Səudiyyə Ərəbistanında qadınlara ‘musiqi alətində ifa edən kişi ilə evlənmək qadağandır’

File image showing a man playing an oud (4 January 2017) Fotonun müəllifi AFP

Səudiyyə Ərəbistanlı bir qadın, musiqi aləti ifaçısı sevgilisi ilə evlənmək üçün hüquqi mübarizədə məğlub olub.

Bank meneceri bu qadının qohumları onun müəllim sevgilisi ilə evliliyinə qarşı çıxıblar. Buna səbəb kimi müəllimin ud ifa etməsini göstəriblər: "dinə ziddir".

Qadının vəkilinə və yerli mediaya əsasən, aşağı instansiya məhkəməsi də eyni qərarı verib və hökm üzrə apelyasiya şikayəti irəli sürülüb.

Mühafizəkar müsəlman ölkələrində bəzi insanlar musiqini haram sayırlar.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanında səciyyəvi musiqi ənənəsi mövcuddur - əsas yeri ud tutur - ərəb və qərbli musiqiçilərin ictimai konsertlərinə icazə var.

Bank meneceri ilə müəllimin işi mediada həftəsonu vəkil Əbdül Rəhman əl-Ləhimin videonu Snapchat vasitəsilə müzakirəsindən sonra işıqlandırılıb.

O deyib ki, Qassim ərazisində yerləşən Unaiza-dan olan bir qadın iki il əvvəl ondan qardaşlarına qarşı iddia irəli sürməsini istəyib. Çünki onlar qadına "bir vaxtlar ud ifa etdiyi və buna görə də dindar hesab etmədikləri" kişi ilə ailə qurmağa imkan verməyiblər.

Qassim məhkəməsi qadının ailəsinin xeyrinə qərar qəbul edib. Okaz qəzeti hakimin sözlərindən sitat çəkib: "Elçi düşən kişi musiqi aləti ifaçısıdır və dini mənada qadına uyğun gəlmir."

Apelyasiya məhkəməsi də bu yaxınlarda hökmü təsdiq edib və son qərar qəbul olunub.

Cənab Lahimin sözlərinə əsasən, kişiyə məhkəmə qarşısında özünü müdafiə imkanı verilməyib.

Fotonun müəllifi Reuters
Image caption Səudiyyə Ərəbistanının ən populyar müğənnilərindən biri Məhəmməd Əbdu ictimai çıxışı zamanı

Qadın Okaz-a bildirib ki, həmin kişi ilə evlənmək fikrindən daşınmayıb və sevdiyi şəxsi mömin və yaxşı reputasiyalı şəxs kimi təqdim edib.

O, qərarın dəyişilməsi üçün ölkənin "daha yüksək səlahiyyətli instansiyalarına" - kral məhkəməsinə istinadən - müraciət edəcəyini söyləyib.

Cənab Lahimin videosu Səudiyyə Ərəbistanının sosial media məkanında qızğın müzakirələrə səbəb olub. Bəziləri məhkəməni krallıqdakı məcburi nikahların qarşısını almaq əvəzinə ailə qurmaq istəyən cütlüyə mane törətməkdə günahlandırıb.

Səudiyyə Ərəbistanının qəyyumluq sisteminə əsasən, yetkin yaşlı qadın kişi qəyyumunun - adətən əri, atası, qardaşı və ya oğlu olur - icazəsi olmadan pasport üçün müraicət edə bilməz, ölkədən kənara səyahət edə bilməz, dövlət təqaüdü hesabına xaricə təhsil ala bilməz, evlənə bilməz, hətta həbsdən çıxa bilməz.

May ayından bu yana qəyyumluq sisteminin ləğvini təbliğ edən qadın haqları fəallarından bəziləri saxlanılıb.

Bu barədə daha geniş