Britaniya mətbuatı: OPEC-in nefti bahalaşdırması "ona baha başa gələcək"

Fotonun müəllifi Reuters

OPEC-in nefti bahalaşdırması "ona baha başa gələcək"

"Business Insider" saytı Beynəlxalq Enerji Agentliyinin yeni hesabatına əsasən yazır ki, Birləşmiş Ştatlar qarşıdan gələn bir neçə ildə dünyanın əlavə neftinin çox hissəsini hasil edəcək.

Hesabatda deyilir ki, qarşıdan gələn üç ildə ABŞ dünyada neft tələbatı artımının 80 faizini ödəyəcək.

Agentliyin illik hesabatına görə, Kanada, Braziliya və Norveç artan tələbatın qalanını təchiz edəcəklər və beləliklə, OPEC kartelinə yer qalmayacaq.

Ən qəribəsi isə budur ki, şist nefti gəlirlərinin əhəmiyyətli hissəsi OPEC-in qiymətləri qaldırmaq üçün öz hasilatını ixtisar etməsinin sayəsində əldə olunub.

"Əgər sən şist hasilatçısısansa, səni kimsə bazara gətirib. Kim gətirib, əlbəttə OPEC. OPEC-siz bazarda bir xaos olardı" - Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Məzruey bu yaxınlarda keçirilmiş bir sənaye konfransında deyib.

Əlbəttə, agentliyin OPEC üzvü olan ölkələr barədə proqnozu ürəkaçan deyil.

Hazırda qeyri-OPEC ölkələri, xüsusilə də ABŞ hasilatı artırırlar və belə bir şəraitdə OPEC qiymətləri aşağı salmadan öz hasilatını necə artıracağı üzərində baş sındırır.

Bu isə karetelin üzvlərini hasilata ixtisarları nəzərdə tutulduğundan daha uzun müddətdə davam etdirməyə məcbur edə bilər.

Söhbət ixtisarın 3 ya 4 il də uzadılmasından gedir. Bu isə OPEC-in özünə ziyan vurması və ABŞ şistinə və başqa qeyri-OPEC ölkələrinə daha geniş bazar verməsi ilə nəticələnəcək.

Beynəlxalq Enerji Agentliyinin təhlilində deyilir ki, OPEC-in hətta fazalarla tam hasilat həcmlərinə qayıtmasının öz problemləri var.

Fotonun müəllifi Reuters

Agentliyin proqnozlarına görə, qarşıdan gələn bir neçə ildə neftə tələbat azalacaq. OPEC-in hasilatı 2023-cü ilədək yalnız günə 750 min barrel artacaq.

Hesabatda deyilir ki, bu rəqəm çıxarılarkən Venesuelada hasilatın günə 700 min barrel azalacağı nəzərə alınıb.

Agentliyin gəldiyi nəticə budur ki, neftə olan tələbat 2023-cü ilədək günə 6,9 milyon barrel artacaq. Bu tələbatın əksər hissəsi Çin və Hindistanın payına düşür.

Bu arada təchizat günə 6, 4 milyon barrel artacaq ki, bunun da günə 3, 7 milyon barreli və ya 60 faizi ABŞ-dan gələcək.

Hesabatda deyilir ki, hazırda ən çox investisiya qoyulan sahə neft-kimya məhsulları sahəsidir. Buna səbəb heç də təkcə elektrik avtomobillərinin artması yox, həm də neftin və ucuz qazın bolluğudur.

Lakin eyni vaxtda mövcud yataqlardakı neftin tükənməsi nəticə etibarilə ildə 3 milyon barrel təchizat neftini siləcək.

Belə bir şəraitdə tələbatın artması o deməkdir ki, neft sənayesinin hər il təzə bir Şimal dənizinə ehtiyacı olacaq. Lakin sənaye neftin axtarışı və yataqların inkişaf etditirlməsinə əvvəllər olduğu qədər investisiyalar yatırmır.

2017-ci ildə yeni yataqların kəşf edilməsi ən aşağı həddinə çatıb, beləki cəmi 4 milyard barrel neft ehtiyatı müəyyənləşdirilib. Bu, 2020-ci illərin əvvəlləri üçün təchizatı çətinləşdirə bilər.

Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol deyir ki, "Birləşmiş Ştatlar qarşıdan gələn beş ildə neft bazarlarına öz möhürünü vuracaq".

