Britaniya mətbuatı: Qərb ekspertləri: Putinin Qərbə meydan oxuması, Rusiyanın zəifliyini nümayiş etdirir; Suriyada müharibə niyə qurtarmır?

Fotonun müəllifi Getty Images
Image caption Lakin bir çox Qərb ekspertləri Putinin haqqında danışdığı silah proqramının ağlabatan olduğuna şübhə edirlər.

Qərb ekspertləri: Putinin Qərbə meydan oxuması, Rusiyanın zəifliyini nümayiş etdirir

"The Independent" yazır ki, Vladimir Putinin Federal Məclisdə ötən cümə axşamı etdiyi nitq son on ildə hər hansı dünya liderinin etdiyi ən qarşıdurmalı çıxış idi.

O iddia edirdi ki, nüvə silahlarının yeni, "gözəgörünməz" və "proqnozlaşdırılmaz" modifikasiyalarına malikdir.

Putin ölkəsinin ABŞ-la strateji rəqbətini gizlətməyə çalışmırdı. Bir çoxlarının gəldiyi nəticə budur ki, Putin faktiki olaraq yeni Soyuq müharibə elan edib.

Lakin bir çox Qərb ekspertləri Putinin haqqında danışdığı silah proqramının ağlabatan olduğuna şübhə edirlər.

"The Independent" yazır ki, elə buna görə də Kreml prezidentin verdiyi bir çox bəyanatlardan dərhal da geri çəkilib.

Məqalədə deyilir ki, Putinin çıxışı zamanı nümayiş etdiridiyi animasiyalar adamlarda təsəvvür üçün çox az məkan buraxırdı. Bu animasiyalardan birində Rusiyadan qalxan yeni ballistik raket Qərbə doğru qanadlanırdı. Bu cizgi süjetlərindıən belə başa düşmək olardı ki, bu raket Amerikanın antiraket sipərlərinin böyründən sappa-suppa verərək uçur və okeanın o tayında adı çəkilməyən ölkəyə düşür.

Məqalədə deyilir ki, federal millət vəkilləri və başqa aparıcı rəsmilər mətləbi anlamışdlar və hətta bu multiplikasiya raketi hədəfə dəyməzdən əvvəl qımışmağa başlamışdılar.

Amma ötən cümə günü mətbuat üçün ənənəvi brifinqində Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu animasiyanın mənası səhv başa düşülüb. O bildirib ki, bu xəritələrin "real ölkələrlə heç bir əlaqəsi olmayıb".

Putinin çıxışına beynəlxalq reaksiyalar dərhal verilib. Almaniya kansleri Merkel və Amerika prezidenti Donald Trump bu çıxışla bağlı narahatlıq ifadə ediblər.

Amma Peskov deyib ki, beynəlxalq icma çıxışı düzgün başa düşməyib. Onun sözlərinə görə, Putinin nitqi "konfrontasiyalı" olmayıb. Çıxışda sadəcə olaraq Rusiyanın potensial (hələ mövcud olmayan) texnoloji irəliləyişi nümayiş etdirilib.

Peskov deyib ki, yeni silahların təqdimatı bu çıxışı "militarist" ritorika dərəcəsinə qaldırmır.

Onun sözlərinə görə, əksinə, Rusiyanın yeni silahları dünyanın iki fövqəldövləti arasında "paritetə" nail olmaq məqsədilə verilən "məntiqi reaksiyadır".

Peskov daha sonra deyib: "Biz düşmənin arsenalını darmadağın edəcək silahlar yaratmırıq, elə biz özümüz də onların bəzi silahlarının qarşısında müdafiəsizik".

Londondakı Kral Müdafiə və Strateji Tədqiqatlar İnstitundan hərbi ekspert İqor Sutyagin "The Independent" qəzetinə deyib ki, Rusiyanın arqumentləri aldadıcıdır. ABŞ antiballistik raket sistemləri Sovetin qitələrarası raketlərindən müdafiə üçün layihələndirilməyib.

Ekspert bununla yanaşı bildirib ki, Putinin təqdimatını etdiyi bəzi silahlar hələlik yalnız "onun ürəyindən keçənlərdir".

Praqadakı Beynəlxaql Əlaqələr İnstitutundan ekspert Mark Galeortti deyib ki, "bütün proqramların təkmilləşdirlməyə ehtiyacı var, amma bu çıxışdakılar tamamilə ağdır".

"Nə baş verəcəksə, çox yavaş baş verəcək və bu silahların çoxu güman ki, Putin hakimiyyətdə olan müddətdə gerçəkləşməyəcək" - deyib Galeotti.

Kremlin keçmiş müşaviri və təhlükəsizlik eksperti Vladimir Frolov Putinin təqdimatını "blef" adlandırıb.

Onun fikrincə, bu cür "ekzotik" silahların nə vaxtsa işıq üzü görəcəyi şübhə doğurur.

Ekspert əlavə edib ki, bu əgər lap baş versə də strateji balansda dəyişikliyə səbəb olmayacaq.

"ABŞ sualtı nüvə dronlarının yeni nəslini yaratmaq yarışına girməyəcək, - deyib Frolov, - Çünki düzünü desək, bu cəfəng söhbətdir".

Yeni silahların reallıq dərəcəsindən asılı olmayaraq bəlli olan budur ki, Putin son çıxışı ilə anti-Amerika ritorikasını keyfiyyətcə yeni mərhələyə qaldırıb. Amma bununla belə, qəzetin fikrincə, Rusiya prezidenti "Peskovun dili ilə" tez də geri çəkilib.

