Trump Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi haqda dediklərinə düzəliş edib

Putin, Trump, ABŞ-Rusiya, prezident seçkilərinə müdaxilə Fotonun müəllifi Getty Images
Image caption Helsinkidə Donald Trump və Vladimir Putin arasında görüş

ABŞ prezidenti Donald Trump əvvəlki açıqlamasından fərqli bir fikir səsləndirib: o, Amerika xüsusi xidmət orqanlarının "2016-cı il seçkilərinə Rusiyanın müdaxilə etdiyi" haqda olan nəticələrini qəbul etdiyini söyləyib.

Bazar ertəsi, Helsinkidə Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Trumpdan soruşublar ki, Amerikada seçkilərə Rusiyanın müdaxiləsi iddiaları ilə əlaqədar öz xüsusi xidmətlərinə və yoxsa Rusiya prezidentinə etibar edir?

"Prezident Putin dedi ki, bu, Rusiya olmayıb. Mən burada Rusiyanın müdaxiləsinə bir səbəb görmürəm",- Donald Trump suala cavabında belə deyib.

Onun bu fikirləri amerikalı siyasətçilər, jurnalistlər, o cümlədən təmsil etdiyi Respublikaçılar partiyasında kəskin tənqid olunub.

Bir gündən sonra, çərşənbə axşamı Trump Ağ Evdəki jurnalistlərə verdiyi açıqlamada dəqiq olmadığını və Rusiyanın seçkilərə müdaxilə etməməsi üçün bir səbəb görmədiyini bildirib.

"Mən "ola bilməz " əvəzinə "ola bilər" dedim",- Trump deyib. "Bu ifadə: "Rusiyanın seçkilərə müdaxilə etməməsi üçün bir səbəb yoxdur" olmalı idi.

Prezident ABŞ kəşfiyyat orqanlarına tam güvəndiyini vurğulayıb.

Trump gələcək seçkiləri belə müdaxilədən qorumaq üçün tədbirlər görməyə söz verib. Bununla belə, prezident diplomatiyanı və Rusiya ilə əlaqələrin saxlanmasını düşmənçilik və münaqişələrdən üstün tutduğunu təkrarlayıb.

Bu barədə daha geniş