Suriya münaqişəsi: Qadınlar “yardım qarşılığında cinsi istismara məruz qalıblar”

Milyonlarla suriyalı vətəndaş müharibəsi nəticəsində məcburi köçkünə çevrilib və beynəlxalq yardıma ehtiyacları var Fotonun müəllifi Getty Images
Image caption Milyonlarla suriyalı vətəndaş müharibəsi nəticəsində məcburi köçkünə çevrilib və beynəlxalq yardıma ehtiyacları var

Suriyadakı qadınlar BMT və beynəlxalq xeyriyyə təşkilatları adından yardım paylayan kişilər tərəfindən cinsi istismara məruz qalırlar, BBC öyrənib.

Yardım işçiləri, kişilərin qida və daşınma üçüm cinsi zəmində tələblər irəli sürüdüklərini deyiblər.

Sui-istifadəyə görə verilən üç il əvvəlki xəbərdarlıqlara rəğmən, yeni əldə olunan məlumatlar ölkənin cənubunda bənzəri halların davam etdiyini göstərir.

Kimdir? Nədir? Suriya

Suriya düyünü: Rus, türk, kürd və amerikalılar

Suriya: Münaqişənin tarixçəsi

BMT agentlikləri və xeyriyyə təşkilatları bildiriblər ki, istismara qarşı sıfır dözümlülük siyasəti yürüdürlər və regiondakı partnyor təşkilatlarda yaşanan hər hansı zorakılıq halı haqqında məlumatları yoxdur.

Yardım işçiləri BBC-yə, istismarın geniş yayıldığını deyiblər. O dərəcədə ki, suriyalı bəzi qadınlar paylama mərkəzlərinə getmirlər. Əks halda insanların onların bədənini sataraq yardım aldığı qınağına tuş gələcəklər.

Bir işçi iddia edib ki, bəzi humanitar yardım təşkilatları istismara göz yumurlar. Çünki onlar yardımı Suriyanın təhlükəli ərazilərinə məhz üçüncü tərəflər və yerli rəsmilər vasitəsilə çatdıra bilirlər.

Birləşmiş Millətlər Əhali Fondu (BMƏF) regiondakı cinsi zəmində zorakılıq barədə ötən il qiymətləndirmə aparıb və nəticəyə gəlib ki, Suriyanın müxtəlif ərazilərində humanitar yardımlar seks qarşılığında verilir.

"Suriyadan Səslər 2018" adlandırılan məruzədə deyilib: "qadın və qızların qida qarşılığında rəsmilərlə 'seksual xidmətlər' etmək üçün qısamüddətli nikaha girməsi; yardımları paylayanların qadın və qızlardan telefon nömrəsi istəməsi; qadınların 'nəyinsə qarşılığında' evlərinə aparılması və ya pay qarşılığında 'onların evində görüş', yaxud 'onlarla bir gecə müqabilində xidmətlər' kimi misallar çəkilib."

Əlavə olunub: "Xüsusilə də 'kişi müdafiəçiləri' olmayan dul və ya boşanmış, eləcə də məcburi köçkün qadınlar və qızlar cinsi istismara məruz qalırlar."

Bu cür istismar halı ilk dəfə üç il əvvəl qeydə alınıb. Bir xeyriyyə təşkilatı üçün humanitar məsləhətçi işləyən Danielle Spencer, iddiaları 2015-ci ilin martında İordaniyadakı qaçqın düşərgələrindən birində suriyalı qadınlardan eşitmişdi.

O, Daraya və Quneytra kimi bəzi regionlarda yerli bələdiyyə işçiləri tərəfindən yardım qarşılığında seks təklifi alan bəzi qadınlarla fokus qrupu yaradıb.

"Onlar yardımı uzadırlar... sonra isə qadınlardan seks məqsədilə istifadə edirlər," xanım Spencer deyib.

Image caption Yardım işçisi Danielle Spencer: "Onlar yardımı uzadırlar... sonra isə qadınlardan seks məqsədilə istifadə edirlər"

"Bəziləri bu təcrübəni yaşamış, bəziləri isə qorxu içində idilər.

