İsrail və İran Erdoğanın qələbəsinə niyə sevinir?

Türkiyə Fotonun müəllifi Getty Images
Image caption Erdoğan seçki axşamı tərəfdarları qarşısına çıxıb.

Iran,Türkiyə və İsrail illər boyu regionda bir-biri ilə rəqabət aparır.

Türkiyə lideri Recep Tayyip Erdoğanla Yerusəlim (Qüds) və Tehran administrasiyaları arasında ədavət diplomatik böhranlara və regionda qeyri-sabitliyə səbəb olub.

Görəsən, Türkiyənin "yeni sultanı" adlandırılan Erdoğanın növbəti müddətə prezident seçilməsinə İranın və İsrailin münasibəti necədir?

Yerusəlimdə (Qüds) reaksiya

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə prezidenti Erdoğan 2018-ci il aprelin 1-də İsrailin baş naziri Benjamin Netanyahu-nu terrorçuluqda ittiham edib.

Yaxın keçmişdə Erdoğan Israili torpaq işğal edən terrorçu dövlət adlandırmışdı.

İsrael fələstinlilərlə rəftara görə kəskin pislənmişdi, İsrailin Ankaradakı səfirindən isə may ayında Qəzzada baş vermiş qanlı etirazlardan sonra Türkiyəni tərk etmək xahiş olundu.

Lakin regional təhlilçilərə əsasən, ikitərəfli münasibətlərdə mülayimləşmənin başlaması uzaqda deyil.

"Türkiyə həmişə İsrail üçün mühüm əhəmiyyət kəsb edib və əksinə....", - mərkəzçi mövge tutan Yediot Aharonot qəzetinin əməkdaşı Smadar Peri deyir.

Əslinə qalsa, ikitərəfli münasibətlər həmişəki kimi davam edib, beləki, son aylar ikitərəfli iqtisadi münasibətlər üçün təsirsiz keçib.

Türkiyədə İsrail məhsulları rəsmi boykota məruz qalmayıb, ticarət sazişləri isə ləğv olunmayıb.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə prezidenti Erdoğan tez-tez Israili tənqid edir və Fələstin prezidenti Mahmud Abbası dəstəkləyir.

Bu radikal tədbirlər Türkiyə siyasətində müzakirələr mövzusu olub və Erdoğanın əsas rəqibi olan CHP namizədi Muharrem İnce tərəfindən dəstəklənib.

Digər bir partiya isə, kürdpərəst HDP hətta İsraillə bütün iqtisadi əlaqələri kəsməyə çağırıb - bu çağırışı CHP də dəstəkləyib.

Seçkidəki rəqiblərindən fərqli olaraq, Erdogan və onun AKP partiyası iqtisadi məsələlərdə nəzərəçarpan dərəcədə İsrailin əleyhinə daha az qərəz göstərib.

İsrailin Haaretz qəzeti Turkiyədəki seçkilər ərəfəsi qeyd etmişdi ki, "İsraillə Türkiyə arasında diplomatik böhran başlayandan bir neçə gün sonra AKP İsrail dövlətilə bütün əvvəlki sazişlərin ləğv edilməsini və iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə təsdiqlənməsinə yol vermədi".

Erdoğan və AKP İsrailə qarşı sərt ritorikadan istifadə edə bilərdlər, lakin İsrail bilir ki, bunun iki ölkə arasında iqtisadi əlaqələrə təsiri olmayacaq.

Bu arada, Qərb Sahilində Fələstin prezidenti Mahmud Abbas da Erdoğanı onun seçki qələbəsi ilə bağlı təbrik edib və Türkiyəyə yeni uğurlar, tərəqqi və sabitlik arzulayıb.

Tehran "məmnunluq" bildirib

Fotonun müəllifi Getty Images
Image caption Iran prezidenti Həsən Ruhani, Türkiyə prezidenti Erdoğan və Rusiya prezidenti Vladimir Putin.

Iran prezidenti Həsən Ruhanit türkiyəli həmkarını birincilər sırasında təbrik edib.

Rəsmi təbriknaməsində Ruhani "məmnunluq və razılıq hissilə" Erdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Bu hissi İran prezidenti iki ölkə arasında "möhkəm tarixi, mədəni və dini bağlılıq" amili ilə əsaslandırıb.

Ruhaninin belə münasibət göstərməsinin səbəblərindən biri o ola bilər ki, Erdoğanı İran prezidenti, öz kimi, İsrail əleyhdarı və fələstinlilərin müdafiəçisi sayır.

"Erdoğan mötədil islamçı sayılır. O, İran üçün mühüm sayılan islami ehkamlara sadiqdir; onun lazımi səriştəsi var", - BBC Fars Xidmətindən İbrahim Xəlili qeyd edib.

Fotonun müəllifi Getty Images
Image caption Iran prezident Erdoğanı, o çümlədən, onun xanımı ictimaiyyət qarşısına hicabda çıxdığına görə də, İslam ənənələrinə sadiq olan bir lider kimi qəbul edir.

BBC təhlilçilərinin qeyd etdiyi kimi, əvvəllər Suriya məsələsinə görə Türkiyə ilə İran arasında gərginlik müşahidə olunsa da, Suriya münaqişəsinin sonrakı mərhələlərində Türkiyə, İran və Rusiya yaxınlaşaraq maraqlarını uzlaşdırıblar.

Regionun qalan ölkələrini peşman edərək, Rusiya, Türkiyə və İran üçlük cəbhə qurub Suriya prezidenti Bəşər əl-Əsədi dəstəklədilər.

İran prezidenti eləcə də ümidvar olduğunu bildirib ki, iki ölkə arasında münasibətlər Erdoğanın növbəti prezidentliyi dövründə daha da dərinləşəcək.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ ilə razılıq əsasında kürd qüvvələrindən əraziləri təmizləmək məqsədilə Türkiyə qoşunları Suriyada keşik çəkir.

Xəlilinin sözlərinə görə, Iran, iqtisadiyyatının inkişafı üçün Türkiyənin necə yaxşı regional tərəfdaş olduğunu unutmayıb.

"ABŞ sanksiyaları dövründə Türkiyə İrana kömək edib, - Xəlili qeyd edib, - onun bank sisteminə məhdudiyyətlərdən yan keçməyə imkan verib, İrana dollarlar və qızıla yol açıb".

Xəlili Erdoğanın baxışlarını İranın planlarına uyğunlaşdıran daha bir amilə diqqət yetirib: Səudiyyə Ərəbistanının regionda təsir göstərmək istəyinə Türkiyənin qarşı çıxması.

Erdoğan açıq şəkildə Səudiyyə Ərəbistanın İraq və Suriyadakı vəziyyətə qarışmasının əleyhinədir.

Türkiyənin bu mövqeyi İranın Səudiyyəyə qarşı münasibətilə üst-üstə düşür.

Bu barədə daha geniş