Trump “Putini təbrik etmə!” məsləhətinə məhəl qoymayıb

trump Fotonun müəllifi getty/ Handout

ABŞ prezidenti Donalt Trump rusiyalı həmkarı Vladimir Putini iki gün öncə seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

O, Ukrayna və Suriyada artan silahlanma yarışının qarşısını almağı müzakirə etmək üçün görüşəcəklərini və bunun uzaq gələcəkdə olmayacağını bildirib.

Vladimir Putin böyük fərqlə, 76%-dən çox səslə dördüncü dəfə 6 il müddətinə prezident seçilib.

Əsas müxalifət lideri Aleksey Navalni seçkilərə buraxılmayıb. Avropalı müşahidəçilər seçkilərin effektiv aparıldığını, lakin həqiqi seçimin olmadığını bildirib.

Donald Trump ABŞ və Rusiya arasındakı silahlanma yarışının nəzarətdən çıxdığını, "lakin biz bir daha heç kəsə bizim sahib olduqlarımıza yaxın şeylərə sahib olmağa icazə verməyəcəyik" deyib.

Washington Post-un yazdığına görə, Trump, milli təhlükəsizlik müşavirlərinin təqdim etdiyi məsləhət sənədində yazılmış "DO NOT CONRATULATE", yəni "təbrik etmə" xəbərdarlığına məhəl qoymayıb.

Fotonun müəllifi Getty Images
Image caption Vladimir Putin böyük fərqlə, 76%-dən çox səslə dördüncü dəfə 6 il müddətinə prezident seçilib

Telefon danışığı zamanı cənab Trump Qərblə Moskva arasında gərginliyə səbəb olan sabiq kəşfiyyatçı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi məsələsinə toxunmayıb.

Böyük Britaniya höküməti hücumda Rusiyanı günahlandırsa da, Rusiya ittihamları təkzib edir.

Kreml ABŞ və Rusiya prezidentlərinin telefon danışığını "konstruktiv və işgüzar" adlandırıb və Rusiyanın iki millət arasında olan problemlərin öhdəsindən gəlinəcəyinə ümid etdiyini bildirib.

Bu barədə daha geniş