"Amma dediyimiz kimi, qlobal investisiyaların azlığı narahatlıq mənbəyi olaraq qalır. Hər il günə 3 milyion barrel tükənməkdə olan neft yataqlarını əvəzləmək üçün yeni yataqlar lazımdır" - deyib ekspert.

Fotonun müəllifi Getty Images

Gələcək həyat yoldaşını müəyyən edən 15 sual

"The Independent" qəzeti yazır ki, sevmək qiyamət bir hissdir, amma həm də adamın başını gicəlləndirib, bir az da kor etməyi, daha doğrusu bütün dünyaya çəhrayı eynək araxasından baxdırmağı da var.

Halbuki sevginin əsl münasibətlərə çevrilib-çevrilməyəcəyini əvvəlcədən də deşifrə etmək mümkündür. Hər halda Monmouth Universitetinin psixologiya professoru və www.ScienceOfRelationships.com saytının yaradıcısı Gary W Lewandowski belə hesab edir.

Lewandowski "The Independent" qəzetinə deyib ki, o adamlara düzgün münasibətlərdə olub-olmadığını müəyyən etməkdə kömək edə bilər.

Professorun fikrincə əlbəttə burada ən əhəmiyyətli sual "mən perspektivi olan bir münasibətdəyəmmi" sualı ola bilərdi.

Amma bu sualı vermək asan, cavablandırmaq çətindir. Buna görə də professor Lewandowski 15 köməkçi sual qoyub.

O bu suallar siyahısını Keltnerin siyahısından ilhamlanaraq qurduğunu etitraf edir.

Keltnerin siyahısından istifadə etməklə beysbolda hansı oyunçunun Milli Beysbol Şöhrəti Sarayına (beysbolda ən yüksək titul) layiq olduğunu müəyyənləşdirirlər.

Burda söhbət yaxşıların içərisindən ən yaxşısını seçmək prinsipindən gedir.

Lewandowski deyir ki, bu suallara (amma səmimi olaraq) "bəli" cavabını verə bilsəniz, deməli həyat yoldaşı üçün seçiminiz düzgündür.

Professor bildirir ki, suallar həm elmə, həm də intuisiyaya əsaslanır.

Fotonun müəllifi Thinkstock

Beləliklə 15 sual:

1. Yoldaşınız sizi daha yaxşı insan edirmi və siz də eynilə onu yaxşı insan edə bilirsinizmi?

2. Siz və yoldaşınız hisslərinizi rahatca paylaşa bilirsinizmi, bir-birinizə arxayın və yaxınsınızmı? Partnyorunuzun sizi tərk edəcəyi barədə fikri uzqlaşdıra bilirsinizmi?

3. Siz və yoldaşınız bir-birinizi dəyişməyə çalışmadan olduğunuz kimi qəbul edə bilirsinizmi?

4. Fikir ayrılığı yarananda bir-birinizə hörmət əsasında danışa bilirsinizmi?

5. Siz və yoldaşınız bu münasibətdə qərar qəbul etmə prosesini, hakimiyyət və nüfuzu bölüşə bilirsinizmi?

6. Siz yoldaşınızla bir-birinizə ən yaxşı dostsunuzmu?

7. Siz və yoldaşınız daha çox "sən" və "mən" sözlərindən deyil, "biz" sözündən istifadə edirsinizmi?

8. Bir-birinizə sosial media parollarınızı və bank hesablarınızı etibar edə bilirsinizmi?

9. Siz və yoldaşınız mübaliğəsiz bir-biriniz haqqında yaxşı fikirdəsinizmi?

10. Sizin və yoldaşınızın dostları münasibətinizin möhkəm olduğunu düşünürlərmi?

11. Münasibətləriniz sədaqətsizlik və qısqanclıqdan azaddırmı?

12. Siz və yoldaşınız siyasətdə, dində, evliliyin mühümlüyündə, uşaq sahibi olmaq arzusunda eyni dəyərləri bölüşürsünüzmü?

13. Siz və yoldaşınız öz ehtiyac və arzularınızı bir-birinizə qurban edə bilirsinizmi?

14. Siz və yoldaşınız üzüyola və sabitqədəm adamlarsınızmı?

15. Siz və yoldaşınız seksual baxımdan uyarlısınızmı?

Lewandowski bunu da deyir ki, pis münasibətdə ilişib qalmaqdansa, ayrılmaq daha yaxşıdır.

Buna görə də bu suallara "yox" cavabı verməyiniz sizi kədərləndirməsin. Hər ziyanın içində bir xeyir var. Özü də belə bir məsələdə…