Britaniya mətbuatı: "Vəssalam. Trump da "ömürlük prezidentlikdən" danışdı"

Fotonun müəllifi AFP/Getty
Image caption ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.

"Vəssalam. Trump da "ömürlük prezidentlikdən" danışdı"

Donald Trump Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər.

"The Independent" yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın diktaturası erasına qaytarmaq cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun "ömürlük" vəzifədə qalmaq niyyətini təqdir edib.

Çinin doğrudan da son dövrdə ən güclü liderlərindən biri olan Si 2012-ci ildə hakimiyyətə gəlib və onun bu postda 2023-cü ilədək qalacağı gözlənilirdi. Amma hakim Kommunist Partiyası prezidentliyi iki müddətə məhdudlaşdıran Konstitusiya maddəsini ləğv edib. Beləliklə ölkənin avtoritar lideri istədiyi qədər hakimiyyətdə olmaq imkanı əldə edib.

"O, indi ömürlük prezidentdir. O, böyük adamdır" -Trump onun Mar-a-Lago malikanəsinə fondtoplama ziyafətinə gəlmiş respublikaçılara deyib.

"Buna baxın e, o, bunu edə bildi. Düşünürəm ki, bu, əladır. Bəlkə bunu bir gün biz də yoxladıq" -Trump CNN-nin verdiyi xəbərə görə belə deyib.

Deyilənlərə görə, bağlı qapılar arxasında keçirilən bu məclisdə Trump yenə də rəqibi Hillary Clinton-un qarasınca danışıb və Amerikanın "saxtakar seçki sistemini" tənqid edib. O, İraq müharibəsini çox böyük səhv adlandırsa da, deyib ki, prezident George W Bush da "dahidir".

Cənab Trump-ın cənab Si-ni tərifləməsi demokrat millət vəkili Ro Khanna tərəfindən kəskin tənqid olunub. O, belə bir tvit yazıb: "Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Tzinpinin ömürlük prezident olmasını alqışlamaq ən qeyri-Amerika hərəkətidir. Gorun çatlasın, George Washington".

ABŞ prezidentləri bir qayda olaraq, hər biri 4 il olan iki müddətə seçilə bilərlər. Yalnız 1932-ci ildə seçilmiş Franklin Roosevelt dörd müddət prezident olub. 1951-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəliş prezidentliyə iki müddətlik məhdudiyyət qoyub.

Trump Çin prezidentini tərəfləsə də, Çinin ticarət siyasətini daim tənqid edib.

Trump-ın tərifindən az əvvəl Çin hökuməti George Orwell-in "Heyvanıstan" romanını qadağan edib.

Bundan başqa Sino Weibo mikrobloq saytı üçün axtarışa məhdudiyyət qoyulub, "razılaşmamaq", "şəxsiyyətə pərəstiş", "ömürlük", "ölümsüzlük", "mühacirət" və "abırsız" kimi sözlərin axtarışı məhdudlaşdırılıb.

Amma "N" hərfinin niyə qadağan olunduğu başa düşülmür. Belə görünür ki, "N", adətən, etiraz bildirən hərf olduğu üçün axtarışı məhdudlaşdırılıb.

Fotonun müəllifi MIKHAIL KLEMENTYEV/TASS
Image caption "The Guardian" yazır ki, Putinin mitinqinə adamların çoxunu müxtəlif vədlərlə və ya təzyiq yolu ilə gətiriblər

Putinin mitinqinə rusları adambaşına 9 dollara yığıblar

Britaniya mətbuatı Rusiya prezidenti Putinin mitinqinə də diqqət ayırıb.

"The Guardian" yazır ki, prezident Vladimir Putinə daha bir prezidentlik müddəti verilməsinə böyük dəstəyin ifadəsi üçün Moskvadakı nəhəng Lujniki stadionunu adamla doldurmaq üçün təkcə Vladimir Vladimiroviçə "hüdudsuz el sevgisi" kifayət etməyib.

Polisin verdiyi məlumata görə, stadiona 80 min adam toplaşmışdı və daha 50 min adam mitinqə stadionun həndəvərlərində qurulmuş böyük teleekranlara baxırdı.

Amma çoxsaylı media xəbərlərindən görünür ki, şənbə günü keçirilən dəstək tədbirinə on minlərlə rusu "zorla" yığıblar. Bura zorla gətirilənlər, əsasən, universitet tələbələri, dövlət qulluqçuları, büdcə təşkilatlarının və özəl şirkətlərin işçiləri olublar.

Məsələn, Moskvada yerləşən şirkətlərdən biri öz işçilərinə belə bir təlimat verib: "Dörd nəfərdən az olmayaraq, qruplar təşkil edin. Stadiona gələndə selfinizi çəkin. Plakatlarınızı götürməyi unutmayın". Həmin işçinin dediyinə görə tədbirə gəlməyənləri maaşlarının tutulacağı ilə hədələyiblər.

Putinin kampaniya meneceri Andrey Kondraşov adamların mitinqə zorla gətirildiklərinə dair iddiaları rədd edir.

Amma şənbə günü stadionun yaxınlığında olanlar belə bir mənzərinin də şahidi ola bilərdilər. Ortayaşlı bir kişi dostları ilə stadionun fonunda selfi çəkdirdikdən sonra deyir: "Uşaqlar, gəlin gedək, mən Putini dəstəkləyirəm, amma bütün günümü burda itirmək fikrində deyiləm".

Bir başqalarına "xalq dəstəyinə" qoşulmaq üçün pul vəd etmişdilər.

Məşhur saytlardan birində yazılmışdı: "20-55 yaşları olan qadınların və kişilərin nəzərinə. "Güclü Rusiya üçün" Putinə dəstək məqsədilə martın 3-də keçiriləcək konsert-mitinqə gəlin. Adambaşına 500 rubl (9 dollar) alacaqsınız".

Bu, elə-belə elan deyildi. Bu elanı oxuyub gələnləri stadionun yaxınlığında Rodion adlı kişi gözləyirdi. Rodion Rusiya Ekoloji Partiyasını təmsil edirdi. Amma partiyanın bura yığdığı adamların heç birinin bu təşkilata dəxli yoxdu.

Image caption BBC-nin müxbirləri müşahidə ediblər ki, stadiona gələn mitinqçilər üçün ayrıca avtobus tutulub

"Əvvəl hamımız bir nəfər kimi stadiona giririk, mitinqdən sonra burda görüşürük. Pulu da onda alacaqsınız…" -Rodion deyirdi.

Pul vəd olunmuşlardan biri - gənc oğlan deyir: "Nə olsun ki, ekoloji partiyanın üzvü deyiləm. Əslində heç Putini də dəstəkləmirəm".

"The Guardian" yazır ki, bu mitinqdə xüsusilə fəallıq edənlər millətçi təşkilatların üzvləri və fəalları idilər.

Polis Putinin əleyhinə şüar deyən müxalifətçiləri cəld yaxalayırdı. Məsələn, anti-Kreml fəalı Yelena Zaxarovanı stadionun yanında əlindəki plakata görə tutmuşdular. Bu plakatda Rusiyanın Suriya müharibəsibnə müdaxilə etməsinə etiraz bildirilirdi. Doğrudur, belələrini az sonra buraxırdılar.

Stadionun içində isə şaxtadan üşüyənləri davakar və millətçi çağırışlarla qızındırır və qızışdırırdılar.

"Biz müharibə edən ölkəyik, bunu yaddan çıxarmayın. Bizim ali baş komandanımız var. O, torpaqlar əldə edir, müharibələrdə qalib gəlir, yeni silahlar düzəldir. Heç müharibədə olan ölkə də ali baş komandan dəyişdirər?" - deyə biznesmen İqor Aşmanov qışqırırdı.

Əksinə, Putinin öz çıxışı çox qısa və aşağı enerjili oldu. O, 2012-ci ildə bu stadionun necə olduğunu xatırlayırdı.

"The Guardian" yazır ki, ümumiyyətlə seçki kampaniyalarını xoşlamayan Putinin bu kampaniyadakı könülsüzlüyü diqqəti dərhal cəlb edir. O, nəinki teledebata qoşulmayıb, heç özünün seçki proqramını da elan etməyib. Buna baxmayaraq, dövlətin keçirdiyi rəy sorğusu ona dəyişməz olaraq 69 faiz dəstək göstərir.

Bu barədə daha geniş