Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək: müxalifət nə deyir?

seckiler Fotonun müəllifi Getty Images

Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri baş tutacaq, bu barədə ölkə prezidenti Recep Tayyip Erdoğan açıqlama verib.

O, MHP lideri Devlet Bahçeli, daha sonra isə baş nazir Binali Yıldırım ilə görüş keçirdikdən sonra bu qərara gəlindiyini deyib.

MHP lideri çərşənbə axşamı qrup yığıncağında növbədənkənar seçkilər üçün 26 Avqust tarixini təklif etmişdi.

Prezident Erdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərini ən qısa zamanda həll edilməsi lazım olduğunu deyib.

"Yeni rəhbərliyə keçid getdikcə daha tezləşdirilməlidir. Cənab Bahçelinin dünən etdiyi çağırışı səlahiyyətli qurumlar ilə eninə-boyuna müzakirə etdik. Yoldaşlarımızla erkən seçki təklifinə müsbət yanaşmamız lazım olduğunu qəbul etdik", Erdoğan deyib.

CHP: Bu idarə edə bilməmənin elanıdır

CHP başqan müavini Bülent Tezcan, seçki tarixinin açıqlanması ardınca verdiyi şərhdə partiyasının seçkiyə hazır olduğunu deyib.

Onun sözlərinə görə növbədənkənar səsvermənin elanı hökuməti idarə edə bilməməyin etirafıdır.

"Bu erkən seçkiyə çağırış, idarə edə bilməmənin elanıdır".

İYİ Partiyası: Hörmətli Erdoğan siyasətdən silinəcək

Seçkilərin elanı ilə bağlı İYİ Partiyasının baş katibi deyib ki, "Bahçeli AKP ilə birlikdə Türkiyəni idarə etmədiyini erkən seçki tələbi ilə təsdiqləmiş oldu."

Aytun Çıray seçkilərin önə çəkilməsindən razı qaldığını deyib.

Partiyanın ümumi lideri isə hadisəyə münasibətini Twitter vasitəsilə açıqlayıb.

"Biz ölkə və bölgəmizin rahat bir nəfəs almasını təmin etmək üçün gəlirik. Xeyirli olsun", - Meral Akşenerin tvitində deyilir.

Bu barədə daha geniş