"Bu çıxşın ən mühüm hissəsi bu idi ki, "əvvəllər bizə qulaq asan yox idi, ola bilsin, indi qulaq asacaqlar", - deyib Mark Galeotti, - Fundamental şəkildə ruslar zəif olduqlarını bilirlər. Bu isə uzunmüddətli inamsızlıq yaradır. Onların ritorikası real niyyətlərindən yox, seçimlərinin azlığından xəbər verir…"

Suriyada müharibə niyə qurtarmır?

Fotonun müəllifi AFP
Image caption Suriya müharibəsi niyə yenidən qızışır?

"Economist" yazır ki, bir məqamda hamı 400 min insanın ölümünə səbəb olmuş və bəşər tarixində ən böyük qaçqın problemi yaratmış 7 illik Suriya müharibəsinin nəhayət başa çatdığını düşünürdü.

2017-ci ilin sonlarına yaxın artıq özünü İslam Dövləti adlandıran ekstremist təşkilat tamamilə dağılmışdı. Bundan başqa bir-birini öldürməklə məşğul olan Əsəd qüvvələri və qiyamçılar da qətlləri dayandırmışdılar.

Hətta Əsədi müdafiə etmək üçün münaqişəyə müdaxilə etmiş Rusiya da bildirirdi ki, onun hərbi missiyası "əsasən başa çatıb". Prezident Putin Rusiya qoşunlarının əksər hissəsini vətənə qaytarmaqdan danışırdı. Amma elə həmin andan da sakitlik pozulub.

Türkiyə, kürd qüvvələri ilə döyüşmək üçün sərhəd bölgələrinə qoşun göndərib. Amerikalılar rusları öldürüblər. İsrail və İran arasındakı gərginlik yenidən tarıma çəkilib. Yaxşı, bəs Suriya müharibəsi niyə yenidən qızışır?

Cavab qismən belədir ki, İD iflasa uğrayıb və onun nəzarətindəki torpaqlar boşalıb. Ötən oktyabrda İD-in - bu əldəqayırma xilafətin paytaxtı Raqqa Suriya Demokratik Qüvvələrinin (SDQ) əlinə keçib. Əsasən kürdlərdən ibarət SDQ-dən amerikalılar İŞİD-lə mübarizə aparmaq üçün istifadə edirdilər. İD-in əlindən çıxmış əraziləri yenidən nəzarətə götürmək istəyən Əsəd qiyamçılarla atəşkəs elan edib.

Ötən dekabradək Bəşər Əsəd qüvvələri Fərat çayının qərbindəki, SDQ isə şərqindəki ərazilərə nəzarəti ələ alıblar. Amma elə bu anda hökumət qoşunları yenidən qiyamçılar üzərinə hücuma keçib. Fevral ayında Dəməşqin Quta ərazisi hökumət aviasiyası tərəfindən intensiv bombardman edilib.

İŞİD-in iflası böyük güclər arasındakı fikir ixtilaflarını artırıb. Onların hamısı Suriyanın gələcəyi məsələsində söz sahibi olmaq istəyir.

Ötən yanvar ayında ABŞ dövlət katibi Rex Tillerson bəyan edib ki, Amerika qoşunları İD təhlükəsi tamamilə aradan qalxana və münaqişəyə siyasi həll tapılanadək Suriyanın kürdlərin nəzarətində olan ərazilərində qalacaq. Öz növbəsində bu, NATO üzvü olan Türkiyəni qəzəbləndirib. Ankara ABŞ-ın Suriyadakı müttəfiqi olan YPG qüvvələrini terrorçu hesab edir.

Tillersonun bəyantından bir neçə gün sonra Türkiyə Suriyanın şimalında kürd YPG-nin nəzarətində olan Afrin bölgəsinə hərbi müdaxilə edib.

Recep Tayyip Erdoğan habelə Türkiyə qoşunlarının Suriyanın başqa bir şəhəri - Mənbicə hücum edəcəyi ilə hədələyib.

Belə bir vəziyyət NATO-nun iki üzvü arasında real toqquşma təhlükəsi yaradır.

Amerikanın Suriyada qalmaq niyyətindən ruslar da əsəbiləşiblər və Türkiyənin Afrinə hücumunu dəstəkləyiblər. Belə görünür ki, Amerikanın Suriyada qalmaq niyyətinin ciddiliyini sınamaq istəyən Kreml özünün Suriyadakı muzdlu döyüşçülərinə Amerikanın himayəsində olan bazaya hücum etmək əmrini verib. Bu sınaq çox sayda rus əsgərin ölümü ilə nəticələnib.

"Economist" yazır ki, bundan da pis vəziyyət hələ qarşıda ola bilər. İran müttəfiqi Hizbullahın təchizat yolunu əldə saxlamaq üçün öz yerini Suriyada möhkəmləndirməklə məşğuldur.

İranın dəstəklədiyi qüvvələr yavaş-yavaş İsrailin işğalı altında olan Qolan yüksəkliklərinə doğru sürünürlər. İsrail fevral ayında İranın bir dronunu vurub və sonra isə İranın dəstəklədiyi bazanı bombardman edib.

Suriya İsrailin bir təyyarəsini vurduqdan sonra İsrail də Suriyanın antitəyyarə batareyalarına zərbə endirib.

Heç bir tərəf açıq müharibə istəməsə də, bir çoxları toqquşmanın qaçılmaz olduğunu düşünürlər.

Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs haqqında qətnamə qəbul edib, amma bu sənədin iflasa uğrayacağı gözlənilir.

Türkiyə, İran və Əsəd döyüşləri davam etdirəcəklərini bildiriblər.

Beləliklə, Suriyada həddən artıq uzanmış bu münaqişə sülhdən daha da uzaqlaşacaq.

Bu barədə daha geniş