"Yadımdadır ki, bir qadın otağında oturub ağlayır və yaşadıqlarına görə özünü çox pis hiss edirdi. Qida və sabun və yaşamaq üçün gərəkli adi məhsulları əldə etməyə çalışan qadınlar və qızları qorumağa ehtiyac var. Etibar etməli olduğun və yardım aldığın bir kişidən bunların müqabilində seks təklifi almaq adamın həyatda arzu edəcəyi son şeydir."

"Hər şey yerli müstəvidə cərəyan etdiyinə görə qınaq hədəfi olmamaq mümkün deyil. Yardım paylanan yerlərə gedib yardım ala bilmək, bunun müqabilində cinsi əlaqədə olmaq demək hesab olunur," o əlavə edib.

Bir neçə ay sonra, 2015-ci ilin iyununda Beynəlxalq Xilas Komitəsi (IRC) Daraya və Qüneytrədəki 190 qadın və qız arasında sorğu aparıb. Məruzədə isə göstərilib ki, onların 40%-i humanitar yardım da daxil olmaqla xidmətlərdən istifadə üçün cinsi şiddətə məruz qalıb.

IRC sözçüsü deyib: "Qiymətləndirilmədə müəyyənləşib ki, cənubi Suriya boyunca müxtəlif xidmətlərdən yararlanmağa çalışanlar arasında cinsi şiddət geniş yayılmış bir narahatçılıqdır. Bu xidmətlərə humanitar yardımın paylanılması da daxildir."

Məruzələr - hər ikisi BBC tərəfindən görülüb - BMƏF-in təşkilatçılığı ilə 2015-ci il iyulun 15-i İordaniyanın paytaxtı Əmmanda baş tutan BMT agentlikləri və beynəlxalq xeyriyyə təşkilatları görüşündə təqdim olunub.

Görüşün nəticəsi olaraq bəzi agentliklər proseduralarını daha da gücləndiriblər.

IRC deyib: "Öz əməliyyatlarımız çərçivəsində biz, cənubi Suriyadakı qadın və qızları daha yaxşı qorumaq məqsədilə yeni proqramlar və sistemlər təkmilləşdirdik. Bu proqramlar DfID (Birləşmiş Krallıq Beynəlxalq İnkişaf Departamenti) də daxil olmaqla bir sıra donorlar tərəfindən hələ də maliyyələşdirilir."

Sui-istifadəyə qarşı 'illərlə göz yumulub'

Care xeyriyyə təşkilatı Suriyadakı monitorinq komandasını genişləndirərək şikayət mexanizmi təşkil edib və artıq yardım yerli bələdiyyələrə etibar etmir.

Təşkilat eləcə də, BMT-nin Humanitar İşləri Koordinasiya Ofisi (HİKO) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (QAK) kimi müxtəlif BMT agentliklərindən daha geniş araşdırılma aparılması və yeni məruzə mexanizmləri qurulmasını istəyib. Lakin Care-yə İordaniyadakı qaçqın düşərgələrində tədqiqat aparmaq icazəsi verilməyib.

Xanım Spencer iddia edir ki, yardım sektoru yardımın cənubi Suriyaya çatmasına göz yumub.

"Cinsi istismar və qadın və qızlara qarşı şiddətə göz yumulub, bu haqda yeddi il qabaq məlumatlar gəlməsinə baxmayaraq, məhəl qoyulmayıb," o deyib.

"BMT və onun əsasını təşkil edən sistem, qadınların bədənini qurban verməyi seçib.

"Yardımın geniş insan kütlələrinə çatması üçün qadınların bədənlərinin istifadəsi, şiddət və zorlanmaya məruz qalmasının məqbul olduğu ilə bağlı haradasa qərar verilib."

