Cənubi Koreyadan gəlmiş pop ulduzlarını izləyən Kim Jong-un “dərindən təsirlənib”

Şəklin mənbəyi, AFP
İki ayrıca konsertdə iştirak etmək üçün Cənubi Koreyadan Pxenyana 11 ifaçı və müsiqi qrupu gəlib.
Şimali Koreya lideri Kim Jong-un Cənubi Koreyadan gəlmiş ifaçıların iştirak etdiyi konserti izləyərkən dərindən təsirlənib, Şimali Koreya dövlət xəbər agentliyi KCNA bildirib.
Xəbərə görə, Şimali Koreya lideri cənubi koreyalı ifaçıları izləyən şimali koreyalı auditoriyanın nümayiş etdirdiyi həvəsi gördükdə ürəyi xoşbəxtliklə dolub.
O, əhəmiyyətli tədbir adlandırdlığı konsertin "Koreyanın bir ölkə olduğunu nümayiş etdirdiyini" deyib.
Yerli xəbərlərə görə, cənab Kim konserti həyat yoldaşı ilə izləyib, konsert bitdikdən sonra səhnə arxasında ifaçılarla söhbətləşib və şəkillər çəkdirib.
Bu, on ildən artıq müddətdə Şimali Koreyaya gələn ilk Cənubi Koreya musiqi heyətidir. Onların gəlişi iki ölkənin liderləri arasında planlaşdırılmış görüşdən əvvəl həyata keçib.
İki ayrıca konsertdə iştirak etmək üçün Cənubi Koreyadan Pxenyana 11 ifaçı və musiqi qrupu gəlib.
Bundan əvvəl Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiadasına da Şimali Koreyada ifaçılar göndərilmişdi.
İki ölkə arasında musiqi heyətlərinin göndərilməsi dövlətlərarası əlaqlərin uzun müddət gərginlikdən sonra təkmilləşməsinin əlamətidir.
"Yaz Gəlir" adlanan konsert bazar günü axşam saatlarında 1,500 nəfərlik Şərqi Pxenyan Böyük Teatrında keçirilib, Cənubi Koreya mətbuatı xəbər verib.
Pop, rok və digər musiqi janrları təmsil edilən heyətin növbəti konserti çərşənbə axşamı keçiriləcək.
Cənab Kim Cənubi Koreyadan gəlmiş musiqi qrupunu izləyən ilk Şimali Koreya lideridir, Cənubi Koreyanın rəsmi xəbər agentliyi Yonhap bildirib.

Şəklin mənbəyi, EPA
Cənab Kim və onun yoldaşı R Sol-ju bəzi Cənubi Koreya ifaçıları ilə birgə şəkil çəkdirib
Onun bacısı Kim Yo-jong və Şimali Koreyanın simvolik dövlət başçısı Kim Yong-nam da tamaşanı izləyiblər.
Tamaşa vaxtı Kim Jong-un "böyük maraq göstərib, mahnıların musiqisi və sözləri barədə çoxlu suallar verib", Cənubi Koreya mədəniyyət naziri Do Jong-hvan jurnalistlərə deyib, Reuters yazır.
Gələcək zirvə görüşləri
Konsertdən əvvəl teatrda cənab Kim-in iştirak etmədiyi başqa bir tədbirdə Cənubi Koreyadan gələn taekvondoçuların da tamaşası olub.
Cənab Kim Cənubi Koreya prezidenti Moon Jae-in və ABŞ prezidenti Donald Trump-la zirvə görüşləri keçirməyə razılıq verib.
Keçən həftə ilk dəfə xaricə rəsmi səfərində, o, Çinin prezidenti Xi Jingping-lə də görüşüb.
Üçüncü Koreyalararası zirvə görüşü aprelin 27-nə planlaşdırılıb. Bundan əvvəlki zirvə görüşləri 2000 və 2007-ci illərdə keçirilib.
Şimali Koreya və ABŞ zirvə görüşünün tarixi hələ ki, müəyyən edilməyib.
Bununla yanaşı Cənubi Koreya və ABŞ arasında hər il keçirilən birgə hərbi təlimlərə hazırlıq keçirilir.
İki ölkə Şimali Koreya ilə görüşlərə hazırlaşır və keçən illə müqayisədə bu ilki təlimlərin miqyası azaldılıb.
Bu il 300 min Cənubi Koreya və 24 min ABŞ hərbçisi müddəti bir ay azaldılmış təlimlərdə iştirak edəcək. Əvvəlki təlimlərdən fərqli olaraq bu dəfə nüvə silahlarına malik olan sualtı gəmiləri təlimlərdə iştirak etməyəcək.
Əvvəlki təlimlər Şimali Koreyanın qəzəbinə səbəb olub, lakin xəbərlərə görə, bu il Pxenyan tənqidində daha sakitdir.
Deyilənlərə görə, cənab Kim qonaq gəlmiş Cənubi Koreya rəsmilərinə təlimlərin baş tutmasının vacibliyini anladığını deyib.