Ermənistan: Mitinqlər paytaxtdan kənara çıxır

Etirazçılar Fotonun müəllifi epress.am
Image caption Yol boyunca bütün yaşayış məntəqələrindən etiraz hərəkatı lidri Nikol Paşinyanı qarşılamağa çıxırlar.

Ermənistanın ikinci şəhəri Gümridə Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz mitinqi başlanıb.

Gümridə mərkəzi meydana toplaşan minlərlə Gümri və ətraf yaşayış məntəqələrinin sakinləri meydanda qurulan tribunaya yaxınlaşan etiraz hərəkatının lideri Nikol Paşinyanı alqışlayırlar.

Növbəti mitinqin ölkənin ikinci şəhəri Gümridə keçirilməsini Serj Sarkisyan və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan paytaxtda cümə axşamı keçirilən mitinqdə elan edib.

"Yerevanda aksiyalar müvəqqəti dayandırılır. Qoy fəallarımız bir-iki gün istirahət edib güclərini bərpa etsinlər", - Paşinyan cümə axşamı Yerevan mərkəzindəki mitinqdə deyib.

Paşinyan Gümri mitinqində iştirak etmək istəyənləri bu gün öz minik maşınları ilə saat 15-də Yerevanın kənarında toplaşıb, oradan Gümriyə avtomobil yürüşü etməyə dəvət edib.

Fotonun müəllifi epress.am
Image caption Avtomobillər Nikol Paşinyanın çağırışı ilə Ermənistanın ikinci böyük şəhəri Gümri istiqamətində yürüşə qatılıb

Yüzlərlə avtomaşın Nikol Paşinyanın çağırışı ilə Yerevanın ikinci şəhəri Gümri istiqamətində yürüşə qatıldı.

Yol boyunca məskunlaşan kənd sakinləri Nikol Paşinyanın başçılıq etdiyi avtoyürüş iştirakçılarını sevinclə qarşılayır Bəzi kəndlərdə zurna-qaval çalır, avtomobil yürüşünü qarşılayanlar rəqs edirlər, hamı: "Nikol - baş nazir!" - səsləyir.

Diaspor "inqilabçıları" dəstəkləyir

Yerevan-Gümri avtoyürüşdə nümayişçiləri kanadalı kino aktrisa Arsinée Khanjian da müşayiət edir.

"System of a Down" ABŞ rok-qrupunun solisti Serj Tankian Facebook vasitəsilə birbaşa birləşmədə Respublika meydanında mitinq iştirakçıları ilə həmrəy olduğunu bildirib.

Bu gün Rusiya Erməniləri İttifaqı xüsusi müraciət yayaraq, "faktiki Ermənistan rəhbərliyini" hakimiyyəti "qalib gəlmiş inqilabın lideri Nikol Paşinyana" təhvil verməyə çağırıb.

"Bu hərəkətiniz Ermənistanda Ukrayna, Liviya və başqa ölkələrdə baş vermiş ssenarinin mümkün olmdığının bariz sübutu olar", - müraciətdə deyilir.

"Biz inanırıq ki, Nikol Paşinyan verdiyi sözünün sahibi olar, ölkədə demokratiyanı bərpa edər. Biz inanırıq ki, indən belə ölkədə hakimiyyət dəyişilməzliyi mümkün olmayacaq", - Rusiya erməni diaspor təşkilatının bəyanatında deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Ermənistandakı mitinqlər

Şənbə günü növbəti mitinq Vanadzor şəhərində keçiriləcək.

Paşinyan baş nazir vəzifəsini icra edən Karen Karapetyanı görüşə çağırır

Gümri şəhərinə yollanmazdan qabaq Nikol Paşinyan Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini icra edən, ERP sədr müavini Karen Karapetyanı bu gün saat 12-də "Mariott Armenia" mehmanxanasında görüşə dəvət edib.

Paşinyan bu barədə cümə axşamı mitinqdə bəyan edib.

Serj Sarkisyanın istefasından sonra Paşinyanla Karapetyan arasında ilk danışıqlar cəhdi baş tutmayıb. Karen Karapetyan etiraz hərəkatı liderinin danışıqlardan qabaq şərtlər irəli sürdüyü səbəbilə görüşdən imtina etmişdi.

Nikol Paşinyan birinci görüşün baş tutmadığını onunla izah edir ki, bəzi respublikaçılar Karen Karapetyanın onları təmsil etmədiklərini deyirdilər.

"Dünən onlar Serj Sarkisyanın iştirakı ilə partiya iclasını keçirib, ümumi məxrəcə gəliblər ki, danışıqlar aparmaq üçün Karen Karapetyana səlahiyyət verirlər. Bunu nəzərə alaraq, mən təklif etdiyimiz gündəlik çərçivəsində danışıqlar prosesinin ikinci raundunu keçirməyə hazıram", - Paşinyan deyib.

O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsini təklif edib: "Qoy ictimaiyyət nə müzakirə etdiyimizi bilsin".

"Biz Respublikaçılar Partiyası ilə danışıqları bağlı qapılar arxasında aparmayacağıq, xalqın gözü qabağında aparmalıyıq, çünki biz bəyan edirik ki, xalqdır hakimiyyət, xalqdır rəhbərimiz və biz atdığımız hər addım üçün rəhbərimizə hesabat verməliyik", - Paşinyan deyib.

"Ya mən, ya da heç kim..."

Paşinyan baş nazir vəzifəsinə xalq tərəfindən namizədliyinin irəli sürüldüyünü vurğulayaraq, parlament fraksiyalarının xalqın qərarına hörmətlə yanaşacağı və bu məsələdə konsensus əldə ediləcəyinə ümid etdiyini bildirib.

Paşinyanın sözlərinə görə, məsələ onun baş nazir olub-olmamasında deyil, Ermənistanda korrupsiyaya batmış, qeyri-demokratik sistemin ləğv edilməsindədir.

Onun sözlərinə görə, artıq bu gün müxtəlif məsələlərdə "sövdələşmə təklifləri, mesajları gəlir".

"Biz öz komandamızla müzakirə edib qərara gəlmişik ki, vəzifələr, portfellər ətrafında heç bir alver ola bilməz və xalq bilməlidir ki, biz heç bir xəlvəti sövdələşməyə getməyəcəyik.

Xalqdan gizli heç bir sövdələşmə olmayacaq. Ya xalqın tələbi, köməkliyi və dəstəyi ilə mən baş nazir seçiləcəyəm, ya da Ermənistanda ümumiyyətlə baş nazir olmayacaq", - Paşinyan bəyan edib.

Baş nazir seçkisini müzakirə etmək üçün parlamentin xüsusi iclası mayın 1-nə təyin olunub.

Namizədlər baş nazirin (Serj Sarkisyanın) istefasından sonra 7 gün ərzində irəli sürülməlidir.

Nikol Paşinyanın namizədliyini onun rəhbərlik etdiyi "Yelk" fraksiyası irəli sürüb. Hakim ERP-in namizədi hələ elan olunmayıb.

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etirazlar onu bu postdan istefa verməyə məcbur etmişdi.

Amma Sarkisyanın rəhbərlik etdiyi partiya hələ də hakimiyyəti əlində saxladığı üçün millət vəkili Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda yenidən etirazlar başlayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş