Trump Putinlə birlikdə ABŞ kəşfiyyatına qarşı durur

Donald Trump and Vladimir Putin at Helsinki summit. 16 July 2018 Fotonun müəllifi EPA

ABŞ prezidenti Donald Trump, Rusiyanı 2016-cı il ABŞ prezident seçkisinə müdaxilə iddialarından müdafiə edib.

Rusiya prezidenti Vladimir Putinlə ilk xüsusi görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında, cənab Trump ABŞ kəşfiyyat orqanlarının bəyanatlarına zidd mövqe tutaraq Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmələrinə "heç bir səbəb" görmədiyini deyib.

Öz növbəsində, Vladimir Putin də Rusiyanın heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etmədiyini təkrarlayıb.

İki lider bazar ertəsi günü Finalndiyanın paytaxtı Helsinkidə iki saata yaxın qapalı qapılar arxasında görüş keçiriblər.

Prezident Trump - daha çox öz kəşfiyyat orqanlarına, yoxsa prezident Putinə inandığı sualına - bilavasitə cavab vermək əvəzinə deyib:

"Adamlar yanıma gəldi, Dan Coates [Milli Kəşfiyyat direktoru] yanıma gəldi və digərləri, dedilər ki, onlar bunu Rusiyanın etdiyini düşünürlər. Prezident Putin bunu Rusiyanın etmədiyini deyir. Mən onların bunu niyə edəcəyinə bir səbəb görmürəm."

ABŞ kəşfiyyatı elə hesab edir ki, Rusiya dövlət səviyyəsində qəbul edilmiş bir qərarla cənab Trump-ın xeyrinə ABŞ seçkilərinə təsir göstərib. İddia olunur ki, Rusiya bu təsiri sosial media və kiberhücumlar vasitəsilə edib.



Cümə günü ABŞ Ədliyyə Nazirliyi 12 Rusiya vətəndaşını ABŞ prezident seçkisinə müdaxilədə ittiham etdikdən sonra, bəzi ABŞ siyasətçiləri Trump-la Putinin görüşünün ləğvinə çağırış ediblər.

Bazar ertəsi günü keçirilən mətbuat konfransında, cənab Putin ABŞ seçkilərinə Rusiyanın iddia olunan müdaxiləsinə dair istintaqa rəhbərlik edən xüsusi prokuror Robert Mueller-i Rusiyaya dəvət edib.

Əvəzində, o, Rusiyanın da ABŞ-da olan və cinayətdə şübhəli bilinənləri cəlb etməyə eyni dərəcədə imkanlar istədiyini də qeyd edib.

Cənab Trump prezident Putinin ABŞ seçkilərinə müdaxilə iddialarını "çox güclü şəkildə təkzib" etdiyini deyib.

Fotonun müəllifi Reuters
Image caption Finlandiyada etirazçılar cənab Trump-ı görüşlərdə insan haqları mövzusuna toxunmağa çağırıblar

Mətbuat Konfransında nə baş verib?

Görüşdən sonra keçirilən mətbuat konfransında, prezident Putin prezident Trump-la söhbətində nüvə silahlarının yayılması məsələsinə toxunduğunu bildirir.

O, nüvə silahlarının yayılmasının və kosmosda yerləşdirilməsinin qarşısını almaq üçün iki ölkənin əməkdaşlıq etmələrinin mühüm olduğunu deyib.

Cənab Putin həmçinin Donald Trump-ı Şimali Koreya lideri Kim Jong-Un-la danışıqlara cəlb etməsindəki "xüsusi diqqətinə" görə alqışlayıb.

O, cənab Trump-la hər bir məsələdə razılaşmadığını deyib və Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsinə dair iddiaları rədd edib.

Prezident Putin deyib ki, "Rusiya dövləti" xarici seçkilərə "heç vaxt müdaxilə etməyib və etməyəcək də". O, prezident Trump-ın bu məsələni qaldırdığını əlavə edib.

Vladimir Putin cənab Trump-la söhbətində hər bir mövzuya toxunulmadığına baxmayaraq "ilk ətraflı görüşdən" razı qaldığını qeyd edib.

Öz növbəsində, prezident Trump danışıqları "bilavasitə, açıq və dərindən məhsuldar dialoq" kimi təsvir edib.

