Rusiyalı casusun zəhərlənməsini izah etmək üçün Moskvaya möhlət verilib

Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliya Fotonun müəllifi EPA/ YULIA SKRIPAL/FACEBOOK
Image caption Ötən bazar günü keçmiş ikili casus 66 yaşlı Skripal və qızı Yulia Salisbury şəhər mərkəzindəki bir skamyada huşsuz vəziyyətdə tapılıblar

Moskvaya keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi zamanı Rusiyada hazırlanmış sinir qazından niyə istifadə olunmasını izah etmək üçün bu gün gecə yarısınadək möhlət verilib.

Britaniya baş naziri Theresa May deyib ki, ötən bazar günü Salisbury şəhərindəki hücuma görə "çox güman ki" Rusiya məsuliyyət daşıyır.

ABŞ Dövlət katibi Rex Tillerson baş verənləri "aydın şəkildə Rusiya tərəfindən gəlmiş... həqiqətən dəhşətli hadisə" adlandırıb və deyib ki, bunun "ciddi nəticələri" olmalıdır.

Moskva bu iddiaları "əsassız" adlandırıb.

Image caption Britaniya baş naziri Theresa May deyib ki, Böyük Britaniya Rusiyaya qarşı "daha geniş tədbirlər görməyə hazır olmalıdır"

Britaniyanın daxili işlər naziri Amber Rudd bəyan edib ki, işi müzakirə etmək üçün hökumətin fövqəladə komitəsi Cobra ilə görüşəcək.

Keçmiş ikili casus 66 yaşlı Skripal və qızı Yulia Salisbury şəhər mərkəzindəki bir skamyada huşsuz vəziyyətdə tapılıblar. Onların hazırda xəstəxanada kritik, lakin sabit vəziyyətdə olduqları bildirilir.

Onların evinə baxış keçirən polis əməkdaşı Nick Bailey sonradan zəhərlənmiş halda hospitala yerləşdirilib. Onun vəziyyəti ciddi olaraq qalsa da, ailəsi ilə danışa bilir.

"Rusiya tərəfindən törədilmiş"

Xanım May bazar ertəsi parlamentdə çıxışı zamanı deyib ki, hücumda istifadə olunmuş zəhər Rusiya tərəfindən hazırlanan və hərbidə istifadə olunan Noviçok adlanan sinir qazıdır.

"Ya bu zəhərlənmə Rusiya hökuməti tərəfindən birbaşa bizim ölkəyə qarşı atılmış addımdır, ya da artıq Rusiya hökuməti bu zəhərli maddə üzərində nəzarəti itirib və onun başqa əllərə keçməsinə icazə verib", Theresa May parlamentdə bildirib.

Xanım May deyib ki, Xarici İşlər Nazirliyinin Rusiya səfirini "bu iki ehtimaldan hansının doğru olduğunu izah etmək" üçün çağırdığını söyləyib.

O xəbərdarlıq edib ki, çərşənbə axşamı sonuna qədər "etibarlı cavab" olmasa, Böyük Britaniya Moskva tərəfindən "qüvvədən qeyri-qanuni istifadə" cəhdinin edildiyi qənaətinə gələcək.

Fotonun müəllifi PA
Image caption Theresa May deyib ki, hücumda istifadə olunmuş zəhər Rusiya tərəfindən hazırlanan və hərbidə istifadə olunan Noviçok adlanan sinir qazıdır

Theresa May parlamentdə onu da deyib ki, Böyük Britaniya Rusiyaya qarşı "daha geniş tədbirlər görməyə hazır olmalıdır".

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Theresa May-in bəyanatını "Britaniya parlamentində sirk şousu" adlandırıb.

"Nəticə göz qabağındadır - bu təxribata əsaslanan daha bir informasiya və siyasi kampaniyadır," - deyə o bildirib.

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Yevgeni Serebrennikov xanım May-in ittihamlarını "əsassız" adlandırıb.

Bundan əvvəl Prezident Vladimir Putin BBC-nin Rusiyanın bu zəhərlənmə olayının arxasında olub-olmaması barədə sualına: "Hələ siz özünüz bunu ayrıd edin, sonra biz bunu müzakirə edərik" deyə cavab verib.

Bu barədə daha geniş