Britaniya mətbuatı yazır: "Türkiyənin ən bəxtsiz qəhrəmanı - Hakan Şükür"

Hakan Şükür, Futbol ulduzu, FETO Fotonun müəllifi Getty Images
Image caption Hakan Şükür hakimiyyətə münasibəti dəyişəndən sonra Türkiyədən getmək məcburiyyətində qalıb

"The Guardian" yazır ki, Türkiyədə çox məşhur olan bir foto var: Bu ölkənin ən böyük futbolçularından birinin, UEFA kuboku qalibinin və Dünya Çempionatında ölkəsini yarımfinal mərhələdə təmsil etmiş şəxsin toy fotosudur.

Bu fotoda onun yanında dayanan nikah şahidlərindən biri ölkənin prezidenti Recep Tayyip Erdoğan, digəri isə vaiz Fethullah Gülendir.

Bu toy bəyin həyatında ən təntənəli başlanğıc kimi görünürdü. Amma Hakan Şükürün taleyi tamam başqa cür oldu.

Onun həmin gün evləndiyi qadın artıq vəfat edib, atası həbsxanaya salınıb, özünə qarşı 112 dəfə ittiham irəli sürülüb və o, indi sürgündədir.

Əgər o, nə vaxtsa vətəninə qayıtsa, onu prezidenti təhqir etdiyinə və hökumətə qarşı üsyan qaldırdığına görə ömürülük həbs cəzası, hətta edam gözləyə bilər.

O, atasını bir daha görə bilməyəcək. Bir vaxtlar ona edilən pərəstiş yox olub. Qısası, Şükür vətənini itirib.

Başqa futbolçuların da ulduzu sönüb, amma onlardan heç biri Şükürün faciəsi ilə müqayisəyə gəlməz.

O, bir vaxtlar futbolla yatıb, futbolla duran vətənində əfsanə, Bosfor öküzü idi. O, Qalatasarayın və Türkiyənin qolvuranı kimi hətta rəqib Fenerbahce və Beşiktaş azarkeşləri tərəfindən də sevilirdi.

O, hətta 2002-2003 mövsümündə Blackburn Rovers klubu üçün 9 matçda oynamış, iki qol vurmuşdu. Şükür 2002-ci ili Dünya Kuboku yarışında ev sahibi olan Cənubi Koreyanın qapısına əlavə vaxtın ilk 10 saniyəsində qol vurmuşdu. Ən erkən qol rekordu hələ də qalır.

Fotonun müəllifi Getty Images
Image caption Hakan Şükür universitetlərdən birindəki çıxışında "mən heç türk də deyiləm və əslində albanam" deyəndə başını bəlaya salmışdı

Şükür 36 yaşında futboldan getdikdən sonra ekspert kimi çalışırdı və siyasət aləminə girişmişdi. O, bu gün hakimiyyətdə olan dindar və mühafizəklar AKP-ni təmsil edirdi. Və birdən-birə bütün mənzərə tutqunlaşdı, onun o vaxtadək əldə etdiyi nə vardısa heçə döndü.

Şükürün evliliyi boşanma ilə başa çatdı, üstəlik keçmiş arvadı Esra 1999-cu ildə İzmit və İstanbulda baş vermiş dəhşətli zəlzələnin 17 min qurbanından biri oldu. Bundan sonra Şükür TRT-də futbol eksperti idi. O elə-belə şərhçi deyildi, bilikliydi, ona diqqətlə qulaq asırdılar. O təkrar evləndi, üç uşağı oldu və hakim partiyadan, Erdoğanın partiyasından millət vəkili seçildi. Amma o, həmin o məşhur fotodakı ikinci kişi ilə - Gülenlə də əlaqələrini itirmədi.

Gülen hazırda Pennsylvania-da yaşayan çox qaranlıq bir fiqurdur, amma Türkiyəyə qayıdıb daha çox islami olan bir dövlət qurmaq niyyətindıən əl çəkməyib. Hökumət 2013-cü ildə Gülen məktəblərini bağlamaq qərarına gələndə, Şükür də hakimiyyət partiyasından istefa etdi, müstəqil millət vəkilinə çevrildi. İndi o, futboldan çox uzaq idi və fəlakətləri təzəcə başlanırdı.

O artıq universitetlərdən birindəki çıxışında "mən heç türk də deyiləm və əslində albanam" deyəndə başını bəlaya salmışdı. Türkiyədə "alban" və ya "kürd" olduğunu elan etmək - həddini aşan millətçiliyə qarşı çıxış deməkdir.

2016-cı ildə Şükürə qarşı sosial mediada prezidenti təhqir etmək ittihamı irəli sürüldü. O, artıq ölkədə yox idi və onu qiyabi mühakimə etdilər. O, prezidenti təhqir etmədiyini dəfələrlə söyləsə də, prokurorlar bunun əksini deyirdilər.

Bundan sonra, 2016-cı ilin iyulunda baş tutmamış çevriliş cəhdində fethullahçıları ittiham etdilər. Bunun ardınca 120 min insan işini itirdi, 50 min nəfər həbs olundu. İndi artıq Gülenlə əlaqəsi olan hər kəs şübhəli sayılırdı. Prokurorluq Şükürün həbsi barədə orderi artıq avqust ayında imzaladı.

Sakarya vilayətinin prokurorluğui onu terrorçu qrupun - FETÖ-nün üzvü olmaqda ittiham edirdi.

Şükür Güleni pisləyib əvəzində azadlığını təmin edə bilərdi, amma bunu etmədi. Bunun ardınca onun atası Selmeti Adapazarı məscidində həbs etdilər.

