Ramzan Kadırov Mo Salah-dan "siyasi məqsədlə" istifadə edib

Məhəmməd Salah və Ramzan Kadırov Fotonun müəllifi AFP
Image caption Məhəmməd Salah-ın Çeçenistan lideri Ramzan Kadırovla çəkdirdiyi şəkli hüquq müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Çeçenistan lideri Ramzan Kadırov misirli futbol ulduzu Məhəmməd Salahla birgə şəkli çəkdirməklə özünə "siyasi kapital" qazanmaq məqsədini güdüb, futbolda diskriminasiyaya qarşı beynəlxalq qurum bildirir.

Fare Network təşkilatına əsasən Misir millisinə Çeçenistanda təlim-məşq bazası ayıran FİFA "səhvə" yol verib.

Londondan mənzillənən qurumun rəhbəri bu barədə BBC Sport saytına müsahibəsində deyib.


"FIFA təlim-məşq bazasını Çeçenistanda yerləşdirməklə böyük səhvə yol verib", - Piara Powar deyib.

Onun sözlərinə görə Çeçenistanda bazanın yerləşdirilməsi barədə narahatlıqlar FİFA-ya çoxdandır ki, məlum idi.

Ramzan Kadırov Misir millisinin respublikaya gəlişindən cəmi bir neçə saat keçmiş qonaqlarla şəxsən görüşüb.

Bu ilin əvvəlində cənab Kadırov insan hüquqlarının pozulması ilə bağlı ittihamları rədd edib.

Fotonun müəllifi AFP
Image caption Mo Salah Liverpool-da aldığı çiyin travmasından sonra meydanda məşq edərkən nəzərə çarpıb.

O, Çeçenistandakı geylərə qarşı işgəncə və qətllər barədə xəbərləri "uydurmalar" kimi səciyyələndirib.

İnsan hüquqlarının müdafiəsi üzrə Londonda mənzillənən daha bir qrup - Amnesty İnternational deyib ki, Salah-la birgə şəkil Kadırovun imicinin idman vasitəsilə yaxşılaşdırılmasına xidmət edən cəhddir.

"Ramzan Kadırov Mo Salah-a bir foto-fürsət kimi baxır, bu arada Liverpool və Misirin futbol azarkeşləri xoş görünən fotonun arxasındakı həqiqətlərə baxmalıdırlar", - Amnesty-nin departamentin başçısı Allan Hogarth deyib.

"Çeçenistanda jurnalist, gey zənn edilənlər və insan hüquqlarını müdafiə edən hər bir fəal real təhlükə ilə üzləşir".

Təşkilat bildirir ki, Mo Salah-la çəkilmiş şəkil insan haqlarına dair bərbad vəziyyəti dəyişdirməyəcək.

Bu barədə daha geniş