BMT agentliklərindən biri adına 2015-ci ilin iyul görüşündə iştirak edən başqa bir mənbə BBC-yə deyib: "Sərhəddən kənardan gələn yardımın çatdırılması zamanı cinsi istismar və zorlanma halları barədə əsaslı məruzələr təqdim olunsa da, BMT onunla bağlı və ya onu dayandırmaqla bağlı heç bir ciddi addım atmadı."

Fotonun müəllifi EPA
Image caption İllərlə davam edən münaqişə Suriya cəmiyyətini alt-üst edib

BMƏF-in sözçüsü isə, cənubi Suriyada suriyalı qadınlara qarşı istismar və zorakılıqla bağlı mümkün hallar haqqında Care-dən eşitdiyini deyib. Lakin cənubi Suriyada işləyən iki QHT-dən zorakılıq və ya istismar iddiası ilə bağlı heç bir məlumatı almayıb.

Sözçü, BMƏF-in icraedici partnyor kimi yerli bələdiyyələr ilə işləmədiyini də bildirib.

Uşaqların xeyriyyə fondu Unicef-in sözçüsü, 2015-ci ilin iyulunda baş tutan görüşdə iştirakını təsdiqləyib. Xeyriyyə fondu, cənubi Suriyadakı yerli tərəf müqabilləri və podratçılarını nəzarətdən keçirdiyini və bu ana qədər onlara qarşı heç bir iddia eşitmədiyini bildirib.

Lakin qəbul edib ki, Suriyada cinsi istismar ciddi riskdir. Onlar, icma-əsaslı şikayət mexanizmi təqdim etdiklərini və partnyorları üçün əlavə təlimlər keçirdiklərini deyiblər.

DfID sözçüsü isə Birləşmiş Krallıqdan (BK) gedən yardım zamanı bənzəri hallar yaşandığı barədə xəbərsiz olduğunu söyləyib.

"Zorakılıq və istismar məsələlərini qaldırmaq üçün mexanizmlər mövcuddur," departamentdən bildirilib.

"DfID-nin Suriyadakı partnyorları BK-dan gedən yardımın Suriyada paylanılmasını təsdiq etmək üçün monitorinqi həyata keçirən üçüncü tərəflərdən istifadə edir.

Sıfır tolerantlıq

Sözçü əlavə edib ki, sistematik zorakılıq monitorlar tərəfindən aşkarlanıb DfID-yə bildirilməlidir.

Oxfam sözçüsü, yardımın cənubi Suriyaya çatdırılmasında təşkilatın yerli bələdiyyələrin köməyindən 2015-ci ildən əvvəl də, sonra da istifadə etmədiyini deyib.

"Suriyadakı işimiz şəxslər və ya müəyyən evlərə yardım çatdırmaq yox, əsasən Suriyadakı icmaları su ilə təmin etmək üçün genişhəcmli materialların təmininə köklənib," o deyib.

"Biz, 2015-ci ildə yardım çatdırılması zamanı cinsi istismar barədə məlumatlar almamışıq, lakin bənzəri zorakılığa qarşı sıfır tolerantlıq siyasətinə malikik."

BMTQAK-ın sözçüsü Andrej Mahecic deyib ki, "təcili yardım əsnasında cinsi zorakılıq və cinsi istismar riskini anlamaq çox vacibdir, köməyə ehtiyac duyan bir kəsə qarşı zorakılıq isə nifrətəlayiqdir."

O, 2015-ci ildəki iddiaların "natamam, parçalanmış və əsassız" olduğunu və belə məlumatlar üzə çıxar-çıxmaz BMT-nin addım atdığını əlavə edib.

Sözçü, BMT-nin qaçqınlar üzrə agentliyinin cənubi Suriyada iddiaların baş qaldırdığı həmin əraziyə girişi olmadığını, lakin agentliyin təlim üçün İordaniyaya gələcək yerli partnyrolar axtardığını deyib.

O davam edib: "BMT-nin müharibə zonasında vəziyyəti idarə etməsi ilə bağlı təsəvvürlər çox sadə və rabitəsizdir. Açıq və qızğın mübarizə fonunda yardım paylamaq əməliyyatları tamamilə fərqlidir."

Bu barədə daha geniş