İndi artıq ailəni FETÖ-nü maliyyələşdirməkdə ittiham edirdilər və onların mülkiyyəti müsadirə olunmuşdu. Şükür Amerikaya qaça bilmişdi. İyun ayında atası həbsdəykən, deyildiyinə görə, xərçəngdən vəfat etdi.

İndi Şükür sürgündədir. Ətrafında yalnız futboldan qalma yadigarları var.

Fotonun müəllifi Getty Images
Image caption Putin hakimiyyətə gəldikdən sonra birinci Çeçen müharibəsinin günahkarını liberal media olaraq göstərdi və ona qarşı mübarizəyə başladı

Putinin "qırmızı interneti"

Britaniya mətbuatında "Qırmızı internet: Rusiyanın rəqəmsal diktatorları ilə yeni internet inqilabçılarının müharibəsi" kitabının müəllifi Andrey Soldatov "Financial Times" qəzetində oxuculara Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinin incəliklərini izah etməyə çalışıb.

O yazır ki, Rusiyanın xüsusi prokuror Robert Mueller-in ittihamnaməsində açıqlanmış müdaxiləsini yaxşı başa düşmək üçün 18 il əvvələ baş vurmaq lazımdır.

2000-ci ildə ikinci Çeçen müharibəsi adlanan qəddar hərbi kampaniyanın kəllə-çarxda olduğu vaxtlarda Kreml informasiyanın təbiətinə yeni baxış formalaşdırdı. Təzəcə prezident təyin edilmiş Vladimir Putin bu silahı yoxlamaq qərarına gəlmişdi.

O, rus xalqına Moskvanın birinci Çeçen müharibəsində uduzmasının səbəbini özünəməxsus şəkildə izah edərək deyirdi ki, bunun başlıca baiskarları liberal jurnalistlər və onların əcnəbi həmkarları olublar. Onun sözlərindən belə çıxırdı ki, müstəqil informasiya vasitələrini susdurmaq lazımdır.

İki ilin ərzində bu məqsədə nail olunmuşdu, amma təkcə bir sahə qalırdı: serverləri xaricdə olan çeçenpərəst saytlar hələ də işləyirdi. Qərb Kremlin bütün cidd-cəhdlərinə baxmayaraq onları bağlamamışdı. Sonra isə 2002-ci ildə populyar çeçen saytlarından biri dağıldı. Bu sayta Sibirdəki Tomsk şəhərinin tələbələri haker hücumu etmişdilər. Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsi tələbələrin bu hərəkətini müdafiə etmiş və bildirmişdi ki, bu, "onların bir vətəndaş kimi mövqelərini bildirmələrinin legitim formasıdır".

O vaxtdan bəri kibernetik dezinformasiya kampaniyaları Rusiyanın silahına çevrildi. Bu kampaniya xaricdə ziddiyyətli əməliyyatlar aparmaq və sonra da onları danmaq imkanı verirdi.

Bu gün Kremlin kiberkampaniyaları qeyri-adi komanda zəncirindən istifadə edir. Çünki bu işi Qərbdə olduğu kimi ölkənin rəsmi kəşfiyyat orqanları yox, hökumətə bağlı biznesmenlər aparır.

Cənab Putinin təyin etdiyi generalların və diplomatların qərbli həmkarları ilə kibermüharibə təhlükəsinin qarşısının alınması üçün sazişlər əldə etməyə çalışdığı bir vaxtda Rusiya hakerləri sistematik qaydada Qərb internet saytlarına hücumlarını davam etdirirlər. Bu isə o deməkdir ki, Rusiya rəsmiləri bu cür müdaxilələri dananda, yalnız qismən qeyri-səmimi olurlar.

2016-cı ilin iyulunda Amerika FTB-si Demokratik Partiyanın e-maillərinə haker hücumlarını araşdrımaq qərarına gəlmişdi. ABŞ kəşfiyyatı Rusiyanın dövlət müdaxiləsi haqqında bəyanatlar versə də, Kremlin ABŞ siyasətinə müdaxiləni necə planlaşdırdığına dair etibarlı məlumatlar yox idi.

Bəyanatlarda Rusiyanın kəşfiyyat agentlikləri ittiham olunsa da, bunun Kremllə bağlılığını göstərən sübutlar əldə deyildi. Cozy BearFancy Bear kimi haker qrupları barəsində araşdırmalar aparılırdı, lakin onlarla Rusiya hökuməti arasındakı əlaqəni isbat etmək mümkün olmurdu. Bu haker hücumlarını törədənlərdən heç birinin adları çəkilmirdi.

Lakin prokuror Mueller-in ittihamı göstərir ki, indi vəziyyət dəyişəcək. Prokuror Kremllə birbaşa bağlı olan təşkilatlara qarşı rəsmi ittiham irəli sürüb.

Lakin burada iki yeni problem ortaya çıxıb.

Birincisi budur ki, Demokratik Partiyanın serverlərinə hücumla Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzi və ya "troll fabriki" arasında əlaqə müəyyən edilməyib. İttihamnamədə Putinə birbaşa bağlı olan biznesmen Yevgeni Priqojinin adı olsa da, hələlik 2016-cı ilin seçkisinə müdaxilə barədə şəksiz sübut əldə olunmayıb.

İkinci problem isə bundan ibarətdir ki, amerikalılar informasiyanın silah olduğunu qəbul ediblər. Bu isə həm Putinin ürəyincədir, həm də o deməkdir ki, artıq bütün dünya Kremlin dilində danışır.

Bu barədə daha geniş