Putinin Avstriya Xarici İşlər nazirinin toyunda iştirakı haqda mətbuat nə yazır?

Vladimir Putin və Karin Kneissl. Vyana, 5 iyun, 2018

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Karin Kneissl-in toyuna Vladimir Putinin dəvəti birmənalı qarşılanmayıb

Rusiya prezidenti Avstriya Xarici İşlər naziri Karin Kneissl-in toyunda iştirak etmək üçün Avstriyaya gəlib. Yerli mətbuat Vladimir Putinin toyda iştirakı ilə bağlı məqalələr dərc ediblər.

Qəzetlərdən bir neçəsində səfərin dəyəri və təhlükəsizlik tədbirləri və Kneiss-lin Putini dəvətini tənqid etməyən müxalifətçi siyasətçilər haqqında yazılara rast gəlmək mümkündür.

Siyasi əhəmiyyət

Mərkəzçi-sağçı qəzet Die Presse avqustun 16-sı sayında, Avstriya Xarici İşlər Nazirliyinin "Kneissl-in Putin ilə yaxınlığı nəticəsində doğacaq tənqidlərdən yayınmaq üçün" və mətbuatı Avstriyanın "xarici siyasi rolunun" dəyişməyəcəyi barədə əmin etmək üçün artıq işlədiyini yazıb.

Liberal qəzet Kurier avqustun 17-si, Kneissl-in Avstriya Azadlıq Partiyasının (FPOe) Rusiya ilə güclü münasibətləri olduğuna diqqət çəkib.

Belə ki, 2016-cə ilin dekabr ayında FPOe ilə Putinin Vahid Rusiya partiyası arasında imzalanan və yaxın əməkdaşlıq vəd edən razılıq buna bariz nümunədir.

Kurier əlavə edib ki, Putinin toyda iştirakı, Avstriyanın FPOe ilə birgə hakimiyyətdə olan "Avstriya Xalq Partiyasının məclis üzvləri arasında narazılığa" səbəb olub.

Qəzetdə həmçinin, Rusiya üzrə mütəxəssis Gerhardt Mangott-un fikirləri də yer alıb: FPOe və oxşar partiyalar Rusiyaya, Putinin "avtoritar liderlik tərzi" və anti-Amerika baxışı "xoş göründüyü" üçün və Vahid Rusiyanın dəyərləri ilə "Avropanın millətçi-mühafizəkar partiyalarının ümumi maraqlarının" üst-üstə düşdüyünə görə rəğbət bəsləyirlər.

Tənqidlər

Mərkəzçi-solçu müxalifət qəzeti Der Standard avqustun 17-si sayında, Avstriya Sosial Demokratik Partiyasının (SPOe) Avropa Parlamentində üzvü Evelyn Regnerin Kneissl-in toyuna Putini dəvətini tənqid edib, bunu "Avropa ölçülərinə provokasiya" adlandırıb və əlavə edib ki, Kneissl "Putinə qulluq etmək üçün özünə toy təşkil edir".

Məşhur mərkəzçi-sağçı gündəlik qəzet Kronen Zeitung avqustun 16-sı, Avstriya Yaşıllar Partiyasının Avropa Parlamentindəki üzvü Michel Reimonun səfər barədə fikirlərini dərc edib.

O deyib ki, Kneissl "dərhal istefa verməlidir", çünki o, Avstriyanı "Rusiya rejiminin Avropa İttifaqına uzanan qolu" kimi təqdim edərək "ölkənin yaxşı reputasiyasını korlayır".

Avstriya Xalq Partiyasının Avropa Parlamentindəki üzvü Othmar Karas isə, "bu cür şəxsi şənliyə siyasi don geydirməkdə" məqsədi anlamadığını söyləyib, amma cütlüyə "xoşbəxtlik" arzulayıb.

Səfərin xərcləri

Gündəlik azad qəzet Heute avqustun 16-sı yazıb ki, Putinin toyda iştirakını "şəxsi səfər" kimi qələmə verilsə də, avstriyalı vergi ödəyiciləri "təhlükəsizlik tədbirlərinə görə bir neçə yüz min avro xərclənəcəyini" gözləyə bilərlər.

Qəzet həmçinin iyun ayında Putinin Avstriyaya dövlət səfərinin ən az 423 min avroya başa gəldiyini qeyd edib. Lakin həmin gün hava qüvvələrinin xərcləri ola bilsin ki, rəqəmlərdə göstərilməyib.

İyulun 17-si ayrı bir məqalədə Heute, müxalif NEOS partiyasının Milli Məclis üzvü Stephanie Krisperin "bizim Xarici İşlər nazirinin şəxsi şənliyində bir avtokratin iştirakı üçün vergi ödəyiciləri pul ödəməməlidirlər" fikrini dərc edib.

Qəzet, digər müxalif partiya Liste Pilz-in Mili Məclis üzvü Bruno Rossmanın "hakimiyyət vergi ödəyicilərinin nə qədər axmaq olduğunu düşünür?" sualını da əlavə edib.

Mərkəzçi-sağçı gündəlik qəzet Die Presse, toyda təhlükəsizliyi "bir neçə yüz" polis və "özəl təhlükəsizlik şirkəti" qoruyacağını qeyd etsə də, heç bir mənbədən bunun vergi ödəyicilərinə neçəyə başa gələcəyi barədə məlumat toplaya bilmədiyini vurğulayıb.

Kneissl isə toy zamanı özəl təhlükəsizlik şirkətinin xərclərini qarşılayacaq, qəzet əlavə edib.