Britaniya mətbuatı: Trump Putindən, Putin Trump-dan nə istəyir?

Vladimir Putin, Donald Trump Fotonun müəllifi Getty Images
Image caption Donald Trump Vladimir Putini Ağ Evə dəvət edib

"The Week" jurnalında Paul Waldman yazır ki, hələ 2013-cü ildən Trump-ın ən böyük arzusu Vladimir Putinin dostu olmaq idi.

O bilirdi ki, onlar bir müddət bir yerdə olsalar, canbir-qəlb dosta, ayrılmaz yoldaşa çevriləcəklər.

Lakin Putin ona biganə idi və Trump kiməsə qarşılıqsız məftun olan axmaqlar kimi əldə edə bilmədiyini istəyirdi.

2013-cü ildə Rusiyaya səfəri zamanı Trump Putinlə görüşmək imkanından həyəcanlanmışdı.

Həmin iyun ayında yazıdığı tvitdə o bu həyəcanını gizlətmirdi. "Düşünürəm ki, Putin Miss Kainat yarışına gələr və əgər gələrsə mənim ən yaxşı dostum ola bilər".

"Lakin onun Moskvaya səfər müddəti azalırdı və o Putindən səs-soraq çıxmadığını gördükcə narahat olurdu, - David Corn və Michael Isikoff özlərinin "Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin və Donald Trump-ın seçilməsinin gizlinləri" kitabında yazırlar: "Putin gələcəkmi?" - deyə Trump elə hey soruşurdu, - Lakin sonunda ona dedilər ki, Putin yol tıxaclarına görə gələ bilməyəcək".

Bu lap ona bənzəyir ki, məftun olduğun adam sənə deyir: "Hə, bilirsən, sənin qonaqlığına gələrdim e…Amma bir işim çıxıb, gəl başqa vaxta saxlayaq".

Fotonun müəllifi Reuters
Image caption Konqres ötən il Rusiya üzərinə yeni sanksiyalara dair qanun qəbul edib və Trump çox könülsüz olsa da, onu imzalayıb

İndi isə Trump elə bir mövqedədir ki, Putin onun dəvətindən çətin imtina edə bilər: Gəl Ağ Evə, sənin üçün qırmızı xalı-xalça sərim".

Belə bir dəvətin olduğunu Rusiya höküməti bəyan edib. Moskva bunu da bildirib ki, dəvət Trump-ın Putinə telefon zəngi zamanı səslənib.

Amma Ağ Ev daha ehtiyatlı tərpənərək bildirib ki, "iki lider çox da uzaq olmayan gələcəkdə görüşməyi qərarlaşdırıblar və mümkün görüş yerlərindən biri də Ağ Ev ola bilər".

Elə isə Trump Putindən nə istəyir və Putin Trump-dan nə istəyir? - müəllif yazır.

Məqalədə deyilir ki, başqa bir vaxtlarda Rusiya bizi ümumiyyətlə maraqlandırmazdı. İki ölkə arasında, xüsusilə də Çin və Kanada ilə müqayisədə malların və xidmətlərin mübadiləsi cüzidir və cəmi 1 faiz təşkil edir.

Yəni, Trump Rusiya ilə münasibətlərdən qəti narahat olmamalıdır. Rusiya bütün dünyaya mədəniyyət yaymır və dünyanın 12-ci iqtisadiyyatı olsa da, beynəlxalq iqtisadiyyatda ortabab oyunçudur.

Əslində Rusiya bir vaxtlar Birləşmiş Ştatlarla kəllə-kəlləyə gələn Sovet İttifaqının cılız kölgəsidir. İndi Rusiyanın nüfuz dairəsi onun öz regionundan kənara çıxmır.

Əlbəttə, Putinin əlindən xata çıxa bilər. Burda müdaxilə edə bilər, orda seçkiyə qarışar, arabir də sui-qəsdlər düzəldər. Amma əgər o Trump-ın seçilməsinə böyük ümidlər bağlayırdısa, indi yəqin ki, pərtdir.

Trump seçiləndən bəri "biz Rusiya ilə yola getsək yaxşı şey olar" desə də, o Ağ Evə gələndən bəri iki ölkə arasında münasibətlər daha da pisləşib.

Buna səbəb Amerika hakimiyyətinin bütün qollarıdır - istər Konqres olsun, istərsə də xarici siyasət idarəsi, hətta bəzi hallarda onun öz müşavirləri prezidentin əleyhinə gedirlər.

Konqres ötən il Rusiya üzərinə yeni sanksiyalara dair qanun qəbul edib və Trump çox könülsüz olsa da, onu imzalayıb.

Dekabr ayında administrasiya Ukraynaya Rusiya təcavüzünə qarşı dayana bilməsi üçün döyüş silahlarının verilməsi barədə qərar qəbul edib.

Son günlərdə isə İngiltərədə keçmiş Rusiya casusunun zəhərlənməsinə görə 20-dən çox ölkə Moskvanın diplomatlarını qovub.

Fotonun müəllifi EPA/ YULIA SKRIPAL/FACEBOOK
Image caption Birləşmiş Ştatlar keçmiş casus Skripal və qızı Yulianın zəhərlənməsində Rusiyanı günahlandırır

Nə olursa-olsun, Trump Putinin ümidlərini doğrultmayıb. Bu, qismən də Trump-ın Rusiyaya qarşı daha sərt mövqe tutulmasını istəyən qüvvələrin öhdəsindən gələ bilməməsi ilə bağlıdır, lakin ikinci bir tərəfdən onun ümumiyyətlə "o zəhrimar xarici siyasət xəttinə" riayət edə bilməməsi də əsas səbəbdir.

Trump üçün prezidentlik şəxsi məsələdir. O istəsə Kim Jong Un-la nüvə silahları ilə danışa bilər. Onun üçün əsas budur ki, o Putini xoşlayır, Amerikanın Rusiyaya münasibəti isə onu qətiyyən narahat etmir.

Putinə gəlincə isə, o istədiklərindən bəzilərinə nail olub. Xoşlamadığı Hillary Clinton seçkidə uduzub. Digər tərəfdən belə bir təbliğat və hay-küylə müşayiət olunan seçki kampaniyası bütün Qərb demokratiyasını gözdən salıb.

Amma keçən il bəlli olub ki, Trump Rusiyaya qarşı sanksiyaları qaldırmaq iqtidarında deyil. Xüsusilə də Putinin öz düşmənlərini belə dramatik vasitələrlə qətlə yetirdiyi bir vaxtda.

Odur ki, Trump ən yaxşı halda Putinə yalnız simvolik qələbələr qazandıra bilər.

Məsələn, bütün müşavirlərinin "ONU TƏBRİK ETMƏ" xəbərdarlığına baxmayaraq Trump Putini təbrikləyib.

Ona görə də Putin bilir ki, o nə qədər adamı danlasa da, qətlə yetirsə də, Trump ona heyrandır.

İndi Ağ Evə dəvət də Putinə müəyyən status verəcək: O, dünyanın ən güclü ölkəsinin lideri ilə görüşdü və hörmət gördü. Amma Putin Moskvaya bundan artıq heç nə apara bilməyəcək.

Əgər işlər belə getsə, Trump Putindən istədiyini ala bilər: Onun gözlərinin dərinliyinə baxa, əlini dostcasına onun çiyninə qoya bilər.

Və nəhayət, Putin onun istədiyini deyə bilər: "Hə, Donald. Biz dostuq".

Əgər belə bir dostluğun hər hansı dəyəri varsa…

Bu barədə daha geniş