Özbəkistan: Məktəbdə "qısa yubka" qalmaqalı

Teacher in Uzbek school Fotonun müəllifi Uzbekistan TV 24
Image caption Sosial mediada reaksiyalar təhsil nazirini öz rəyini bildirməyə sövq edib.

Özbəkistanın təhsil naziri televiziya verilişində "qısa" yubkada sinfə gəldikləri üçün ittiham olunan müəllimələri müdafiə edib.

Uzbekistan24 televiziya kanalının Beynəlxalq Mətbuat Klubunun təşkil etdiyi verilişində bəzi müəllimələrin və tələbələrin "istədiyi kimi geyindiklərindən" söhbət gedib, deyilib ki, belə geyimlər yeniyetmə tələbələri diqqəti dərsə verməkdənsə, "gözlərini müəllimənin bədəninə zilləməyə" sövq edir.

Televiziya verilişinin müxbiri paytaxt Daşkənddəki məktəblərə gedərək müəllimələri və qız tələbələri lentə alıb.

"Şagirdlərə nümunə olmalı olan müəllimələrin əyin-başına baxın. Belə geyimdə dərs aparmaq olarmı?" - müxbirin reportajında bu sual qaldırılıb.

Çərşənbə günü efirə getmiş televiziya proqramında müxtəlif ictimai xadimlər "geyim qaydalarınnın çatışmazlıqlarından" söhbət açıb.

O cümlədən, bir həkim deyib ki, sıx paltar qısırlığa səbəb ola bilər.

Verilişin qonağı təhsil naziri Şerzod Şermatov deyib ki, məktəb uniformasına dair aydın qaydalar bu məsələ ilə bağlı narahatlığı aradan götürəcək.

Televiziya debatı formatında təşkil edilmiş həmin televiziya proqramı sosial mediada çoxsaylı tənqidi şərhlərə səbəb olub.

İstifadəçilər jurnalist etikasına məhəl qoyulmadığını və həddən artıq tələbkarlığa yol verildiyini qeyd ediblər.

"Biz Şimali Koreyaya çevrilirik. Ay jurnalistlər, - sizi həqiqətən də uşaqların gələcəyi narahat edirsə, Səmərqənddə məktəblərdə istiliyin, tualetlərin və dərsliklərin olmadığından yazın", - tamaşaçılardan biri şərhində yazıb.

"Alçaldılma"

Bundan sonra Nazir Şermatov iki gün əvvəl iştirak etdiyi verilişi Facebook səhifəsində pisləyib.

"Mədəni cəmiyyətdə insanların ictimaiyyət qarşısında alçaldılmasına yol vermək olmaz, xüsusilə biz uşaqlarla rəftar etdiyimiz zaman", - nazir yazıb.

Nazir müxbirlərə müraciət edərək deyib ki, "müəllimlərin gözdən salınmasına son qoyulmalı və müəyyən hörmət göstərilməlidir - biz artıq yaxşı müəllimlər çatışmazlığı yaşayırıq".

Sosial mediadakı şərhlərdə söylənilən fikirlərə həmahəng rəy bildirən nazir jurnalistləri əsas problemlər əvəzinə diqqəti "ikincidərəcəli məsələlərə" yönəltməkdə ittiham edib.

Şerzod Şermatovun məktəb təhsili sistemində problemləri etiraf etməsi və ictimaiyyəti düşündürən məsələlərə münasibətini bildirmək üçün sosial mediadan istifadə etməsi Özbəkistanda prezident Şavkat Mirziyoyev dövründə ehtiyatla da olsa aşkarlıq və hesabatlılıq siyasətinin tətbiq olunduğunu göstərir.

Şavkat Mirziyoyev 2 il bundan əvvəl prezident İslam Karimovun vəfatından sonra avtoritar siyasi sistemi olan Özbəkistana rəhbərlik etməyə başlayıb.

Fotonun müəllifi Uzbekistan TV24
Image caption Daşkənddə qadınlar müxtəlif dəbli geyimlərdə gəzirlər.

Bu barədə daha geniş