Səudiyyə: Kinoteatra getmək birdən-birə niyə yaxşı hal sayıldı?

Səudiyyə qadınları Fotonun müəllifi AFP
Image caption Səudiyyəlilər xarici filmlərə onlayn baxıblar

Səudiyyə son 25 ildə Black Panther filmi ilə kino premyerasını təqdim edib.

Bəs görəsən onilliklərdir ki, kinoteatrların fəaliyyəti qadağa altında olan ölkədə kinoya getməyə niyə izn verilir?

Bu, Səudiyyə cəmiyyətində dərin dəyişiklərin təzahürüdür, Chatham House Kral Araşdırmalar İnstitutundan Jane Kinninmont-un BBC-nin sifarişi ilə hazırladığı təhlildə qeyd olunur.



Başqa Yaxın Şərq ölkələrində olduğu kimi 32 milyonluq monarxiya əhalisinin çoxu 30 yaşına çatmamış gənclərdir.

32 yaşlı şahzadə Məhəmməd bin Salmanın vəliəhd təyin olunması məhz cəmiyyətin gənc qisminin maraqlarını təmin edilməsilə bağlıdır.

Lakin onun qarşısında çətin vəzifə durur, BBC-nin sifarişi ilə yazılan məqalədə deyilir.

Vəliəhd iqtisadiyyatın neftdən asılılığını azaltmalıdır. Bunun nəticəsində gənclərin həyat səviyyəsi onların valideynlərinə nisbətdə daha aşağı ola bilər.

Jane Kinninmont yazır ki, evlə təminatın dəyərinə görə tez-tez şikayətlərə rast gəlmək olar. Bu arada səhiyyə və təhsil sahəsində artıq özəlləşmə başlayıb.

Bəzi qərbli təhlilçilərə görə, müəyyən mərhələdə Səudiyyə hakimiyyəti əhaliyə göstərilən iqtisadi yardımı məhdudlaşdırmalı olacaq.

Bu isə daha geniş siyasi hüquqların verilməsinə dair təzyiqləri artıra bilər.

Lakin belə görünür ki, Məhəmməd bin Salmanın təklif etdiyi model bir qədər fərqlidir, Jane Kinninmont-un təhlilində deyilir.

Fotonun müəllifi Getty Images
Image caption İyun ayından qadınlar avtomobil idarə edə biləcəklər

Onun fikrini belə təsvir etmək olar: "Daha çox işlə, sistemi tənqid etmə və daha çox əylən".

Dubayda olduğu kimi o, geniş siyasi azadlıqlardansa müəyyən dərəcəli sosial azadlıqları təklif edir.


Bəs görəsən səudiyyəlilər daha liberal cəmiyyət arzulayırmı?

İllər boyu rəsmilər cəmiyyətin mühafizəkar olduğunu deyib; hazırda belə bir təəssürat yaranır ki, onlar açıq, dinamik və texnologiya meyillidir.

Geniş ərazi boyunca yayılan əhali həm təcrübə, həm də ki, gəlir səviyyəsinə görə çox fərqlənir.

Bir milyonadək insan xaricdə təhsil alıb, əhalinin qalan hissəsi isə olduqca ənənəvi həyat tərzi ilə yaşamaqdadır.

Qadınların həyatına gəlincə, fərqlər daha qabarıq şəkildə nəzərə çarpır. Çünki onların oxumağı, işləməyi və səyahət etməsinə dair qərar himayəçi kişi qohumu tərəfindən verilir.

Jane Kinninmont-un fikrincə, texnologiya dövründə kinoteatrlara qadağa xüsusilə cəfəng görünür, çünki insanların çoxu filmləri internetdə seyir edir. Həmçinin ucuz reyslərlə qonşu Bəhreyn və Dubaya baş çəkənlər orada kinoya gedə bilər.

Saudi Airways şirkətinə məxsus təyyarələrin göyərtəsində filmlər göstərilir, hərçənd, açıq qol və yaxud da şərab kimi bəzi "qeyri-mütənasib görüntülər" toran görsədilir.

Kinoteatrlara qadağa yalnız ictimai fikrə əsasən qəbul olunmamışdı, o, nüfuzlu ruhaniləri də sakitləşdirməli idi.

Fotonun müəllifi Getty Images
Image caption Səudiyyə qadınları qısametrajlı film festivalında

Hakimiyyətlə ruhanilər arasında qeyri-rəsmi sövdələşməyə görə dini xadimlər əhalini itaətə çağırıblar.

Hazırda isə vaizlərin siyasi və ictimai rolu da dəyişməkdədir.

Dövlət tərəfindən təyin olunmuş ruhanilər vəzifələrində qalıb mühafizəkar baxışları izhar etsə də, siyasi liderlərin qərarlarına hörmətlə yanaşır.

2017-ci ildə baş müfti deyib ki, kinoteatrlar cinsləri bir araya gətirməyə həvəsləndirə, "biədəb və əxlaqsız" filmlər nümayiş etdirə bilər.

Hazırkı ölkə rəhbərliyi hesab edir ki, nüfuzlu ruhanilər siyasi cəhətdən təhlükə təşkil edə bilər. Hökumət vaizlərin qüdrət və nüfuzunun keçmişə nisbətdə azalacağına dair işarələr verir.

Rəsmi dəyərləndirmələrə görə, Yaxın Şərq bölgəsinə yollanan səudiyyə vətəndaşları ötən il ərzində əyləncə və qonaqlığa təqribən 30 mlrd. dollar xərcləyiblər ki, bu da ölkə ÜDM-nin 5 faizinə yaxındır.

Belə bir fikir səslənir ki, neft gəlirlərinin məhdudlaşdığı bir şəraitdə həmin vəsaitləri ölkəyə cəlb etməklə yeni iş yerlərini qurmaq olar.

Yeri gəlmişkən, ilk kinoteatrların sahibi də dövlət qurumu ilə beynəlxalq AMC şəbəkəsidir.

Yəni hakimiyyət kinoteatrlara izn verməklə kifayətlənmir, o, həmçinin oradan gəlir də əldə etmək niyyətindədir.

"Bəs niyə indi?" sualı əvəzinə sual belə səslənə bilər: "Bu, niyə belə uzun çəkdi?", - BBC-nin sifarişilə hazırlanan Jane Kinninmont-un təhlilində qeyd olunur.

Bu barədə daha geniş