Britaniya mətbuatı: "Putin seçilənədək Suriyada ölmüş rusları soyuducularda saxlayacaqlar"

Rusiya hərbiyyəsi Suriyada Fotonun müəllifi MOD
Image caption Rusiya hərbiyyəsi Suriyada

"The Business Insider" saytı yazır ki, Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən hərbi səfərbərçilərdən biri France 24 kanalına anonim müsahibə verib.

Həmin şəxs bu müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından söz açıb.

"Mənə hər həftə beş-altı yeni səfərbər müraciət edir, - həmin şəxs deyib, - Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər".

O bunu da deyib ki, özünün çalışdığı Yekaterinburq şəhərində hazırda yüzədək vətəndaş muzdlu əsgər kimi Suriyaya getmək istəyir.

Amma onun sözlərinə görə, Amerika qüvvələri fevralın 7-də Suriyanın hökumət qoşunlarının hücum edən önçü dəstələrinə zərbə endirəndən bəri, Rusiya səfərbərləri arasında əhval-ruhiyyə bir qədər dəyişib. Axı bəzi məlumatlara görə zərbəyə məruz qalmış hökumət qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdlusu da həlak olub.

"İndi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar" -rusiyalı səfərbərçi deyib.

Məqalədə deyilir ki, Suriyada müharibəyə yollanan rusiyalı kontraktçıları çox qəddar və təhlükəli şəraitlər gözləyir. Orada onlara biznes və siyasi maraqlara görə qətllər törətmək əmr oluna bilər. Onlar ora yaxşı maaşa görə gedirlər, amma əksəriyyəti bu pulları görməyəcək.

"Əgər özəl şirkətlə hərbi xitmət barədə müqavilə imzalamısansa, deməli, özünü onlara pula satmısan, -anonim rusiyalı deyib, - Şirkət səndən istədiyi kimi istifadə edə bilər. Bəs sən öləndən sonra nə olacaq? Əgər sən tikə-tikə olmusansa, onda necə olsun? Yaxşı halda meyitini evə göndərəcəklər. Pis halda elə orda basdıracaqlar. Əgər sən adamları öldürməklə və ya başqalarının biznes maraqlarını qorumaqla pul qazanmağa hazırsansa, çox gözəl".

Həmin şəxs France 24 kanalına deyib ki, amerikalıların son aviazərbəsi nəticəsində 210 rus öldürülüb. O deyib ki, rusiyalı muzdluların işini ağırlaşdıran əsas faktor onların havadan Suriya və ya Rusiya aviasiyası tərəfindən dəstəklənməməsidir.

Bəzi məlumatlara görə, fevralın 7-də baş vermiş döyüşdə yüzlərlə rusiyalını onların tank və BTR-ləri qoruya bilməyib.

ABŞ-ın hava zərbələri, artilleriyası və Apache helikopterləri Rusiya muzdlularının külünü göyə sovurub. Bu da deyilir ki, Rusiya muzdlularının antitəyyarə silahları olmayıb. Havadan dəstəkləri olmadan, təyyarə vuran silahlarsız rusiyalı muzdluların Amerika tərəfindən təlimləndirilmiş qüvvələrlə necə döyüşə biləcəyi sual doğurur.

Lakin Rusiya nizami qoşunlarının kifayət qədər aviasiya qüvvəsi ola-ola muzdlu soydaşlarına dəstək verməməsi o demək deyildir ki, onların ABŞ koalisya qüvvələrinin hücumundan xəbərləri olmayıb.

"Washington Post" qəzetinin ötən həftə yazdığına görə, Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir iş adamı rusiyalı muzdluların da iştirak etdiyi bu hücuma Kremldən icazə alıbmış.

Reuters agentliyi bildirir ki, Amerika qüvvələri üzərinə hücum ABŞ-ın reaksiyasını yoxlamaq üçün edilib və göründüyü kimi bu cavab Kremlin gözlədiyindən də sərt olub.

Rusiyanın muzdlu əsgərlərdən istifadə etməsinin bir səbəbi də onun Suriyadakı əsl itkiləri gizlətmək niyyətidir.

Bu hərbi emissar France 24 kanalına deyib ki, Rusiya səfərbərçilərindən birinin soyuducularında xurd-xəşil olmuş 150-dək muzdlu əsgərin meyiti saxlanır.

O deyib ki, bu meyitləri ailələrinə versələr də, yalnız Rusiyada mart seçkisi keçiriləndən sonra verəcəklər.

"Biz hamımız bunun səbəbini bilirik. Bu ölümləri gizli saxlamaq problem olmamalıdır" -anonim müsahib deyib.

Fotonun müəllifi Reuters
Image caption Daha bir vəkil "Trump-ın axırının çatdığını" deyir

Daha bir vəkil "Trump-ın axırının çatdığını" deyir

Britaniya mətbuatı ABŞ prezidenti Donald Trump və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb.

"The Independent" yazır ki, ABŞ-da prezident Nixon-un hakimiyyətinə son qoymuş Watergate qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Trump-ın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.

1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Richard Nixon-un vəkili olmuş 79 yaşlı John Dean o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.

İndi isə Dean deyir ki, Rick Gates-in təqsirini boynuna alması Trump-ın prezidentlik taleyində həlledici rol oynaya bilər.

"Prokuror Mueller Trump-ın kampaniya başçısı olmuş Manafort-a qarşı əlindən nə gəlirsə, edir. O, indi Manafortu, Gates-dən istifadə edərək bitirmək istəyir. Getdikcə daha çox görünür ki, Manafort Rusiya ilə sövdələşmədə əsas zəncirdir" - Dean Tvitterdə yazıb.

"Əgər Gates Manafort-un Trump-ın göstərişləri ilə hərəkət etdiyini desə, bu, Trump-ın prezidentliyinin sonu olacaq. Bu, çox tutarlı dəlil olardı" -qocaman hüquqşünas yazıb.

Trump-ın seçki kampaniyası meneceri Paul Manafort-un müavini olmuş 45 yaşlı Rick Gates ötən həftə prokuror Mueller-in apardığı təhqiqatın gedişində təqsirini boynuna alıb. Mueller Trump-la Rusiya arasında mümkün sövdələşməni araşdırır.

Gates özünə qarşı ittihamlardan ikisi üzrə təqsirini etiraf edib. Bunlardan biri Amerikaya qarşı qəsd və ikincisi isə Federal Təhqiqatlar Bürosuna yalan məlumat verilməsinə dair ittihamdır.

Beləliklə, Gates təqsirin etiraf edilməsinə dair sazişi imzalayaraq, təhqiqatla "tam, həqiqi və səmimi" əməkdaşlığa razılıq verib.

İndi belə söhbətlər dolaşır ki, Gates Manafort-un mühakiməsində ona qarşı əsas şahid kimi çıxış edəcək.

Dean başqa bir tvitində yazır ki, Trump-ın Manafort-u əfv edəcəyinə dair söhbətlər məhz buna görə narahatlıq doğurmuşdu.

Lakin hüquqşünas yazır ki, Trump Manafort-u əfv etmək səlahiyyətlərinə malik deyil.

"Beləliklə Manafiort-a mat elan edilə bilər" -Dean yazıb.

Manafort çirkli pulların yuyulması və qəsd barədə bir çox ittihamlar üzrə təqsirini boynuna almır.

Fotonun müəllifi DENIS CHARLET/Getty
Image caption "Ən asan dillər" qrupuna Danimarka, holland, fransız, italyan və ispan dili daxil edilib

Əcnəbinin Azərbaycan dilini öyrənməsinə neçə həftə vaxt lazımdır?

"The Independent" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, xarici dilləri öyrənmək həmişə çətin bir iş olub.

Maraqlıdır ki, ingilisdillilər üçün xarici dilləri öyrənmək ümumiyyətlə müşküldür. Burada bir məqam da var ki, ingilisdillilər müxtəlif dilləri müxtəlif çətinliklərlə öyrənə bilirlər.

ABŞ diplomatlarına xarici dil öyrədən Amerika Xarici Xidmət İnstitutunun hesabatında ingilisdillilərin ayrı-ayrı dilləri hansı müddətdə öyrənə biləcəkləri müəyyənləşdirilib.

Bu hesabatda hər bir dilin öyrənilməsinə lazım olan vaxt həftələrlə göstərilib.

Beləliklə, avtomatik olaraq, dillərin çətinlik qrupları da müəyyənləşib.

Birinci kateqoriyaya ingilisdillilər üçün "ən asan dillər" daxil edilib. Bunların minimum öyrənilməsinə minimum 24 həftədən 30 həftəyədək vaxt lazım gəlir. Bu dillərdən bəziləri bunlardır: Danimarka, holland, fransız, italyan və ispan dili.

İkinci kateqoriya nisbətən çətin dilləri ehtiva edir. Bunların öyrənilıməsinə minimum 36 həftə vaxt lazımdır. Bunlar alman, indoneziya, svahili, malay dilləridir. Gördüyümüz kimi bu kateqoriyada Avropa dillərindən yalnız alman dili var.

Azərbaycan dili çətinliyinə görə üçüncü kateqoriyaya düşüb. İngilisdillilərin Azərbaycan dilini babat öyrənməsi üçün azı 44 həftə lazımdır. Yəni az qala bir il. Erməni, gürcü, çex, alban, fars, fin, ivrit dilləri bu qrupdadır. Bütün türk dilləri də bu qrupa düşüb və rus dili də buradadır.

Amma bundan da çətin dillər qrupu olan 4-cü kateqoriya da var. Ərəb, çin, yapon, koreya dilləri bu qrupa salınıb. Bu dilləri minimum öyrənmək üçün ingilisdilli tələbəyə 88 həftə vaxt lazımdır.

Bu barədə daha geniş