İlham Əliyev andiçmə mərasimindən sonra: "...anti-milli qruplaşmanın yeri tarixin zibilxanasıdır"

Andiçmə mərasimi Fotonun müəllifi VUGAR AMRULLAYEV/PRESIDENT.AZ
Image caption Prezident çıxışında seçkiqabağı kampaniyada iştirak etmiş namizədlərə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev andiçmə mərasimindən sonra etdiyi çıxışında vurğulayıb ki, "xalq-iqtidar birliyi" Azərbaycanın uğurlarının "əsas şərtidir".

Azərtac yazır ki, prezident Əliyev seçkiqabağı kampaniya gedişində namizədlərin öz çıxışlarında "kifayət qədər kəskin tənqidi fikirlər" söyləməsini alqışlayıb.

"Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir", - deyən cənab Əliyev qeyd edib ki, namizədlər tərəfindən qaldırılmış məsələlərə "diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaq".

Qarabağ

Qarabağ münaqişəsinin həllindən danışan İlham Əliyev qeyd edib ki, bu problemə görə Azərbaycan Ermənistanı regional layihələrdən kənarda saxlayır.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın, - prezident Əliyev deyib.

Təhlükəsizlik

Prezident bildirib ki, son 15 il ərzində Azərbaycan xalqı "təhlükəsizlik, sabitlik şəraitində" yaşayıb:

"Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb", o, çıxışında qeyd edib.

Cənab Əliyevin fikrincə, sabitlik pozularsa inkişafdan söhbət gedə bilməz:

"Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür", o deyib.

Azadlıqlar

İlham Əliyevin sözlərinə görə, son 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib və ölkədə bütün azadlıqlar təmin edilib.

"Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik".

Prezident çıxışı zamanı demokratik inkişafla bağlı səyləri artıracağını deyib.

"O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır".

O deyib ki, Azərbaycan xalqı "xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə" bir daha öz yerini göstərib.

"Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun", prezident bildirib.

"Hara baxsaq, hansı sahəyə baxsaq, biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir", İlham Əliyev çıxışı zamanı deyib.

Prezident seçkiləri bu ilin oktyabr ayında baş tutmalı idi, lakin ölkə prezidenti İlham Əliyevin qərarilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.

Seçkini müşahidə etmiş ATƏT-in Seçki Müşahidə Missiyası aprelin 12-də açıqladığı hesabatda bildirib ki, namizədlər ölkə başçısı olan digər namizədi - İlham Əliyevi tənqid etməkdən çəkiniblər və hakimiyyətə qarşı birbaşa əks mövqe göstərməyiblər.

Hesabatda o da deyilib ki, seçki "həqiqi rəqabətin olmadığı şəraitdə", "hüquq və azadlıqların məhdudlaşdırıldığı mühitdə" keçdiyini bildirib.

Missiyanın açıqlamasında vurğulanıb ki, "prezident seçkisi günündə müşahidəçilərin icrası mütləq olan prosedurlara məhəl qoymaması, şəffaflığın olmaması, seçki qutularına topa bülletenlərin atılması qeydə alınıb".

Hakimiyyəti sərt tənqid edən siyasi təşkilatlar, o cümlədən, Milli Şura və Müsavat partiyası seçkini boykot ediblər.

Onlar seçkinin ədalətli və demokratik keçirilmədiyini, seçki prosesində "kütləvi qanun pozuntularına" yol verildiyini əsas gətirək seçkinin nəticəsini şübhə altına alıblar.

İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlib. Ondan əvvəl 10 il müddətinə ölkəni atası Heydər Əliyev idarə edib.

Ötən həftənin çərşənbə günü baş tutmuş seçkidə İlham Əliyev 86 faiz səs toplayıb.

Namizəd Zahid Oruc isə 3 faiz səslə ikinci yerdə qərarlaşıb, Mərkəzi Seçki Komissiyası bildirib.

Bu barədə daha geniş