Çirkli hava "dərketmə qabiliyyətini zədələyir"

An Indian man and his family ride a bike during heavy dust and smog in New Delhi Fotonun müəllifi EPA
Image caption Dehli şəhərində ailə çirkli havadan qorunmağa səy göstərən zaman.

Uzun müddət ərzində çirkli hava ilə nəfəs alan insanlarin dərketmə qabiliyyəti zəifləyə bilər, Çində aparılmış yeni tədqiqatın nəticələri güman etməyə əsas verir.

Tədqiqatçılar hesab edir ki, havanın çirklənməsinin mənfi təsiri yaş artdıqca güclənir, təhsil və maariflənmə səviyyəsi aşağı olan yaşlı kişilərə çirkli havanın mənfi təsiri daha güclü ola bilər.

Alimlərə görə, məhz bu kateqoriyaya aid insanlar ev xaricində, açıq havada aparılan işlərdə daha çox iştirak edirlər.

ABŞ və Çinin qarışıq elmi qrupu 4 il ərzində 20 min adamın riyazi və danışıq qabiliyyətinin havanın təsiri altında necə dəyişdiyini izləyib.

Tədqiqatçılar əldə etdikləri nəticələrin qlobal miqyasda faydalı ola biləcəyinə ümid edirlər.

Alimlərin qeyd etdiyinə görə, indi bütün dünyada şəhər sakinlərinin təxminən 80 faizi çirkli hava ilə nəfəs alır.

Tədqiqat Pekin Universiteti ilə ABŞ-ın Yale Universiteti arasında əməkdaşlıq əsasında aparılıb - tədqiqat zamanı kükürd dioksidi, azot dioksidi və ölçüsü 10 mikrometrdən az olan hissəciklərin insanın beyninə təsiri araşdırılıb.

Dəm qazı, ozon və daha iri hissəciklər tədqiqatda nəzərə alınmayıb.

"Görünməz qatil" adlanan çirkli hava təxminlərə görə, hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.

Milli Elmlər Akademiyasının bülletenində bazar ertəsi dərc olunmuş tədqiqatın nəticələrində qeyd olunub ki, "havanın çirklənməsinin yaşlı kişilərə daha çox mənfi təsir göstərdəyinə dair sübutlar gətirilib".

Çirkli hava eləcə də Alzheimer və əqli zəiflik və ya demensiya kimi xəstəliklərə də səbəb ola bilər.

Əvvəlki tədqiqatlarda havanın çirklənməsinin tələbələrin dərketmə qabiliyyətinə təsiri araşdırılmışdı.

Alimlərə görə, havanı çirkləndirən maddələr insanın beyninə müxtəlif yollarala təsir edə bilər - zəhərləyici maddə beyin nahiyəsinə sızaraq birbaşa təsir göstərrə bildiyi halda, digər maddələr psixoloji təsir göstərərək depressiya riskini artırmış olur.


Dünya miqyasında havanın çirklənməsi statistikası

  • Hər il havanın çirklənməsindən təxminən 7 milyon insan ölür.
  • Havanın çirklənməsi 2016-cı idə dünyada 4,2 milyon insanın ölümünə səbəb olub.
  • Dünya əhalisinin 91 faizinin nəfəs aldığı hava Ümumdünya Səhiyyə Təşkilatının havanın təmizliyi standartlarına cavab vermir.
  • Dünyada havası ən çirkli olan 20 şəhərdən 14-ü Hindistan ərazisində yerləşir. Həmin siyahıda birinci yerdə Hindistanın şimalında yerləşən Kanpur şəhəridir.
  • Dünyada hər 10 adamdan 9-u çirkli hava ilə nəfəs alır.

Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı


Qeyd edilir ki, araşdırmanın nəticələri Çinə aid olsa da, inkişafda olan digər ölkələrdə də havanın çirklənməsi ilə bağlı vəziyyətə işıq sala bilər.

Müəlliflər qeyd ediblər ki, yoxsul ölkələrdə əhalisi 100,000-dən çox olan şəhərlərin 98 faizində havanın təmizliyi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi sanitar normalara cavab vermir.

Bu barədə daha geniş