Britaniya mətbuatı: Şimali Koreyanın azarkeş qızları seks köləsiymişlər

Şimali koreyalı azarkeş dəstəyi qrupunun üzvləri Pxençxan Olimpiadasında diqqət mərkəzində olublar. Fotonun müəllifi Getty Images
Image caption Şimali koreyalı azarkeş dəstəyi qrupunun üzvləri Pxençxan Olimpiadasında diqqət mərkəzində olublar.

"The Independent" bu ölkədən qaçaq düşmüş bir nəfərə istinadən yazır ki, Şimali Koreyanın Pxençanq Qış Olimpiadasına göndərdiyi "gözəl azarkeş qızlar" əslində ölkənin vəzifəli rəsmilərinin istifadə etdikləri seks köləsiymişlər.

2008-ci ildə Cənubi Koreyaya qaçmış 42 yaşlı hərbi musiqiçi Lee So-yeon deyib ki, bu rəqqasə və müğənni qızlar Kommunist Partisyasının Mərkəzi Siyasi Bürosunda hər axşam keçirilən ziyafətlərdə və eyş-işrət məclislərində lüt soyunur və seks xidmətləri göstərirlər.

Şimali Koreyanın ali hakimiyyət orqanı olan siyasi büroya lider Kim Jong-un və prezident Kim Yong-nam da daxildirlər.

Xanım Lee "Bloomberg" saytına deyib: "Şimali Koreyanın estrada truppası Olimpiadaya gəlib, burada maraqlı rəqslər və mahnılar ifa edirlər. Lakin onlar təkcə Kim Jong-un-un təbliğat maşını deyillər. Onlar həm də partiya ziyafətlərinə gedir və orada seksual xidmət göstərirlər".

Lee deyir ki, belə ziyafətlər Mərkəzi Siyasi Büroda hər gün keçirilir.

"Onlar lap istəməsələr də, bədənləri ilə xidmət etməlidirlər, - deyir musiqiçi, - Qızlar partiya ziyafətlərində soyunmalıdırlar…"

"The Independent" yazır ki, Şimali Koreya rəhbərliyində belə ziyafətlərin artıq illərdir təşkil olunduğu düşünülür.

2009-cu ildə Cənubi Koreyaya qaçaq düşmüş 54 yaşlı Kim Hyung-soo isə deyir ki, Olimpiya oyunlarında Şimali Koreyanı təmsil edən idmançılar da kölədirlər.

"Qısaca desəm, bu idmançılar Kim Jong-un-un və Şimali Koreya rejiminin idman kölələridirlər" - deyib Kim Hyung-soo.

Cənubi Koreyaya qaçaq düşənlərin məlumatlarına görə Şimali Koreyada həm idman, həm də seks kölələrini diqqətlə seçirlər. Onları elə şəxslərdən seçirlər ki, bu adamlar heç vaxt qaça bilməzlər.

Şimali Koreyadan Pxençanq Olimpiadasına gəlmiş qızlar doğrudan da Qərb mediasını valeh ediblər. Mətbuat onları "gözəllər ordusu" adlandırır.

Qrupun keçmiş üzvlərindən Han Seo-hee BBC-yə deyib ki, bu qızları fiziki gözəlliklərinə görə seçir, sonra isə üç ay müddətində intensiv kommunist ideologiyasına məruz qoyurlar.

Rejim onların son dərəcə sədaqətli olduqlarına inanmalıdır.

İçki içənlərin 4 qrupu var. Siz hansındasınız?

Fotonun müəllifi Thinkstock
Image caption Ekspertlərə görə, spirtli içki içənləri 4 qrupa bölmək olar.

"The Conversation" saytı yazır ki, spirtli içkiləri bir çoxlarımız içirik, lakin bunu nə üçün etdiyimizi bilməyimiz olduqca mühümdür.

Bu bizə spirtli içkilərlə münasibətimizin nə dərəcədə sağlam olduğunu, onun bədənimizə və səhhətimizə nə kimi dəyişikliklər gətirdiyini bilməmiz üçün lazımdır.

Bu da qeyd olunur ki, belə biliklər bizə içdiyimiz spirtli içkilərin qədərini azaltmaqda və nizamlamaqda kömək edə bilər. Ola da bilər ki, bu məlumatları bildikdən sonra içkidən ümumiyyətlə imtina edəsiniz.

Amma bəla da burasındadır ki, biz niyə içdiyimizi bəzən özümüz də bilmirik. Müşahidələr göstərir ki, bunu heç də hamı istəyərəkdən etmir.

Buna görə də alimlər - alkoqol ekspertləri spirtli içki içənləri onların motivasiyasına - məqsədlərinə görə 4 qrupa bölüblər.

La Trobe Universitetinin alkoqol araşdırmaları mərkəzinin direktoru Emmanuel Kuntsche və professor Sarah Callinan bildiriblər spirtli içki içənlərin 4 qrupuna daxil olanların hər birinin içkidən gözlədiyi dəyişikliklər var. Bunu, içənlərin niyə içdiyi kimi də başa düşmək olar.

Alimlərin dedikləri dörd motivasiya qrupları bunlardır. Baxın görün (əgər əlbəttə içənsinizsə) siz hansı qrupdasınız.

Beləliklə dörd qrup aşağıdakılardır: coşqunluq və ya yaxşı əhval-ruhiyyə üçün içənlər, dözümlülük üçün içənlər, sosial-ünsiyyət məqsədi ilə içənlər və məclisin xətrinə-yoldaşlıq üçün içənlər.

Ünsiyyət üçün içənlər

Sosial məqsədlərlə içənlər adətən bunu dostları ilə keçən vaxtın daha da şən olması üçün edirlər. Bu adamlar heç vaxt tək içməzlər, amma məclislərdə, toyda-düyündə bir kənarda dayanmazlar.

Coşqunluq və ya cəsarət üçün içənlər

Coşqunluq üçün içənlər həm də fəal və şüurlu şəkildə sərxoş görünmək istəyənlərdir. Onlar alkoqolun verdiyi açıqlıq və cəsarətdən ləzzət alırlar. Amma bu adamlar həm də aqressiv və impulsiv, bir da riskıə gedən olurlar.

Dözümlülük üçün içənlər

Dərd, fikir və çətinliklərdən içənlər alkoqolun emosional problemlərin həllindəki köməyindən xoşlanırlar. Alimlərin fikrincə, bu qrupa daha çox qadınlar daxil olurlar. Bu qrupdakı insanların böyük bir ehtimalla həyatın başqa sahələrində də içki ilə bağlı problermləri olur.

Bu qrupdakıların əksəriyyəti doğrudan da depressiya və kədərlərini azaltmaq istəyirlər. Alimlər bildirirlər ki, alkoqol bu mənada həqiqətən də qısa müddətdə kömək edir, amma onun gətiridyi uzunmüddətli bəlalar daha pis və daha təhlükəlidir.

Etiket və ya protokol üçün içənlər

Bu qrupa daxil olanlar spirtli içkiləri ümumiyyətlə xoşlamasalar da, məclisin etiketinə uyğun olaraq içə bilərlər. Bu adamlar adətən şərabı və ya şampanı qurtumlayıb yerə qoyanlardır. Bu qrupa daxil olanlar çox az içirlər və heç vaxt təklikdə içməzlər.

Bu barədə daha geniş