Ali Məhkəmə İlqar Məmmədovun işini yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıb

Ilqar Məmmədov

Şəklin mənbəyi, AVROPA ŞURASI

Ali Məhkəminin Plenumu ReAL partiyasının həbsdə olan sədri İlqar Məmmədovla bağlı məhkəmə qərarını ləğv edərək işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Bunu BBC News Azərbaycancaya onun vəkili Fuad Ağayev bildirib. O, bu qərarın iyunun 29-da çıxarıldığını deyib.

"Bununla ikinci dəfədir ki, Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun işini Şəki Apellyasiya Məhkəməsinə göndərir", ReAL üzvü Erkin Qədirli deyib.

O, BBC News Azərbaycancaya açıqlamasında qeyd edib ki, hələ 2014-cü ildə Ali Məhkəmə Avropa Məhkəməsinin qərarı əsasında İlqar Məmmədovla bağlı birinci instansiyanın verdiyi qərarı ləğv edib, işi Şəki Apellyasiya Məhkəməsinə göndərib: "O vaxt Apellyasiy Məhkəməsi özündən üstün instansiyanın - Ali Məhkəmənin ləğv etdiyi qərarı yenidən qüvvədə saxladı".

2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.

"Əslində Ali Məhkəmə özü də İlqar Məmmədovun azadlığa buraxılmasına qərar verə bilərdi, amma yenə də işi uzatdılar", Erkin Qədirli belə düşünür.

Şəki Apellyasiya Məhkəməsinin işə nə zaman baxacağı bəlli deyil, vəkil Fuad Ağayev deyir ki, prosedur bir müddət çəkə bilər.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov BBC News Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı ayrıseçkilikdir.

İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.

İlqar Məmmədov İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.

2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.

İlqar Məmmədovla bərabər eyni ittihamla saxlanmış Müsavat başqanının keçmiş müavini, İsmayıllı hadisələrinə görə 5 il həbs cəzası almış Tofiq Yaqublu 2016-cı ildə prezidentin əfv fərmanı ilə azad edilib.