Dəməşq: bombaların altında fəaliyyət göstərən bar
- Matt Wareham
- BBC

Somar Hazim 2013-cü ildə Suriyada gedən vətəndaş müharibəsinə görə otelini bağlamaq məcburiyyətində qalıb
Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri turizm elə böyük bir zərbə alıb ki, Somar Hazim Dəməşqdəki otelini bağlamaq məcburiyyətində qalıb.
Milyonlarla suriyalı ölkəni tərk etdiyi bir vaxt Somar işini itirməsinə baxmayaraq Dəməşqdə qalmağa üstünlük verib. O, 3 il əvvəl Suriya hökumətinin nəzarətindəki şəhərin keçmiş məhəlləsində bir bar açıb.
Bu ay Dəməşq dünyada ən az yaşanılacaq şəhər seçilsə də, Somar şəhərdə gecə həyatının canlandığını deyir.
Şəklin mənbəyi, Cosette
Somarın Cosette adlı barı hər axşam saat 7-də açılır və son müştəri gedənə qədər açıq qalır
Mərmilər altında içki
Somar 2015-ci ildə barını açan vaxt, 4 ildir davam edən vətəndaş müharibəsi səbəbiylə iş qurmağın nə qədər çətin olduğunu bilirdi.
"Müharibənin ortasında barı açanın kim olduğunu görmək üçün insanlar bura gəlirdi", BBC-ə danışan Somar deyir.
Somarın dostlarının çoxu müharibə davam etdiyi bir vaxt bara sərmayə qoymağın axmaqlıq olduğunu deyirdilər.
Somar da bunun bir qumar olduğunu qəbul edir. Lakin bu, ona pul qazandıran bir qumardır: "Mərmilər altında bara gedib içki içə bilərsiniz. Bir çox insan üçün bu çox cəlbedicidir".
Şəklin mənbəyi, Cosette
Cosette kokteylləri ilə məşhurdur
Yayın əvvəlində Rusiya qüvvələrinin köməyilə Suriya hökuməti müxalifətin nəzarətində olan son Dəməşq məhəllərini də ələ keçirib.
Somar hesab edir ki, Dəməşqdəki nisbi sabitlik şəhərin gecə həyatını özünə qaytarıb.
"Əvvəlcə üç və ya dörd bar var idi. İndi isə eyni küçədə ən azı otuz belə yer var", o deyir.
Şəklin mənbəyi, AFP
Dəməşqin bəzi məhəllələrinə müharibə nəticəsində böyük zərər dəyib (arxiv)
Suriyanın paytaxtında son yeddi illə müqayisədə həyat normal vəziyyətə gələ bilər. Amma müharibə hələ də bitməyib.
ABŞ, Suriya və İraqda hələ daha 20-30 minə qədər İD (Özünü İslam Dövləti elan edən qruplaşma) döyüşçüsünün olduğunu güman edir.
Somar isə nikbindir: "Dəməşqdə pis günlər keçirdik. Dəməşq müharibədən əvvəkli şəhərlə eyni deyil, lakin başqa bir şəhərə çevrilir".
Şəklin mənbəyi, Somar Hazim
Somarın Dəməşqdəki keçmiş oteli
Somar "turizm canlanan kimi" Dəməşqdəki otelini açacağna ümid edir.
"Hesab edirəm ki son yeddi ildə nə baş verdiyini unutmaq üçün zamana ehtiyacımız var. Məncə gələcək daha yaxşı olacaq", o deyir.