Elon Musk Tesla şirkətinin sədri vəzifəsindən gedəcək və cərimə ödəyəcək

Tesla CEO Elon Musk Fotonun müəllifi Reuters

Tesla-nın rəhbəri Elon Musk şirkətin özəlləşdirilməsinə dair tvitlərinə görə ABŞ nəzarətçi orqanı ilə sövdələşməyə nail oldub: o, şirkətə sədrlik vəzifəsindən gedəcək və cərimə ödəyəcək.

Bu qərarı Musk cümə axşamı günü ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının (SEC) ona qarşı məhkəmə iddiası qaldırmaq niyyətini bildirəndən sonra qəbul edib.

SEC iddia edir ki, Musk şirkətin qiymətli kağızları ilə bağlı fırıldaqçılığa yol verib.

Əldə olunmuş məhkəmədəyə qədər sövdələşmə çərçivəsində Musk Teslanın baş direktoru vəzifəsində qalacaq, lakin sədr vəzifəsini tərk edəcək və növbəti 3 il ərzində həmin vəzifəyə dönə bilməyəcək.

Elon Musk və Tesla eləcə də hərəsi $20 milyon cərimə ödəməli olacaqlar.

SEC hesab edir ki, şirkətin səhmlərini birjadan çıxarmaq barədə tvitlərilə Musk bilərəkdən investorları çaşdırıb, çünki sonradan bəyan etdiyi istiqamətdə heç bir addım atmayıb.

Avqustun 7-də Tesla şirkətinin rəhbəri öz Tvitter səhifəsində yazmışdı ki, şirkətin mülkiyyət formasını dəyişmək barədə düşünür və şirkətn səhmlərinin birja vasitəsilə alqı-satqısına son qoymaq istəyir. Musk eləcə də əlavə edib ki, şirkətin səhmləri xırda mülkiyyətçilərdən bir səhmin qiyməti $420 olmaqla alına bilər.

Bu məbləğ isə Tesla-nın səhmlərinin o dövrdəki bazar qiymətindən 20 faiz baha olub.

Musk-ın tvitlərindən sonra Tesla-nın səhmlərinin birja qiyməti 11% artıb, lakin ideyanın uğrsuz çıxdığı məlum olandan sonra səhmlərin qiyməti əvvəlkindən də aşağı səviyyəyə düşüb.

Bu barədə daha geniş