Azərbaycan prezident seçkiləri: Avropalı müşahidəçilər sosial şəbəkələri də "monitorinq edəcək"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Azərbaycanda seçkilərə görə sosial media da monitorinq ediləcək"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Corien Jonker BBC Azərbaycancaya 11 aprel prezident seçkilərində aparılacaq müşahidə və Azərbaycandakı seçki şəraiti barədə müsahibə verib.

BBC: Xanım Jonker, ana müxalifət demək olar ki, bu seçkilərdə tamamilə iştirak etmir, erkən seçkiləri boykot edəcəyini bildirib. Qalan namizədlər Azərbaycanda fərdi olaraq tanınmış simalardır və onlar hazırkı prezident İlham Əliyevi müdafiə edib və tərifləyiblər, onlardan biri - Zahid Oruc ötən həftə BBC Azərbaycancaya müsahibəsində xalqı Əliyevə səs verməyə çağırıb.

Bu, sizin müşahidə missiyanıza əhəmiyyətli təsir göstərəcəkmi? Sizin missiyanız müxalifətin boykot qərarını qiymətləndirmək üçün addım atacaqmı və atacaqsa o, necə bir addım olacaq?

- İndi mənim üçün əvvəl olanlar barədə öncədən mühakimə etmək mümkünsüzdür. Ona görə ki, biz seçkiləri müqayisə edə bilmərik, misal üçün, ölkələri bir-biri ilə müqayisə edə bilmərik.

Biz bütün seçkilərə baxacağıq, qısa müddətli müşahidə ilə seçki öncəsi müddətə baxacağıq, həmçinin 280 qısa müddətli müşahidəçi ilə seçki gününü əhatə edəcəyik.

Seçki günü açılışı, səs verməni, saymanı, siyahılaşdırmanı və eləcə də seçkidən sonrakı müddəti də müşahidə edəcəyik.

Ölkədə qalacağıq və hadisələrin seçkidən sonrakı inkişafını izləyəcəyik. Bizim müşahidələrimiz və qiymətləndirməmiz budur.


BBC:Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ehtiyacların Dəyərləndirilməsi Hesabatında qeyd edir ki, "Son seçkilərdən bəri seçkilərin keçirilməsi ilə bağlı Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrini əks etdirən məsələlərə dair Seçki Məcəlləsində dəyişiklik edilməyib".

Seçkilərdə demokratik standartların təkmilləşdirilməsinə dair Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin qəbul edilməsi nə dərəcədə vacibdir və tövsiyələrinizin ciddi şəkildə nəzərə alınacağı barədə hakimiyyətdən hansı zəmanətlər almısınız?

- Bizim leqal müşahidəçimiz əvvəlki illərdə etdiyimiz tövsiyələri nəzərdən keçirəcək və dəqiqliklə baxacaq ki, hansı tövsiyəyə qismən əməl olunub, hansına olunmayıb.

Sonra analiz edəcəyik. Biz müşahidəmizi yazırıq, ciddi tövsiyə hazırlaya bilərik. Və biz vacib olan əvvəlki tövsiyəni təkrar edə bilərik.

Biz öz hesabatımızı hakimiyyət və ölkə, vətəndaş cəmiyyəti və media üçün dərc edirik ki, sonra qərar versinlər, bu tövsiyələrə dair nə etmək olar.

Bizim mandatımız burada başa çatır. Biz hesabatı dərc edirik və onu ölkənin öhdəsinə qoyuruq ki, tövsiyələrə dair nə edəcəkləri barədə qərar versin.


BBC: Ehtiyacların Dəyərləndirilməsi Hesabatında qeyd edildiyi kimi, görüşdüyünüz bəzi müsahiblər qeydiyyatdan keçmiş seçicilərin sayının səsvermə yaşında olan insanların sayından aşağı olması ilə bağlı narahatlıqlarını bildirib. Rəsmi olaraq 5,2 milyon insan səs vermək üçün qeydə alınıb, lakin səsverməyə yaşı çatan 7 milyondan çox insan var. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu əhəmiyyətli bir problem hesab edirmi, yoxsa bu hal digər ölkələrdə də yayılıb?

- Seçki Müşahidə Şurasının baxdığı qiymətləndirmə hesabatında dərc olunanlar vacib məsələlərdir.

Əlbəttə ki, seçici siyahısı və səs verənlərin siyahısı həmişə və bütün seçkilərdə, hər bir ölkədə mühüm məsəlidir.

Buna görə də biz müxtəlif insanlarla danışacağıq və qeyd olunanları hesablayacağıq. Baxacağıq ki, niyə belə ziddiyyət alınıb. Ola bilər ki, bu izah olunandır, ya da izah oluna bilmir.

Bilirsiniz, bəzən çox məqbul cavablar olur. Biz burada nə baş verdiyini öyrənmək üçün təhlil edəcəyik, insanlarla müsahibə aparacağıq.

Bu barədə daha geniş