"Bakıda Əfqanıstanda sülh üçün Talibana əl uzadılıb"

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, Alice Wells
Image caption ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, Alice Wells

"Bakı görüşündə Əfqanıstanda sülhün bərqərar olması istiqamətində Talibana əl uzadılıb".

Bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, Alice Wells Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Xanım Wells Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin daxil olduğunu və onların Əfqanıstan sülh prosesinə və prezident Ashraf Ghani-nin bu sahədə gördüyü işlərə dəstək verdiyini bildirib.

ABŞ rəsmisi bildirib ki, bu görüşlərin əvvəlkilərdən əsas fərqi Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə ediləndən sonra keçirilən ilk görüş olmasındadır.

"ABŞ prezident Ghani-nin atəşkəs təşəbbüsünü alqışlayır. ABŞ Dövlət Katibi Mike Pompeo bəyanatında bildirmişdi ki, ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək. Dünən ABŞ da daxil olmaqla beynəlxalq icmanın təmsilçiləri Taliban-a sülhün bərqərar olması istiqamətində əl uzadıb. İndi Taliban buna cavab verməlidir", Xanım Wells söyləyib.

Xanım Wells "Biz Bakı görüşündə də sülhə və prezident Ghani-nin sülhün bərqərar olmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik", deyib.

O, ABŞ-ın Azərbaycan və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə minnətdar olduğunu bildirib.

Xanım Wells vurğulayıb ki, hərbi mövcudluqla yanaşı Əfqanıstanın iqtisadi cəhətdən inkişafına yardım göstərmək və regiona inteqrasiyasına yardım etmək vacibdir.

"Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. "Lapis Lazuli" ticarət dəhlizi beş dövlət tərəfindən qəbul edilən və Əfqanıstanın iqtisadi inkişafına təkan verən təşəbbüsdür və Azərbaycan da təşəbbüsdə böyük rol oynayır", - xanım Wells söyləyib.

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hekmat Karzai, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alice Wells və 60-a yaxın ölkənin nümayəndələri iştirak edib.

Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

Bu barədə daha geniş