Netanyahu Qərbi "təhlükəli İran pələnginin" qarşısını almağa çağırıb

Zarif ve Netanyahu Fotonun müəllifi AFP
Image caption İranın Xarici İşlər naziri Cavad Zərif (solda) və İsrail Baş naziri Binyamin Netanyahu

Münhen Təhlükəsizlik Konfransının son günündə İsrail ilə İran arasında gərginlik yaşanıb.

Səhər saatlarında konfransda çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu İranın təkcə İsrail üçün yox, "bütün dünya üçün təhlükə" kəsb etdiyini bəyan edib.

"Bizim qətiyyətliyimizi sınamayın", - Netanyahu bu sözləri İrana ünvanlayaraq söyləyib.

Netanyahu çıxışı zamanı ötən həftə İsrail sərhədində vurulmuş hərbi dronun bir parçasını əlində silkələyərək, həmin dronun İrana məxsus olduğunu vurğulayıb.

Əlində dron fraqmenti Benyamin Netanyahu üzünü İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə tutaraq deyib: "Bunu tanıdınızmı? Sizə aiddir".

Fotonun müəllifi AFP

Netanyahu bəyan edib ki, "İsrail lazım gələrsə, İrana qarşı hərəkətə keçəcək".

İsrail Baş naziri İranın Yaxn Şərq regionuna təsirinin qarşısını alınması üçün ABŞ və Avropanı təcili olaraq hərəkətə keçməyə çağırıb.

Benyamin Netanyahu 2015-ci ildə Tehran ilə Qərb arasında bağlanmış nüvə sazişini tənqid edərək deyib ki, həmin saziş "təhlükəli İran pələnginin əl-qolunu açıb",

Rəsmi Tehran İsrailin ittihamlarını, o cümlədən, vurulmuş dronun İrana məxsus olduğunu rədd edir.

Netanyahudan bir neçə saat sonra çıxış edən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İsrail Baş nazirinin nitqini "karikatur" bir çıxış adlandırıb.

Zərif bildirib ki, "İsrail hərbi təyyarəsinin vurulub yerə düşürülməsi İsrailin yenilməzliyi barədə mifi dağıtmış olub".

Fevralın 10-da İsrail Suriyada İran hədəflərinə qarşı hava reydi keçirdiyi zaman, İsrailə məxsus F-16 təyyarəsi Suriya hava qüvvələri tərəfindən vurularq yerə salınmışdı.

Məhəmməd Zərif İsraili eləcə də Suriya və Livana qarşı hücumlar həyata keçirməkdə ittihamlayıb.

Zərif qeyd edib ki, Netanyahunun çıxışı "həmin hücumları unutdurmaq məqsədi daşıyır".

Bu barədə daha geniş