Kim-in başını uca tutmaq üçün burada olduğumuzu yaddan çıxarmamaq aşılanırdı.

"Komandamızın iştirakçılarından bəziləri hətta deyirdilər ki, ana yurdu unutmamaq üçün çamadanlarında bir ovuc vətən torpağı gətirəcəklər. Bir nəfər isə Kim Jong-ilin (hazırkı liderin atası) qırmızı ipək şərfə bükdüyü portretini də özü ilə gətirməyə hazırlaşırdı."

Fotonun müəllifi Getty Images
Image caption Anti-Şimali Koreya etirazçıları onların incəsənət truppasının gəlişinə qarşı etiraz ediblər

Liderin ideallaşdırılması kimi bir hiss, Cənubi Koreyanın şimallı qonaqlarına valeh olmayan gəncləri üçün yaddır.

Sosial mediada, Cənubi Koreya prezidenti Moon Jae-inin şimali koreyalıların qadın buzüstü xokkey komandasına qoşulması fikri ilə razılaşmayan 20 və 30 yaşlarında gənclərin etirazları yayılıb. Prezidentin populyarlıq reytinqləri hələ ki, tam bərpa olunmayıb.

'Dini sitayiş'

Və mədəni boşluq da buzüstü xokkey oyununda özünü büruzə verib.

Cənubi Koreyanın havadarlar qrupu Olimpiya oyunları üçün Uptown Funk mahnısını qısa ətəklər və dizə qədər çəkmələrdə və əllərində qotazlar hazırlaşıblar. Lakin onlardan aşağı sıralarda yer alan şimali koreyalı havadarların səsi stadionda səsləndirilən istənilən pop və ya rok musiqisi zamanı eşidilib.

Münasib qırımızı idman geyimli qızlar sürətli əl hərəkətləri və bir ağızdan mükəmməl ifaları ilə performans göstəriblər. Onların ənənəvi mahnısı ana vətənin birləşməsi haqqında olub. "Biz birik" deyə qışqırıblar.

Fotonun müəllifi Getty Images
Image caption Şimali koreyalı azarkeş dəstəyi qrupunun üzvləri Pxençxan Olimpiadasında diqqətləri cəlb etməyi bacarıblar

Han Seo-hee, havadarların ifasının maraqlı tamaşa kimi anlaşılmasından bir az çəkinir. O, 2003-cü ildə baş verən bir hadisəni xatırlayır.

"Azarkeş dəstəyi qrupunun üzvləri Cənubi Koreyaya çatanda yağış yağırdı və əsas bayraqda əks olunan Kim Jing-ilin şəkili yaş oldu. Bütün qrup dəhşət içində idi və hamı avtobusdan aşağı düşüb şəkili qorumağa tələsirdi. Cənubi koreyalılar, dini sitayiş kimi görünən bu davranışdan heyrətlənmişdilər".

"Cənub ilə Şimal arasındakı fərqi görmək üçün təkcə bu səhnə bəs idi."

Siyasi alim Ian Bremmer Twitter-də qeyd edib: "Şimali Koreyanın havadarları mükəmməl tamaşa sərgilədilər. Amma onlar kriminal rejimin insan girovlarıdır. Olimpiyada görəcəyimiz ən ürək ağrıdan şeydir."

Görünür ki, Şimali Koreyanın şirnikləşdirmə gücünün də həddi bir yerə qədərdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş