Səudiyyə vəliəhdi Türkiyəni "şər üçbucağının bir tərəfi" adlandırdı

Türkiyə, Səudiyyə, ittiham, ərəb dünyası, islam dünyası, çəkişmələr, Qətər, xilafətin bərpası Fotonun müəllifi Reuters
Image caption Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəni İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb

"The Daily Mail" yazır ki, Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəni "şər ücbucağının bir tərəfi" adlandırıb. Onun sözlərinə görə qalan iki tərəf - İran və ekstremist islamçı qruplaşmalardır.

Misirin Aş-Şoruk qəzeti yazır ki, Səudiyyə şahzadəsi habelə Türkiyəni yüz il əvvəl Osmanlı imperiyası ilə birlikdə çökmüş İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb.

Vəliəhd şahzadə bununla yanaşı öz ölkəsi ilə Körfəz qonşusu Qətər arasında uzun müddətdir davam edən mübahisəni "boş şey" adlandırıb, amma sözündən belə çıxıb ki, bu "boş şey" hələ bir müddət davam edə bilər.

Qərbdə daha çox öz adının baş hərfləri ilə "MBS" adlandırılan Məhəmməd bin Salman, Səudiyyə Ərəbistanının İranın qarşısını çox uğurla kəsə bildiyini iddia edib.

Qahirədə qəzet redaktorlarına verdiyi müsahibədə MBS Müsəlman Qardaşlığı təşkilatını demokratiyadan sui-istifadədə ittiham edib və bildirib ki, bu təşkilatın hamisi olan Türkiyə xilafəti bərpa etməyə çalışır. Həm Səudiyyə, həm də Misir Müsəlman Qardaşlığı təşkilatını terrorçu qruplaşma kimi qadağan edib.

"The Mail" yazır ki, şahzadənin şərhləri Səudiyyənin prezident Recep Tayyip Erdoğana şübhəli münasibətini əks etdirir. Erdoğan hökuməti Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələrinin Qətərlə mübahisəsində sonuncunun tərəfini saxlayıb.

Bundan başqa Türkiyə habelə Suriyadakı münaqişənin çözümü istiqamətində son aylarda İranla əməkdaşlıq edib. Ötən il iki ölkənin hərbi rəhbərləri qarşılıqlı səfərlərdə olublar.

Fotonun müəllifi AFP
Image caption Məhəmməd bin Salman arada olan ixtilafa baxmayaraq Qətərin Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacağını deyib

Əş-Şoruk qəzeti şahzadə Məhəmmədə istinadən yazıb ki, "şərin müasir üçbucağı İran, Türkiyə və ekstremist dinçi qruplaşmalardan ibarətdir".

Bu Məhəmməd bin Salmanın vəliəhd şahzadə olandan bəri ilk xarici səfəri idi.

O deyib ki, Qətərlə mübahisə hələ uzun müddət çəkə bilər və bunu ABŞ-ın Kubaya qarşı 60 il əvvəl qoyduğu embarqo ilə müqayisə edib.

Lakin o eyni zamanda zəngin Qətərin əhəmiyyətini azaldaraq bu ölkənin Qahirənin bir küçəsindən də balaca olduğunu dilə gətirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ötən iyunda Qətərlə diplomatik münasibətlərini kəsiblər. Bu ölkələr hazırda Qətərə qarşı dəniz və hava blokadasını davam etdirirlər.

Buna baxmayaraq Qətər dünyanın ən böyük maye qaz ixracatçısıdır və regionda ABŞ-ın ən böyük hərbi bazası da bu ölkədə yerləşir.

Sonda Məhəmməd bin Salman deyib ki, arada olan ixtilafa baxmayaraq Qətərin bu ayın sonlarında Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacaq.

Fotonun müəllifi EPA/ YULIA SKRIPAL/FACEBOOK
Image caption 66 yaşlı Sergey Skripal və 33 yaşlı qızı Yulianın Britaniyanın Salisbury şəhərində zəhərləndikləri iddia olunur

KGB satqınları heç vaxt bağışlamır

Britaniya mətbuatından "The Independent" qəzeti Rusiya prezidenti Vladimir Putinin internetdə yayılmış videosundan bəhs edir. Bu videodan belə başa düşmək olar ki, prezident Rusiyaya "xəyanət" edənləri hələ çoxdan ölümlə hədələyibmiş.

Maraqlıdır ki, 2010-cu ilə aid olan bu video internetdə yalnız indi, Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal iddia olunduğuna görə zəhərləndikdən bir neçə saat sonra peyda olub.

Bu videoklipdə Rusiya prezidenti ölkəyə xəyanət edənləri hədələyərək bildirir ki, onlar bunun bədəlini ödəyəcəklər.

"Xainlər paylarını alacaqlar, inanın mənə. Dostlarını, silahdaşlarını satıblar onlar... - Putin videoda deyir, - Bunun əvəzində aldıqları hər nədirsə... Aldıqları 30 gümüş pul onların boğazında qalacaq".

Vaxtilə öz ölkəsində vətənə xəyanətə görə məhkum edilmiş cənab Skripal Birləşmiş Krallıqda sığınacaq tapmışdı. Onu iki gün əvvəl qızı ilə birlikdə Salisbury şəhərindəki ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə aşkar ediblər.

Onların ağır xəstələnməsinin dəqiq səbəbi hələ biliməsə də, naməlum kimyəvi maddə ilə zəhərləndikləri təsdiq edilib.

Bu kimyəvi maddə o qədər zəhərliymiş ki, ata və qızın köməyinə gəlmiş həkim və polislər də sonradan özlərini pis hiss ediblər. Bir polis nəfəri də hazırda komadadır.

Fotonun müəllifi Getty Images
Image caption 2006-cı ildə keçmiş FTX zabiti Aleksandr Litvinenkonun radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək ölmüşdü

Bu hadisə demək olar ki, dərhal 2006-cı ildə radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək ölmüş keçmiş FTX zabiti Aleksandr Litvinenkonun başına gələn fəlakəti yada salıb.

Hazırda müstəntiqlər bu köhnə ölüm hadisəsini yenidən nəzərdən keçirirlər və Skripal insidenti ilə bənzərliyi olub-olmadığını araşdırırlar.

"The Indepednent" yazır ki, Britaniya üçün casusluq etmiş keçmiş KGB agenti Viktor Makarov Putinin hədələrindən təəccüblənməyib.

Cənab Skripal kimi Makarov da ikili agent qismində fəaliyyət göstərdikdən sonra Britaniyaya qaçaq düşüb. O özünün şimali İngiltərədəki evində KGB-nin intiqamından necə qorxduğunu bildirib.

"Onlar məni güllə ilə boynumun arxasından vurmağa çalışacaqlar. Zəhərdən də istifadə edə bilərlər, - Makarov deyib, - Onlar heç vaxt unutmurlar. Mən 1970-ci illərdə KGB agenti işləyəndə onlar 30 il əvvəl xəyanət etmiş adamları axtarırdılar".

Bu barədə daha geniş