Cinsi yolla yayılan MG infeksiyası "superinfeksiyaya" çevrilməkdədir

man with a condom Fotonun müəllifi Getty Images

Ekspertlərin xəbərdarlıq edirlər ki, haqqında az bilgi məlum olan və seksual kontakt yolu ilə yayılan infeksiya növbəti superinfeksiyaya çevrilə bilər.

Mycoplasma genitalium (MG) çox vaxt simptomsuz olur, lakin çox vaxt çanaq iltihabı xəstəliyinə və, nəticədə, qadınlarda qısırlığa səbəb ola bilər.

MG infeksiyası düzgün müalicə olunmayanda antibiotiklərə qarşı davamlılığı güclənə bilər.

Britaniya Seksual Sağlamlıq və İİV Assosiasiyası (BASHH) MG infeksiyasının aşkar edilməsi və müalicəsinə dair yeni təlimat yayıb.

MG nədir?

Mycoplasma genitalium kişilərdə uretrada (sidik kanalında) iltihab doğura bilən bakteriyadır, penisdən ifrazatın gəlməsinə səbəb olur və işəmə prosesini ağrıverici edir.

MG qadınların da reproduktiv orqanlarında (uşaqlıq və uşaqlıq boruları) iltihab doğuraraq ağrı, müəyyən hallarda isə hərarət və qanaxmaya səbəb ola bilər.

Bu infeksiyaya xəstəlik daşıyıcısı ilə prezervativsiz seksual əlaqəyə girərkən yoluxmaq mümkündür.

Prezervativdən istifadə edildikdə isə bu infeksiyaya tutulmağın qarşısı alına bilər.

Bu infeksiya ilk dəfə Britaniyada 1980-ci illərdə aşkar olunub və güman edildiyinə görə, o, əhalinin 1-2 faizi arasında yayılıb.

MG heç də həmişə simptomlarla özünü göstərmir və müalicəyə ehtiyac olmur, lakin bu infeksiyaya bəzən fikir verilmir və ya o, seksual yolla yayılan xlamidiya kimi digər infeksiyalarla səhv salınır.

BASHH bu tendensiyanı narahatedici adlandırıb.

MG infeksiyasına qarşı testlər yaradılıb lakin hələlik onlar bütün klinikalarda tətbiq olunmayıb.

Bununla belə həkimlər analiz nümunələrinin testdən keçirilməsi üçün İngiltərə Dövlət Səhiyyə laboratoriyasına göndərə bilərlər.

Bu xəstəlik antibiotiklərlə müalicə oluna bilər, lakin bəzi dərmanlara qarşı infeksiyanın müqaviməti yarana bilər.

"Prezervativ ehtiyatı"

MG infeksiyasının makrolidlər qrupuna aid antibiotiklərlə müalicə edilməsi bütün dünya boyu müalicə olunma əmsalının azalması ilə müşayiət olunur.

Təlimatda qeyd olunduğuna görə, MG infeksiyasının makrolid antibiotiklərinə müqaviməti Britaniyada 40 faiz təşkil edir.

Makrolid antibiotiklərinin bir növü - azitromitsin (azithromycin) - bir çox hallarda öz səmərəliyini göstərir.

BASHH üzvü və seksual xəstəliklər üzrə ekspert, doktor Peter Greenhouse insanları ehtiyatlı olmağa çağırıb.

"Əhali MG infeksiyasından xəbərdar olmalıdır, - o deyib. - Yay məzuniyyətinə yolla düşəndə prezervativ ehtiyatını da yaddan çıxarmamaq və ondan istifadə etmək lazımdır".

"Nəzarət xaricində"

Təlimat müəlliflərindən biri olan Paddy Horner deyir ki, "təlimatda simptomları olanlara dəqiq MG testlərindən keçmək, düzgün müalicə olunmaq və dəqiq olaraq sağaldıqlarını təsdiq etmək məsləhət görülür"

"Qısırlıq qazanmaq riski altında olan qadınlara diaqnostika və antimikrob müqaviməti testlərini təmin etmək üçün təcili olaraq resurslar gərəkdir", - Paddy Horner deyib.

Onun sözlərinə görə. xəstəlik artıq nəzarətdən çıxır və bu səbəbdən hökumətdən dövlət vəsaitlərinin bu işə ayrılması xahiş olunur.

İngiltərənin İctimai Səhiyyə (PHE) təşkilatı bildirib ki, MG infeksiyasına qarşı testlərdən vətəndaşların keçməsi üçün imkan yaradılıb.

PHE qurumunda məsləhətçi-mikrobioloq doktor Helen Fifer təlimatla bağlı deyib: "Seksual yolla qazanılan infeksiya simptomları özünü göstərəndə yerli seksual sağlamlıq dispanserlərində analiz verməyə məsləhət görürük".

"Prezervativlərdən istifadə etməklə hər bir insan özünü seksual infeksiyalardan qoruya bilər", - Helen Fifer deyib.

Bu barədə daha geniş