Kuba eynicinsli nikahları tanımaq üzrədir

Gey fəallar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Eynicinsli münasibətlər 40 il əvvəl dekriminallaşdırılsa da, qanun belə nikahları tanımayıb

Kuba parlamenti nikahı cinsindən asılı olmayaraq iki şəxsin ittifaqını tanıyan yeni Konstitusiya layihəsini təsdiq edib.

Üç aylıq məsləhətləşmələr müddəti ardınca qanun layihəsi ümummilli referenduma çıxarılacaq.

1976-ci ildə qəbul edilmiş Konstitusiya Kubada Makrsist-Leninist sosializminin qurulduğunu qeyd edir.

Əsas qanunun yeni redaktəsində "kommunizm" sözü yoxdur.

Bu xəbər, sosial şəbəkələrdə, xüsusilə də LGBT fəalları arasında alqışla qarşılanıb.

"Əladır. Mən çox şadam ki, gənclər bizim yararlana bilmədiyimiz bu nailiyyətin bəhrəsini görəcək", - öz seksual oriyentasiyasına görə iki il müddətinə əmək düşərgəsində cəza çəkən 70 yaşlı Pablo Navarro deyir.

"Mən toylarla heç maraqlanmamışam, lakin indi "bəlkə nikah bağlayım" deyə düşünürəm", - havanalı teatr rejissoru Yeandro Tamayo deyir.

"Əla xəbərdir! Kuba öz xalqına, hamı üçün nikah kimi, daha çox hüquqlar verməyə doğru gedir!", Gisela Stablun yazır.

Bu arada katolik kilsə, başqa ölkələrdə olduğu kimi, islahatları o qədər də rəğbətlə qarşılamır.

"Nikah qadın və kişi arasında ilahi möcüzədir", - Havanada dini fəalların sütünlara yapışdırdığı stikerlərdə yazılır.

Eynicinsli nikahlar barədə maddənin qanunda əks olunmasını 10 il bundan əvvəl Milli Cinsi Maarifləndirmə Mərkəzini (CENESEX) təsis etmiş prezident Raul Castro-nun qızı Mariella Castronun fəaliyyəti ilə bağlayırlar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Mariella Castro uzun illərdir ki, LQBT hüquqları uğrunda mübarizə aparır

2007-ci ildə CENESEX işə götürülmə vaxtı ayrıseçkiliyə zəmin yaradan qaydaların ləğvinə və gender keçidinin qanuniləşdirilməsinə nail olub.

Artıq 10 ildir ki, kubalı transgenderlər cərrahiyyədən keçərək cinslərini və pasportlarını dəyişdirmək haqqına malikdirlər.

2008-ci ildən Havanada gey-paradlar keçirilməkdədir.