Britaniya mətbuatı: Türkiyə: CNN Türk telekanalının daxil olduğu Doğan media holdinq "Erdogana yaxınlığı olan biznesmenə satılır"

Britaniya mətbuatı yazır ki, Türkiyə prezidenti Erdoğan "azad mətbuatın sonuncu nəhəngini" də ram edir Fotonun müəllifi DOGANHOLDİNG.COM.TR
Image caption Britaniya mətbuatı yazır ki, Türkiyə prezidenti Erdoğan "azad mətbuatın sonuncu nəhəngini" də ram edir

"Financial Times" yazır ki, Türkiyənin media baronlarından biri öz qurumlarını prezident Recep Tayyip Erdoğana bağlı bir biznesmenə satır və bu hadisə ölkənin az-çox müstəqil media relyefinə son zərbə olacaq.

Aydın Doğana məxsus Doğan Holding CNN Türk telekanalı və Hürriyet qəzeti də daxil özünün media qolunu Demirören Holding-ə satmağa hazırlaşır.

Demirörenin sözçüsü Reuters agentliyinə bildirib ki, "danışıqlar davam edir və alqı-satqı müqaviləsi artıq tərtib edilib".

Məqalədə deyilir ki, Türkiyənin ən populyar media adlarının satılması Türkiyənin media meydanında Erdoğana sədaqətli qurumların hegemonluq etdiyi bir vaxta təsadüf edir.

Türkiyədə hazırda 150 jurnalist həbsxanalardadır.

"Bu, Türkiyə mediası üçün tarixi bir andır, - Doğan qrupunun rəsmisi deyib, - Hazırda media üçün çətin vaxtlardır. Hamı kədərlidir. Amma düşünürəm ki, adamlar bunun qaçılmaz bir hadisə olduğunu anlayırlar".

Fotonun müəllifi HURRIYET
Image caption "Hurriyet" qəzeti

Cənab Doğan artıq xeyli müddət idi ki, cənab Erdoğanla kəllə-kəlləyə idi, lakin son illərdə onun media qurumları tənqid tonunu aşağı salmış və bəzən hətta erdoğanyönlü mövqe tutmuşdu. Buna səbəb maqnatın bütün biznesinin siyasi təzyiq altında olması idi.

Buna baxmayaraq, satılan media qrurumlarının bir neçəsi Erdoğanın çevrəsi ilə bağlı deyil.

1990-2000-ci illərdə Doğan qrupunun media qurumları ilə işləmiş mətbuat azadlığı kampaniyaçısı və jurnalist Andrew Finkel deyir ki, son dərəcə rentabelsiz Cümhuriyet qəzetini çıxmaqla, Doğan Media "köhnə günlərdən qalan son istehkam idi".

"Bu, bütöv bir eranın sonudur" -jurnalist deyib.

Əsas maraqları enerji, turizm, tikinti və toxuculuqda olan Demirören Holding özəl şirkətinin artıq iki qəzeti vardı. Bu şirkət Erdoğan Demirörenə məxsusdur. Bu həmin Demirörendir ki, hökumətə ziyanlı lent yazısını efirə verdiyinə görə adaşı tərəfindən kəskin tənqid edilmiş və Erdoğanla hətta telefonda danışarkən hıçqırtı ilə ağladığı eşidilmişdi.

Hazırda 82 yaşı olan Aydın Doğan Türkiyədə dünyəviçiliyin nəhənglərindən biri idi və 1990-cı illərdə dövlətdən bir sıra dəstəklərə nail olmuşdu. Onu bəzən hətta 1997-ci ildə dinçi hökumətə qarşı hərbi çevrilişin əsas oyunçularından biri adlandırırdılar, hərçənd özü bunu qətiyyətlə inkar edirdi.

Lakin Erdoğanın Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra dünyəvi elitanın nümayəndəsi kimi Doğan da şübhə obyektinə çevrilmişdi. Bu media qurumu Erdoğanın kəskin tənqidləri ilə üzləşirdi. 2009-cu ildə Doğan Holding nəhəng vergi cəriməsi ilə hədəflənmişdi. Çoxları bu cərimənin siyasi motivli olduğunu bildirirdilər.

Son illərdə CNN Türk və Hüriyyet qəzetinin bəzi müxbirləri hökuməti tənqid etdiklərinə görə işlərini itirmişdilər. Erdoğana hüdudsuz hakimiyyət verən referendumda iştirak etməyəcəklərini bəyan etmiş iki jurnalist isə işdən qovulmuşdu.

Bütün bunlara baxmayaraq, Doğan qrupunun media qurumları hökumətin qəzəbinə tuş gəlməkdə davam edirdi.

Cənab Doğanın özü də təzyiq altında idi. Hökumətyönlü qəzetlər ona qarşı əlaqələndirilmiş hücum kampaniyaları aparırdılar. Buna görə də indi Doğan Medianın satılması barədə xəbər onun səhmlərinin qiymətini 17 faiz artırıb.

Fotonun müəllifi PA
Image caption Tədqiqatçılar xəbərdarlıq edir: "Şəkərli içkilər erkən ölümə səbəb ola bilər"

Şəkərli içkilər erkən ölümə səbəb ola bilər

Britaniya mətbuatı qidaların insan orqanizminə təsirinə də diqqət ayırıb.

"The Independent" qəzeti yazır ki, alimlər şəkərli içkilərin erkən ölümlərlə bağlılığını aşkar ediblər. Lakin onlar bunu şəkərli qidalara aid etmirlər.

Bu ona görə belədir ki, şəkərli içkilər və şəkərli qidalar orqanizmdə müxtəlif şəkildə həzm edilir.

Alimlər bu nəticəyə gəlməzdən əvvəl yaşı 45-dən yuxarı bir qrup insanı 6 il müddətində müşahidə ediblər.

Təcrübə göstərib ki, günə 680 qramdan artıq şəkərli içki qəbul edənlərin erkən ölüm riski belə içkiləri günə 28 qramdan artıq qəbul etməyənlərlə müqayisədə iki dəfə çoxdur.

Lakin alimlər vurğulayırlar ki, bu nəticələr erkən ölümlərin şəkərli içkilərlə yalnız bağlılığını göstərib və birmənalı qaydada səbəb kimi qəbul edilə bilməz.

Alimlər bundan əvvəl piylənmə və xroniki xəstəliklərə - əlavə edilmiş şəkərli qidaların təsirini öyrənmişdilər.

Alimlər deyirlər ki, başqa faydaları çox az olan şəkərli içkilər insan bədənini "şəkər daşqınına" məruz qoyur.

Amma onların fikrincə şəkərli qidalarda yağlar və zülallar kimi başqa komponentlər də olur. Bu maddələr bədəndəki metabolizmi yavaşıdır. Başqa sözlə, şəkərli qidalar da tam ziyansız deyil.

Görünür, insanlar da şəkərin sağlamlığa vurduğu ziyandan indi daha çox agahdırlar.

Birləşmiş Krallıqda 2013-cü ildən bəri şəkərli içkilərin istehlakı 13 faiz azalıb.

Bu barədə daha geniş