Sonuncu şimal ağ kərgədanı Kenyada ölüb

Rhino Fotonun müəllifi getty/ TONY KARUMBA

Dünyada şimal ağ kərgədanının erkək cinsinin sonuncu nümayəndəsi bir neçə ay davam edən xəstəlikdən sonra ölüb.

Sudan adlı 45 yaşlı kərgədan Kenyanın Ol Pejeta qoruğunda yaşayırdı. Yaşlandığı üçün onun vəziyyəti qəfildən pisləşib.

Onun ölümü ilə kərgədanın aid olduğu yarımnövün dünyada cəmi 2 nümayəndəsi -onun qızı və nəvəsi- qalıb.

Bu növ kərgədanlar niyə nadir hesab olunur?

Kərgədanlar fillərdən sonra ən böyük yerüstü məməlilərdir. Ağ kərgədanlar iki kateqoriyaya bölünür: cənub ağ kərgədanının təbiətdə sayının 20 mindən çox olduğu ehtimal olunur; şimal ağ kərgədanı isə nadir tapılır və onun nəsli təhlükə altındadır.

İnsan ömrü ilə hesablanarsa, 90 yaşında olan Sudan adlı kərgədan eynicinsli erkək kərgədanın 2014-cü ildə ölməsindən sonra bu növün sonuncu erkək kərgədanı olub.

Bu növün nümayəndələrinin sayı Uqanda, Mərkəzi Afrika Respublikası, Sudan və Çadda 1970-1980-ci illərdə qanunsuz kərgədan ovu böhranından sonra kütləvi azalıb. Kərgədanların buynuzlarından Asiyada ənənəvi Çin təbabətində istifadə etmək üçün, Yəməndə isə xəncər tutacaqları hazırlamaq üçün istifadə edirdilər.

Sonuncu bir neçə kərgədan isə 2000-ci illərin əvvəllərində Konqo Demokratik Respublikasında baş verən atışmalar zamanı öldürülüb.

2008-ci ildə, Dünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) şimal ağ kərgədanlarının vəhşi təbiətdəki nəslinin tükəndiyini bildirib.

Sudan adlı kərgədan niyə öldü?

Yaşlı kərgədan əzələ və sümüyündəki dəyişiklərdən, eləcə də dəri yaralarından müalicə olunurdu.

Artıq ayağa qalxa bilməyən və son 24 saatını əziyyət çəkərək keçirən Sudan qoruğun baytarları tərəfindən yatızdırılıb.

"Sudan vəhşi təbiətdə doğulan sonuncu şimal ağ kərgədanı idi", Sudanın 2009-cu ilədək yaşadığı Çexiya zooparkından Jan Stejskal deyib.

"Onun ölümü təbiətə qarşı insan diqqətsizliyinin qəddar nümunəsidir və bu, onu tanıyan hər kəsi kədərləndirib", cənab Stejskal əlavə edib, AFP yazır.

Bu barədə daha geniş