O, Rusiya ilə narazılıqları cənab Putinlə ətraflı müzakirə etdiyini, lakin həmçinin "radikal İslam terrorçuluğunun təhlükəsi" barədə də danışdığını və bu barədə cənab Putinlə birgə əməkdaşlıq etməyə razı olduqlarını vurğulayıb.

Donald Trump onun bu görüşü keçirməsinə dair tənqidlərə qarşı bunu deyib:

"Hətta Soyuq Müharibənin təyziqli vaxtları... ABŞ-la Rusiya güclü dialoqu təmin edə bilmişdilər. Lakin bizim əlaqələrimiz heç vaxt hazırki qədər pis olmayıb. Amma bu dörd saat əvvəl dəyişdi."

O, deyib ki, "ünsiyyəti rədd etməkdən asan bir şey yoxdur" və iddia edib ki, bu "tənqidçiləri, medianı və müxalifəti" razı salsa da, o bu riski atmağa hazırdır.

"Prezident olaraq mən həmişə amerikalıların və Amerikanın xeyrinə olanı hər şeydən üstün tutacam", o əlavə edib.

Cənab Trump Rusiyanın ABŞ prezident seçkisinə iddia olunan müdaxiləsi məsələsini söhbətdə qaldırdığını təsdiqləyib.

Lakin, o, həmçinin istintaqın "bizi bir-birimizdən uzaq saxladığını" deyərək, ABŞ-ı "ağılsız" olmaqda ittiham edib.

"Məncə Birləşmiş Ştatlar ağılsız olub, biz hamımız ağılsız olmuşuq. Bu istintaq ölkəmiz üçün faciədir, bu bizi bir-birimizdən uzaq saxlayıb. Heç bir əməkdaşlıq olmayıb", o, əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption İki liderin görüşünə yalnız tərcüməçiləri şahid olub

Cənab Putin bir daha ABŞ-da xüsusi prokuror Robert Mueller-in rəhbərlik etdiyi istintaqa toxunaraq, deyib ki, "bu cəfəngiyyatdır".

O, 1999-cu ildə Rusiya və ABŞ arasında ekstradisiya razılığını xatırladaraq, bildirib ki, "O, [Robert Mueller] bu razılıqdan istifadə edərək bizə rəsmən müraciət edə bilər və biz onun cinayətlə əlaqələri olduqlarını düşündüyü bu şəxsləri dindirə bilərik. Bizim hüquq mühafizə orqanlarımız bunu edə bilər".

Prezident Trump - daha çox öz kəşfiyyat orqanlarına, yoxsa prezident Putinə inandığı sualına - bilavasitə cavab vermək əvəzinə deyib:

"Adamlar yanıma gəldi, Dan Coates [Milli Kəşfiyyat direktoru] yanıma gəldi və digərləri, dedilər ki, onlar bunu Rusiyanın etdiyini düşünürlər. Prezident Putin bunu Rusiyanın etmədiyini deyir. Mən onların bunu niyə edəcəyinə bir səbəb görmürəm."

ABŞ-dan tənqidlər

Cənab Trump-ın bu sözləri ABŞ-da kəskin şəkildə tənqid olunub.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, John Brennan, Twitter-də yazıb ki, "Donald Trump-ın Helsinkidə mətbuat konfransındaki çıxışı "ağır cinayətlər və yaramazlığın" səddinə çatıb və onu aşıb. Bu xəyanətdən başqa bir şey deyil. Trump-ın sözləri nəinki kəmağıldır, o, tamamilə Putinin cibindədir. Respublikaçı vətənpərvərlər haradasınız???"

Demokratların lideri Nancy Pelosi isə tvitində deyib ki, "Bir neçə gün əvvəl, 12 rusiyalı bizim demokratiyamıza qarşı hücum etdiklərinə görə rəsmən ittiham olunublar.

"Bu gün isə Amerikanın üzdəniraq lideri utanverici bir şəkildə bu hücumun arxasında duran adama qarşı möhkəm dura bilməyib. Həqiqətəndə, Putinin Trump üzərində nəyi var ki, Trump ondan bu qədər qorxur?"

Cənab Trump-ın öz partiyasından Arizona ştatı senatoru Jeff Lake isə Twitter-də deyib:

"Mən heç vaxt düşünmürdüm ki, o günü görəcəm ki, Amerika prezidenti Rusiya prezidenti ilə səhnə paylaşsın və Rusyia aqqresiyasına görə Birləşmiş Ştatları təqsirləndirsin. Bu utancvericidir."

Bu barədə daha geniş